Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  IMPORTANT EVENTS

Dilimizin tətbiq edildiyi sahələrə daimi nəzarəti gücləndirmək olduqca vacibdir
21.02.2025 10:40
  • A-
  • A
  • A+

Dilimizin tətbiq edildiyi sahələrə daimi nəzarəti gücləndirmək olduqca vacibdir

Dilimizin saflığının qorunması, ədəbi dilin normalarının gözlənilməsi məsələsi son dövrdə xüsusi aktuallıq kəsb edir və diqqət mərkəzindədir. Hər bir dilin lüğət tərkibinin inkişafında və zənginləşməsində həmin dilin daxili imkanları ilə yanaşı, alınma sözlər də çox önəmli rol oynayır. Başqa dillərdən söz almaq müasir dillərin zənginləşməsi üçün zəruri proses hesab edilir. Narahatlıq doğuran digər məsələlərdən biri də Azərbaycan dilinə əcnəbi söz və ifadələrin yersiz daxil edilməsidir.

Bu fikirləri açıqlamasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Təranə Şükürlü bildirib.

Azərbaycan dilinin lüğət tərkibi minilliklər ərzində formalaşıb və bugünkü günümüzə gəlib çatıb: “Alınma sözlər artıq bizim dilimizə uyğunlaşıb və doğmalaşıb. Ona görə də dil ilə bağlı təkliflər verən zaman ehtiyatlı olmaq lazımdır. Çünki bəzi alınma sözlər var ki, artıq “vətəndaşlıq hüququ” qazanıb”. Bu gün dilimizdə əcnəbi sözlərdən yersiz olaraq istifadə edilməsi əsas problemlərdəndir. Dil daim inkişafdadır və hazırda da dilə daxil olan, eləcə də yeni yaranan terminlər Terminologiya Komissiyası tərəfindən qeydə alınır, onların izahı verilir və bu da gələcəkdə olacaq terminoloji lüğət üçün bazadır. Hazırda orta məktəb dərsliklərində dildə sabitləşmiş terminlər öz əksini tapır.

Elə alınma sözlər var ki, onlar 5-6 il müddətində dildə oturuşur. Əcnəbi sözlər dilimizi həm zənginləşdirir, həm də korlayır”.

T.Şükürlü qeyd edib ki, Azərbaycan dilini yaşatmaq, onun ecazkarlığını qoruyub saxlamaq məsələsində ziyalıların üzərinə böyük məsuliyyət düşür: “Gəlin, yabançı sözləri dilimizə yamamaqla dilimizin saflığına, ahəngdarlığına xələl yetirməyək. Bu müqəddəs xəzinəni gələcək nəsillərə раk, təmiz formada ötürək! Azərbaycan dilini sevmək və sevdirmək vacib bir məsələdir. Dilə olan sevgi ailədən, bağçadan, məktəbdən başlayır və davam edir. Ona görə də ailələrimizdə doğma ana dilimizə sevgini formalaşdırmaq lazımdır. Ailələrimizdə Azərbaycan dilini uşaqlara sevdirmək üçün onların qavrayacağı bir formada uşaq nağılları, hekayələri, şeirləri oxunmalı və aşılanmalıdır.

Bu gün ali təhsil müəssisələrində Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənninin tədrisi dilimizə dövlətimizin atributlarından biri kimi dəyər verildiyini təsdiq edir. Bu fənnin tədrisinə də yeni tələblər səviyyəsində yanaşılıb.

Azərbaycan dili həm dil quruculuğu prosesinə, həm də dildə gedən prosesə hər zaman həssasdır. Dilimizi Vətənimiz kimi qorumalıyıq və sevməliyik. Ədəbi dilimizin qayda-qanunlarının pozulması halları da yayılıb. Bu, televiziya, radio kanallarında, internet resurslarında, dövri mətbuatda, reklamlarda və digər sahələrdə adi bir hala çevrilib. Ona görə də dilimizin tətbiq edildiyi sahələrə daimi nəzarəti gücləndirmək olduqca vacibdir. Dil qaydalarının pozulduğu sahələrdə ciddi və təsiredici tədbirləri həyata keçirmək gündən-günə öz əhəmiyyətini artırır.

Dilimizin qayğısına qalmaq, onun təəssübünü çəkmək hər kəsdən həm də vətəndaşlıq mövqeyi tələb edir. Təəssüflər olsun ki, bu mövqe dilə olan münasibətdə arzuolunan səviyyədə deyil. Ona görə də ədəbi dilimizin qayda-qanunları pozulur, onun imkanlarından düzgün istifadə olunmur.

Azərbaycan dili böyüyüb boya-başa çatdığım, varlığıyla öyündüyüm Vətənimin - Azərbaycan Respublikasının dövlət dilidir.

Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı fərmanlar doğma ana dilimizə diqqət və qayğının bariz nümunələridir. Bu fərmanlar hər bir vətəndaşa anladır ki, dilimizin saflığının qorunması, onun tətbiqi və inkişafı həmişə dövlətimizin diqqət mərkəzindədir”.

AzərTac

  • Share: