AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas-alim və publisist, Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Teymur Əhmədovun 90 illik yubileyinə həsr edilən onlayn elmi sessiya keçirilib.
Sessiyanı giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli açaraq akademiya rəhbərliyinin və müəssisə əməkdaşlarının təbriklərini yubilyara çatdırıb. Akademik İsa Həbibbəyli çıxışında bildirib ki, Teymur Əhmədov Azərbaycan ədəbiyyatşünaslıq elminin ağsaqqalıdır və onun yazdıqları ilkin mənbələrə söykənən ciddi mətnlərdir, özünəməxsus akademik üslubu ilə seçilir.
“Teymur Əhmədov nərimanovşünaslığı xüsusi elmi istiqamətə çevirib, qırx il bu istiqamətdə tədqiqatlar aparıb. O, Azərbaycan nərimanovşünaslığının yaradıcısı və ən görkəmli nümayəndəsidir. Onun yaradıcılığında faktla, mənbə ilə, arxiv sənədləri ilə, dövri mətbuatla işləmək mədəniyyəti var. Bu il Nəriman Nərimanovun iki cildliyini ortaya qoydu. “Nəriman Nərimanov” monoqrafiyasını təkmilləşdirib yenidən çap etdirdi. Həm də N.Nərimanov haqqında altı dildə tanıtma kitabı nəşr etdirib. Bunlardan başqa, Mirzə İbrahimov, Mir Cəlal Paşayev haqqında da sanballı tədqiqatların müəllifidir”, - deyə akademik İsa Həbibbəyli bildirib.
O, Teymur Əhmədovun 2020-ci ildə Ədəbiyyat İnstitutunun “İlin alimi” seçildiyini, həmçinin müəssisənin direktor müavini Əlizadə Əsgərli tərəfindən “Teymur Əhmədov: ədəbiyyat və mətbuat xadimi” kitabının nəşr olunduğunu diqqətə çatdırıb.
Sonra Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Əlizadə Əsgərli “Sənətkarın elmi pasportu seriyası”nda işıq üzü görən “Teymur Əhmədov: ədəbiyyat və mətbuat” kitabı haqqında iştirakçılara məlumat verərək, alimi təbrik edib.
Sessiyada filologiya elmləri doktoru, professor Şirindil Alışanlı “Professor Teymur Əhmədovun ədəbiyyatşünaslıq görüşləri”, filologiya elmləri doktoru Almaz Ülvi “Füyuzat” jurnalında Professor Teymur Əhmədovun türk dili və ədəbiyyatı haqqında görüşlərinə dair”, Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin elmi işçisi Fikrət Əhmədov “Professor Teymur Əhmədovun ədəbiyyatşünaslıq görüşlərində akademik Mirzə İbrahimovun rolu”, filologiya üzrə fəlsəfə doktoru, dosent Pərvanə Məmmədli “Professor Teymur Əhmədov və Cənubi Azərbaycan ədəbiyyatı”, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Şəfəq Nasir “Professor Teymur Əhmədov və Azərbaycan mətbuatı” adlı məruzələrlə çıxış ediblər.
Bundan başqa Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, professor Tahirə Məmməd, filologiya üzrə fəlsəfə doktoru, “Respublika” qəzetinin baş redaktor müavini Hümbət Musayev, “Füyuzat” jurnalının redaktoru Mübariz Yunis, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov, Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli çıxışlarında yubilyarın həyat və fəaliyyətinin müxtəlif tərəflərindən söz açıblar.
Sonda Teymur Əhmədov akademiya rəhbərliyinə və institutun kollektivinə ona belə yüksək qiymət verdikləri üçün təşəkkürlərini çatdırıb. “Taleyimin 60 ili Ədəbiyyat İnstitutu ilə bağlıdır. 60 ilin 30 ilini Nəriman Nərimanovun tədqiqatı ilə məşğul olmuşam. Mən 24 yaşımda bu məbədə gəlmək üçün yeddi il hazırlaşmışam. 1995-ci ildə Heydər Əliyev məni çağırıb “Respublika” qəzetinə baş redaktor təyin etdi. 25 ildir bu işdə çalışıram. “Füyuzat” jurnalının 100 illiyindən sonra onun davamı kimi mən jurnalı bərpa etdim”, - deyə T.Əhmədov söyləyib.
O, 90 illik yubileyini torpaqlarını düşmən işğalından azad etmiş Azərbaycanın vətəndaşı olaraq qeyd etməsi sevincinə görə cənab Ali Baş Komandana xüsusi təşəkkürlərini çatdırıb. Onun böyük diplomatiyasının nəticəsi olaraq Kəlbəcər və digər çətin coğrafiyaya malik rayonlarımızın bir güllə atılmadan, şəhid vermədən azad edilməsini əsl qələbə adlandırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.