Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ИНТЕРЕСНАЯ ИНФОРМАЦИЯ

Arxeoloqlar Mərkəzi Afrikada Antik dövrə aid epidemiya izi aşkar ediblər
15.02.2021 10:52
  • A-
  • A
  • A+

Arxeoloqlar Mərkəzi Afrikada Antik dövrə aid epidemiya izi aşkar ediblər

Avropalı arxeoloqlar Mərkəzi Afrikada eramızın 400-600-cü illərində bantu xalqlarının böyük hissəsini məhv etmiş epidemiya izi aşkarlayıblar. Tədqiqatın nəticələri “Science Advances” jurnalında dərc edilib.

Belçikanın Gent Universitetinin professoru Kun Bostunun sözlərinə görə, üç min il əvvəl Mərkəzi Afrikada məskunlaşmış bantu xalqlarının ilk tayfaları eramızın 600-cü ilinə qədər Konqo çayı hövzəsinin bütün ərazisində, demək olar, tam yoxa çıxıb. Bu onu göstərir ki, hələ Avropadan qul alverçiləri və kolonistlər gəlməzdən əvvəl Afrika əhalisi həyatı təhdid edən böyük problemlərlə qarşılaşıb.

Tarixçilərin fikrincə, bantu xalqına aid tayfalar Konqo çayının hövzəsində və Mərkəzi Afrikanın digər regionlarında hələ Tunc dövründə məskunlaşıb və sonralar Afrika xalqlarının ən böyük dil qrupunu təşkil ediblər. Onların oturaq həyat tərzinə keçməsi, əkinçilik və dəmirçiliklə məşğul olması məsələləri alimləri çoxdan maraqlandırır. Arxeoloqlar, həmçinin bu xalqların əcdadlarının Afrikanın qərb hüdudlarından ekvatorial ərazilərə köçməsinin səbəbini və miqrasiyaların marşrutlarını müəyyənləşdirməyə çalışırlar. Məsələn, tədqiqatçıların bir çoxu bunu kəskin iqlim dəyişikliyi, digərləri isə antropogen amillərlə əlaqələndirir.

Professor Bostun və onun həmkarları Mərkəzi Afrikanın yüzlərlə guşəsindən aşkarlanmış minlərlə qədim keramika nümunələrini hərtərəfli tədqiq edərkən Antik dövrün sonunda Konqo hövzəsində yaşayan bantu xalqlarının əksər nümayəndələrinin məhvinə səbəb olan güclü epidemiya izini təsadüfən aşkar ediblər.

Alimləri əvvəlcə keramika istehsalının müxtəlif üsulları və bunların bantu tayfaları arasında necə yayılması maraqlandırırdı. Bunun üçün arxeoloqlar hər artefaktı bütün incəliyinə qədər öyrənərək radiokarbon tarixləndirmə üsulundan istifadə ediblər.

Bütün tapıntıların siyahısını tədqiq edən alimlər diqqət yetiriblər ki, qab-qacağın yalnız az bir qismi eramızın 400-1000-ci illərində - Avropada Antik dövr başa çatanda və “qaranlıq əsrlər” başlananda istehsal edilib.

Sonrakı analizlər göstərdi ki, bantu tayfaları mədəniyyətinin süqutu təqribən eramızın 400-600-cü illərində baş verib. Paleoklimatoloqların tədqiqatlarına görə, həmin dövrdə Afrikanın iqlimi kəskin dəyişərək daha rütubətli olub. Bu, regionda həm kənd təsərrüfatına təsir edib, həm də ərazidə xəstəliklərin yayılmasına şərait yaradıb.

AzərTac

  • Поделиться: