AMEA-nın Rəyasət Heyəti və Akademiyanın Qadınlar Şurasının birgə təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə onlayn tədbir keçirilib.
Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq Akademiyada fəaliyyət göstərən qadınlara AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin təbriklərini çatdırıb. Keçmişdən bu günədək tarix və ədəbiyyatda qadın mövzusuna toxunan akademik xanımların Azərbaycanın ictimai-siyasi, mədəni-iqtisadi həyatındakı rolunu yüksək qiymətləndirib. Qeyd edib ki, Vətən müharibəsində Azərbaycanın böyük qələbəsi, bu qələbədə Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti ətrafında yekdilliklə birləşən xalq məhz belə anaların yetirməsidir.
Azərbaycan qadınını Şərq-Qərb paralellərində nəzərdən keçirən akademik İsa Həbibbəyli modern cəmiyyət quruculuğunda xanımların üzərinə düşən vəzifələrdən, Azərbaycanın dünyada artan nüfuzu fonunda bu fəaliyyətin özünəməxsusluqlarından danışıb. Azərbaycan qadınının dövlət idarəetməsində roluna xüsusi toxunan akademik ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətini xanımlar üçün rol-model olaraq qiymətləndirib.
Daha sonra AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, akademik Nərgiz Axundova, AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov, AMEA Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə və Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli çıxış edərək 44 günlük Vətən müharibəsindəki qələbəmizə və bu qələbədə Ali Baş Komandan, Prezident İlham Əliyevin mühüm tarixi xidmətlərinə toxunublar. Bundan əlavə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ICESCO-nun təşkilatçılığı ilə bu ilin fevral ayında “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə keçirilən tədbirdəki önəmli çıxışı xatırladılıb. Həmçinin COVID-19-la mübarizədə qadınların fəaliyyətinin müxtəlif aspektlərindən söz açıblar.
Tədbirin sonunda elmi və ictimai fəaliyyətinə görə, Akademiyanın müxtəlif struktur bölmələrində işləyən 100-ə yaxın qadın əməkdaş AMEA-nın Fəxri fərmanı ilə təltif edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.