Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ИНТЕРЕСНАЯ ИНФОРМАЦИЯ

Alimlər beyin hüceyrələrini insultdan sonra oksigenlə təchiz edən nanohissəciklər yaradıblar
21.05.2021 10:20
  • A-
  • A
  • A+

Alimlər beyin hüceyrələrini insultdan sonra oksigenlə təchiz edən nanohissəciklər yaradıblar

Çin alimləri beyin hüceyrələrini insult zamanı oksigenlə təchiz etməyi bacaran, fotosintezedici hissəciklər yaradıblar.

Bu, neyronların kütləvi məhv olmasının qarşısını alır. Tədqiqatın nəticələri “ACS Nano Letters” jurnalında dərc edilib.

Yeni nanohissəciklər infraqırmızı şüa ilə işıqlandırılanda oksigen yarada bilir. Təcrübə göstərir ki, bənzər prosedur insult zamanı neyronları məhv olmaqdan qoruyur. Nanohissəciklər yeni qan damalarının böyüməsini stimullaşdırır ki, nəticədə beyinin fəaliyyəti yaxşılaşır.

Dünyanın əksər inkişaf etmiş ölkələrində infarkt, ürək çatışmazlığı və müxtəlif xərçəng şişləri ilə yanaşı, insult və beyin qansızması da insan ölümünə gətirib çıxaran əsas səbəblərdən biridir. Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, hər il 15 milyon insan insultun qurbanı olur – onlardan 5 milyonu ölür, 5 milyonu isə əlil olur.

Neyronlar oksigensiz cəmi 6-7 dəqiqə yaşayır. Buna görə də insult zamanı beyin qan dövranının pozulduğu nahiyələrdə hüceyrələr kütləvi şəkildə məhv olur.

Son illər tibb işçiləri və bioloqlar neyronları məhv olmaqdan və insultun ən ağır nəticələrinin qarşısını almaqdan qoruya bilən preparatların yaradılması üzərində fəal işləyirlər. Xuaçjun Elm və Texnologiyalar Universitetinin professoru Van Linin rəhbərliyi ilə bir qrup tibb işçisi və kimyaçı bu problemin qeyri-adi həllini tapıb. Onlar sianobakteriya koloniyaları qoşulmuş nanohissəciklərin köməyilə beyin hüceyrələrini oksigenlə təchiz etməyi öyrəniblər. Tədqiqatçıların sözlərinə görə, bəzi belə mikroblar ətraf mühitdən, demək olar, uzun müddət karbon qazını götürərək oksigenə çevirə bilir – özü də bu halda gün işığından başqa heç nəyə ehtiyac olmur. Əgər insan orqanizmində bakteriya koloniyalarını “işqlandırmaq olarsa”, nəzəri baxımdan bunun nəticəsində onlardan müxtəlif toxumaların oksigenlə təchiz edilməsi üçün istifadə etmək olar.

Van Lin və onun həmkarlarının fikrincə, xüsusi nanohissəciklər vasitəsilə bu məsələni həll etmək olar. Həmin nanohissəciklər, içinə mikroblar yerləşdirilmiş kapsul kimi xidmət göstərəcək və eyni vaxtda infraqırmızı şüalanmanı görünən işığın işartılarına çevirəcək. Həmçinin bu, potensial təhlükəli mikrob tullantılarının insan orqanizminə nüfuz etməsinin qarşısını alan bir maneə rolunu oynayacaq.

Alimlər bu nanohissəciklərin fəaliyyətini neyron kulturasında və laboratoriya siçanları üzərində yoxlayıblar. Eksperiment zamanı bioloqlar gəmiricilərin beyinin bəzi arteriyalarında qan təchizatını dayandıraraq süni şəkildə insult yaradıblar, sonra fotosintezedici bakteriyaları infraqırmızı şüa ilə işıqlandıraraq neyronları insultun nəticələrindən qorumağa çalışıblar.

Məlum olub ki, nanohissəciklər hüceyrə kulturasında sağ qalmış neyronların sayını, demək olar, iki dəfə artırıb, habelə siçanların beyinində zədələnmiş nahiyələrin həcmini və sahəsini müvafiq olaraq 51 və 60 faiz azaldıb. Bu, beyin fəaliyyətində insultla əlaqəli pozulmaların kəskinliyini əhəmiyyətli dərəcədə azaldıb, habelə gəmiricilərdə hərəkətlərin koordinasiyasını və koqnitiv bacarıqları yaxşılaşdırıb. Qan təchizatının tam bərpasından sonra da nanohissəciklər beyinin fəaliyyətini yaxşılaşdırmağa davam ediblər.

Alimlərin fikrincə, bu prosedur iltihabı dayandırıb və yeni damarların böyüməsinə kömək edib. Nəticədə neyronların sağ qalmaq şansı artıb.

Tədqiqatçılar ümid edirlər ki, növbəti təcrübələr və klinik sınaqlar bu nanohissəciklərin pasiyentlərin sağlamlığı üçün təhlükəsizliyini və effektivliyini göstərəcək və onlardan insultun, hipoksiyaya səbəb olan qan dövranı pozulmalarının müalicəsində istifadə olunmasına yol açacaq.

AzərTac

  • Поделиться: