Məmmədəliyev Yusif Heydər oğlu

  Məmmədəliyev Yusif Heydər oğlu 1905-ci ildə Naxçıvan MR-nın Ordubad şəhərində anadan olmuşdur.

Məmmədəliyev Yusif Heydər oğlu 1947-50 və 1958-61-ci illərdə Azərbaycan SSR EA-nın Prezidenti seçilmişdir.

1926-cı ildə Azərbaycan Ali Pedaqoji institutunu bitirmişdir. 1942-ci ildə kimya elmləri doktoru və professor, 1945-ci ildə Azərb. SSR EA-nın akademiki olmuşdur. Azərb. SSR EA yarandıqdan (1945) sonra Neft İnstitutuna rəhbərlik etmişdir. 1951-54-cü illərdə Az.SSR EA Fizika, Kimya və Neft bölməsinin akad.-katibi. 1954-58 illərdə ADU-nun rektoru olmuşdur.

Yusif Məmmədəliyevin əsas elmi işləri neftin və neft qazlarının katalitik emalı sahəsindədir. Azərbaycanda neft kimyasının əsasını qoymuşdur. O, müxtəlif karbohidrogenlərin katalizator iştirakı ilə xlorlaşdırılma və bromlaşdırılmasının yeni üsullarını təklif etmiş, neft qazlarını, xüsusilə də metanı əvvəllər stasionar katalizator üzərində, sonralar isə qaynar təbəqədə xlorlaşdırmaqla, karbontetra-xlorid, metilxlorid, metilen-xlorid və s. qiymətli məhsullar alınması yollarını göstərmişdir.

Aromatik, parafin və sikloparafin karbohidrogenlərini doymamış karbohidrogenlərlə katalitik algilləşdirmə sahəsindəki tədqiqatı aviasiya yanacaqlarının yüksəkkeyfiyyətli komponentlərinin sənaye miqyasında sintezinə imkan vermişdir.

Məmmədəliyev Bakı neftlərinin benzin fraksiyasının katalitik aromatikləşdirilməsi, yuyucu maddələr və silisium-üzvi birləşmələr alınması, piroliz məhsullarından plastik kütlə istehsalı və Naftalan neftinin təsir mexanizminin öyrənilməsi sahələrində də mühüm işlər görülmüşdür. Yüksəkixtisaslı elmi kadrlar hazırlanmasında böyük xidməti olmuşdur. O, SSRİ, ABŞ, İtaliya, Fransa, İngiltərə, PXR, MXP və başqa ölkələrdə çağırılan qurultay, konqres və simpoziumlarda respublikamızı dəfələrlə təmsil etmişdir.

Azərbaycan Astrofizika Rəsədxanası, Əlyazmaları Fondu, Sumqayıt Kimya Elmi Mərkəzi və digər müəssisələrin təşkili Y.Məmmədəliyevin adı ilə bağlıdır. Onun yaratdığı Azərbaycan neft-kimya məktəbi respublikadan çox-çox uzaqlarda tanınır. Yusif Məmmədəliyev Lenin ordeni Qırmızı Əmək Bayrağı və Şərəf nişanı ordenləri həmçinin medallarla təltif edilmişdir.

Y.H.Məmmədəliyev 200-dən artıq elmi əsərin, o cümlədən 6 monoqrafiyanın müəllifidir.

Y.H.Məmmədəliyev 1961-ci ildə vəfat etmişdir.

 (1905-1961)