Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  КОНФЕРЕНЦИИ, СОБРАНИЯ

12.02.2021 11:08
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlər beynəlxalq seminarda çıxış ediblər

Azərbaycanlı alimlər beynəlxalq seminarda çıxış ediblər

Türkiyənin Dokuz Eylül Universitetinin təşkilatçılığı, AMEA, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin iştirakı ilə “Liderlər toplantısı: distant təhsil və COVİD-19 pandemiyasının elm və ali təhsilə təsiri” mövzusunda onlayn seminar keçirilib.

Tədbiri Dokuz Eylül Universitetinin rektoru professor Nükhet Hotar açaraq Azərbaycanın elm və təhsil müəssisələri ilə əməkdaşlıq perspektivləri, pandemiya dövründə elmdə və ali təhsil sistemində həyata keçirilən tədbirlərin əhəmiyyətindən söz açıb, seminarın işində uğurlar arzu edib.

Dokuz Eylül Universitetinin prorektoru, professor Mehmet Ali Özcan “Əsas məsuliyyətlər baxımından pandemiya dövründə universitetlər – Dokuz Eylül Universiteti nümunəsində” mövzusunda çıxış edərək təmsil etdiyi qurumda pandemiya dövründə distant təhsil sahəsində aparılan işlər, tətbiq edilən yeni yanaşmalar, tələbələr üçün yaradılan imkanlar, əldə edilən nəticələr haqqında ətraflı məlumat verib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “COVİD-19 pandemiyası kontekstində Azərbaycanda elm və ali təhsil” mövzusunda məruzə edib. Alim 44 günlük Vətən müharibəsində qələbə münasibətilə iştirakçılara təbrikini çatdırıb. O Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının əhəmiyyətini vurğulayaraq, Türkiyə ilə əməkdaşlığın bütün sahələrdə, eləcə də elm və ali təhsil sahəsində arzuolunan səviyyədə olduğunu və yüksək templə inkişaf etdiyini qeyd edib. Akademik İ.Həbibbəyli COVİD-19 pandemiyası dövründə AMEA-nın müxtəlif elmi müəssisiələri tərəfindən aparılan elmi tədqiqat işlərini, xüsusilə biologiya və tibb, sosiologiya, iqtisadiyyat və coğrafiya elmləri istiqamətində əldə edilən mühüm nəticələri haqqında məlumat verib. Bu müddətdə onlayn formatda keçirilən bir sıra əhəmiyyətli beynəlxalq tədbirlər və müzakirələr, həmçinin distant vasitələrin tətbiqi yolu ilə fasiləsiz magistratura təhsilinin həyata keçirilməsini diqqətə çatdırıb.

Azərbaycan Tibb Universitetinin Elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Azərbaycan Dillər Universitetinin Tədris məsələləri üzrə prorektoru, professor Sevinc Zeynalova və Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris və təlim texnologiyaları üzrə prorektoru, dosent Anar Rzayev öz çıxışlarında pandemiya dövründə təhsil sistemində yaranmış çətinliklər və onların aradan qaldırılması üçün həyata keçirilmiş əhəmiyyətli tədbirlər, professor-müəllim heyəti üçün onlayn təhsil üzrə təşkil edilmiş təlimlər, mühazirələrin aparılması üçün tətbiq edilən yeni metodologiya və əldə edilən təcrübə, imtahanlar zamanı süni intellektdən istifadəyə dair ətraflı müzakirələr aparıblar, bu istiqamətdə təklif və tövsiyyələrini səsləndiriblər.

AMEA tərəfindən tədbirdə, həmçinin AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, AMEA-nın Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru  Esmira Əlirzayeva və idarənin Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri Bünyamin Seyidov iştirak edib.

Qeyd edək ki, 7 iyun 2019-cu il tarixində akademik İsa Həbibbəyli və professor Nükhet Hotar tərəfindən AMEA ilə Türkiyənin Doqquz Eylül Universiteti arasında Elmi Əməkdaşlıq haqqında Saziş imzalanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: