Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  КОНФЕРЕНЦИИ, СОБРАНИЯ

11.03.2021 11:01
  • A-
  • A
  • A+

Ümumrespublika elmi seminarında geoloji risklərin qiymətləndirilməsindən danışılıb

Ümumrespublika elmi seminarında geoloji risklərin qiymətləndirilməsindən danışılıb

AMEA-nın Geologiya və Geofizika İnstitutunda ümumrespublika elmi seminarı keçirilib. Seminar neft və qazın axtarış-kəşfiyyatı zamanı geoloji risklərin qiymətləndirilməsinə həsr edilib.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Akif Əlizadə  karbohidrogen resurslarının axtarış-kəşfiyyat işlərinin uzunmüddətli planlaşdırılması üçün geoloji risklərin qiymətləndirilməsində daha ətraflı və sabit yanaşmanın zərurətini qeyd edib və bu sahədə yüksək hazırlıqlı mütəxəssislərin tələb olunduğunu bildirib.

Seminarda geologiya-minerologiya üzrə fəlsəfə doktoru Elçin Bağırov məruzə ilə çıxış edib. O, bildirib ki, hər səviyyədə (hövzələr, çöküntü kompleksləri və ya ayrı-ayrı sahələrdə) geoloji risklərin keyfiyyətcə və kəmiyyətcə qiymətləndirilməsi üçün metodika hazırlanıb. Ana süxurların, rezervuar laylarının, flüidləri saxlayan etibarlı örtük laylarının mövcudluğu, rezervuarların kollektor xüsusiyyətləri, karbohidrogenlərin tələyə effektiv axınının olması və s. axtarış-kəşfiyyat işlərinin nəticələrinə təsir edən əsas geoloji risk amilləridir. Ayrılmış perspektivli sahələrin öyrənilməsində risk parametrlərinin hər birinin mövcud olması ehtimalları qiymətləndirilir və sonra bu ehtimalların bir-birinə hasili ümumi geoloji risk kimi qəbul edilir. Təqdim olunan işdə ehtimal və statistik metodlara əsaslanan yeni bir risk qiymətləndirmə metodikası təklif olunur. Hazırda neft şirkətləri tərəfindən istifadə olunan risk və resursların qiymətləndirilməsindən fərqli olaraq, bu iki proqnoz parametrin vahid simulyasiya proseduru çərçivəsində birlikdə qiymətləndirilməsi təklif olunur. Bu yanaşma bir sıra mənfi halları aradan götürür və geoloji risklərin qiymətləndirilməsinə daha obyektiv yanaşmağa imkan verir.

Məruzəçi təqdimatın yekununda sualları cavablandırıb.

Sonda ümumrespublika elmi seminar iştirakçıları çıxışlarında Elçin Bağırovun məruzəsinin elmi informasiya yükünü yüksək qiymətləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: