Maqsudov Fəraməz Qəzənfər oğlu


Maqsudov Fəraməz Qəzənfər oğlu 20 mart 1930-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur.

1997-ci ildə Azərbaycan EA-nın Prezidenti seçilmişdir.

1954-cü ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1964-74-ci illərdə Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini olmuş, 1974-ci ildən isə direktoru olmuşdur.

1974-cü ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini, 1976-cı ildə professor adını almışdır.

1976-cı ildə Azərbaycan EA-nın müxbir üzvü, 1980-cı ildə həqiqi üzvü seçilmişdir.

1980-97-ci illərdə Azərbaycan EA Fizika-Riyaziyyat və Texnika elmləri bölməsinin akademik-katibi olmuşdur.

Əməkdar elm xadimi, H.Z.Tağıyev adına mükafat laureatıdır F.Q.Maqsudov funksional analiz, diferensial tənliklər, tətbiqi riyaziyyat və mexanika sahəsində görkəmli alimdir. Tədqiqatları funksional analiz, diferensial tənliklər, tətbiqi riyaziyyat və mexanika, riyaziyyatın tarixi, riyaziyyat terminalogiyası və s. sahələrdir. Özünə qoşma olmayan kəsilməz spektrli mücərrəd operatorlar dəstəsinin spektral nəzəriyyəsini işləmiş, ümumiləşmiş məxsusi və qoşulmuş elementlərə görə çoxqat ayrılış düsturunu almış, bir sıra fizika tənliyi üçün düz və tərs spektral məsələnin həllini vermiş, baş hissəsi ixtiyari spektr olan xüsusi törəməli diferensial tənlik üçün qarışıq məsələlərin həllinə Furye üsulunun tətbiqini əsaslandırmışdır. Maqsudov 5 müəlliflik şəhadətnaməsi və iki patent almışdır. XTNS-nin bürünc (1975) və gümüş (1978) medalı ilə mükafatlandırılmışdır. 1986-cı ildə yüksək ixtisaslı kadrlar hazırladığına və elmdə böyük nailiyyətlərinə görə " Xalqlar dostluğu " ordeni ilə təltif olunmuşdur.

F.Q.Maqsudov 200-ə yaxın elmi əsərin, 11 monoqrafiyanın müəllifidir.

Maqsudov Fəraməz Qəzənfər oğlu 2000-ci ildə vəfat etmişdir.

 
 (1930-2000)