Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  CONFERENCES, ASSEMBLIES

06.03.2025 17:21
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunda Beynəlxalq Qadınlar Günü qeyd edilib

Coğrafiya İnstitutunda Beynəlxalq Qadınlar Günü qeyd edilib

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda Həmkarlar Təşkilatı və Qadınlar Şurasının təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd edilib.

Tədbirdə çıxış edən institutun baş direktoru vəzifəsini icra edən c.ü.f.d., dosent Zaur İmrani Coğrafiya İnstitutunun qadın kollektivini qadınlar bayramı münasibətilə təbrik edib, onlara ailə səadəti, elmi nailiyyətlər, bütün işlərində uğurlar arzulayıb. O, Azərbaycan qadınlarının istənilən sahədə böyük uğurlar qazandıqlarını, onların gözəl ailə sahibi olmaqla yanaşı, ölkənin ictimai-siyasi həyatında fəal rol oynadıqlarını, elmin, iqtisadiyyatın inkişafına əhəmiyyətli töhfələr verdiklərini, vətənə layiqli vətəndaşlar yetişdirməklə bərabər fədakar ana, vəfalı həyat yoldaşı olduqlarını diqqətə çatdırıb. Müəssisə rəhbəri ölkəmizdə qadınların səlahiyyətlərinin genişləndirilməsi, gender bərabərliyinin təmin olunması sahəsində görülən işlərdən danışıb, respublikamızın bir çox sahələrində çalışanların böyük bir hissəsi qadınların təşkil etdiyini xüsusi vurğulayıb.

Qadınlar Şurasının sədri c.ü.f.d. Solmaz Rzayeva institutun qadın əməkdaşlarını, xüsusi olaraq şəhid analarını  olmaqla respublikanın bütün xanımlarını Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib. Şura sədri institutun elmi və ictimai fəaliyyətində fəal iştirak edən xanımlarını, eləcə də yenicə müdafiə edərək elmi dərəcə almış gənc qadın alimləri fərqləndirərək onları Qadınlar Şurasının Fəxri fərmanı ilə təltif edib. Təltif edilənlər öz növbəsində minnətdarlıqlarını bildirərək, müəssisənin qadın əməkdaşlarını bu bayram münasibətilə  təbrik edib, öz ürək sözlərini çatdırıblar.

Qadınlar şurası tərəfindən təltif edilən institutun ilk ərazi təşkilatının sədr müavini Məhbubə Fətullayeva xüsusi çıxış edərək Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının keçirdiyi müxtəlif tədbirlərdə, eləcə də Milli Məclisə seçkilərdə və  bələdiyyə seçkilərində müşahidəçi qismində iştirak edən bütün qadın əməkdaşlara təşəkkürünü bildirib, onları bayram münasibətilə təbrik edib.

Tədbirin həmtəşkilatçısı institut Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı, kadrlar şöbəsinin müdiri Rəsul İsmayılov və Qadınlar şurasının keçmiş sədri, elmi işçi Luiza Salayeva çıxışlarında bildiriblər ki, bu il 8 Martın müqəddəs Ramazan ayına təsadüf etməsi bayram əhval-ruhiyyəsini bir daha artırır. Onlar bildiriblər ki, institut əməkdaşlarının 66 faizini təşkil edən qadınlar həyatda, cəmiyyətdə, ailədə olduğu kimi, institutun fəaliyyətində, elminin inkişafında da böyük rol oynayırlar.

Tədbirin sonunda qadın əməkdaşlarına hədiyyə təqdim edilib, onlara rəhbərlik adından can sağlığı, ailə xoşbəxtliyi arzulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: