Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ПУБЛИКАЦИИ

03.04.2021 21:05
  • A-
  • A
  • A+

AMEA-da elmi jurnalların vəziyyəti müzakirə olunub

AMEA-da elmi jurnalların vəziyyəti müzakirə olunub

Xəbər verdiyimiz kimi, aprelin 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının növbəti onlayn iclası keçirilib.

Tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov akademiyada elmi jurnalların vəziyyəti haqqında məruzə edib.

Məruzəçi qeyd edib ki, dünyada baş verən qlobal hadisələr, təbii fəlakətlər, ərzaq qıtlığı və bu kimi digər ciddi ümumbəşəri problemlər yalnız elmin inkişafı ilə öz həllini tapa bilər. Hər bir ölkənin elmi inkişafı, onun elm sahəsində və elmi kadrlar istiqamətində apardığı dövlət siyasəti, mütəxəssislərin hazırlıq səviyyəsi, aparılan tədqiqatlar nəticəsində əldə etdiyi uğurların elmi çəkisi onun beynəlxalq elmi ictimaiyyət arasında qazandığı nüfuzuna birbaşa təsir göstərir. 

Alim qeyd edib ki, qloballaşan dünyada informasiyanın özünəməxsus çəkisi, prioritetliyi günbəgün artdıqca, elmi jurnallarda işıq üzü görən məqalələr, patent və ixtiralara olan tələblər də artır. Müxtəlif elm sahələri üzrə ixtisaslaşmış elmi jurnallarda, məcmuələrdə işıq üzü görən məqalələr müəlliflərlə yanaşı, onların çalışdıqları elm və təhsil qurumlarının, eləcə də təmsil etdikləri ölkələrin elmi nüfuzunu müəyyənləşdirərək ölkəsinin inkişaf səviyyəsinə təsir göstərən amillərdən biri kimi dəyərləndirilir.

Bu gün dünyanın hər bir ölkəsində nüfuzlu, yüksək impakt faktorlu jurnalların hazırlanıb dərc edilməsi öz aktuallığını qoruyub saxlayır. 2020-ci ildə “Web of Science” bazasına 12000-dən çox, “Scopus” bazasında 30891 jurnal daxil edilib. Qeyd etmək lazımdır ki, hər il bu beynəlxalq  bazalar yenilənir, yeni jurnallar daxil olur, bəziləri isə çıxarılır.

Misir Mərdanov xüsusilə vurğulayıb ki, Azərbaycan Respublikasında dərc edilən elmi jur­nal­lardan 8-i “Web of Science” bazasına daxildir. Onlardan ikisi AMEA-nın Riyaziyyat və Me­xa­ni­ka İnstitutunun “Azerbaijan Journal of Mathematics” və “Proceedings of the İnstitute of Mat­he­ma­tics and Mechanics” jurnallarıdır. Həmçinin “Scopus” bazasında da ölkəmizi səkkiz elmi jurnal təmsil edir.

Misir Mərdanov diqqətə çatdırıb ki, “Web of Science” və “Scopus” bazalarında yer alan elmi jurnalların 2020-ci il üçün reytinq cədvəli hələlik açıqlanmayıb. Lakin 2019-cu ilin nəticələri göstərib ki, ölkəmiz Scopus siyahısında 231 ölkə arasında 92-ci, WOS-un siyahısında isə 153 ölkə arasında 90-cı yerdə olub.

Misir Mərdanov bildirib ki, aparılan araşdırmaların ilkin nəticələri ciddi uğurlar əldə etdiyimizi göstərir. Belə ki, cəmi bir neçə il ərzində AMEA-nın elmi müəssisələrində dərc olunan 6 jurnal beynəlxalq bazalara daxil edilib.

Daha sonra Misir Mərdanov AMEA-da dərc edilən elmi jurnalların qarşısında duran problemlərdən danışıb, bu istiqamətdə keyfiyyətin artırılması, elmi jurnalların hər birinin veb-saytının yaradılması, redaksiya heyətinin təkmilləşdirilməsi istiqa­mətin­də öz tək­lif­lə­ri­ni səsləndirib.

AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin rəhbəri, aka­de­mik Rasim Əliquliyev vurğulayıb ki, son za­man­lar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi və təşəbbüsü ilə ölkəmizdə aparılan kompleks islahatlar Azərbaycan alimlərinin, o cümlədən AMEA-nın qarşısında bir sıra mühüm vəzifələr qoyur. Həmin vəzifələrin icrası elmi fəaliyyətin müasir dövrün çağırışlarına və milli maraqlara müvafiq həyata keçirilməsini, bu sahədə kompleks isla­hat­ların aparılmasını zəruri edir. Alim qeyd edib ki, bu baxımdan Azərbaycan elminin dünya elminə inteqrasiyasının gücləndirilməsi, alimlərimizin nüfuzlu beynəlxalq elmi bazalara çıxışının təmin edilməsi, AMEA-da nəşr olunan elmi jurnalların keyfiyyətinin və səviyyəsinin yüksəldilməsi qarşıda duran mühüm hədəflərdəndir.  

Məruzə ətrafında aparılan müzakirələrdə akademiklər Əli Abbasov, Fikrət Əliyev, Arif Hə­şimov, Adil Qəribov, AMEA-nın müxbir üzvləri Vaqif İbrahimov, Ramiz Alıquliyev, Vəli Hü­seynov, Oktay Qasımov çıxış ediblər. Elmi jurnallarda dərc edilən məqalələrin müasir dünya el­minin çağırışlarına uyğunlaş­dı­rıl­ma­sı, onların qarşısında duran çoxsaylı çətinliklərin aradan qal­dı­rılması istiqamətində mühüm əhəmiyyət kəsb edən təkliflər irəli sürüblər.

Müzakirələrdən sonra FRTEB-in Ümumi Yığıncağı Bölmənin elmi müəssisələrində işıq üzü görən elmi jurnalların cari vəziyyəti, qarşılaşdığı problemlərin həlli, ümumiyyətlə, Azərbaycan elminin nailiyyətlərinin dünyaya tanıdılması, elmimizin qarşısında duran vəzifələrin icrasına dəstək naminə AMEA-nın elmi müəssisələrində işıq üzü görən elmi jurnalların “Web of Science” və “Scopus” bazasına çıxışının təmin edilməsi istiqamətində rəy və təkliflərin hazırlanıb AMEA-nın Rəyasət Heyətinə təqdim edilməsi məqsədilə müvafiq İşçi qrupun yaradılmasını qərara alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: