Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Sabiq prezidentlər

Əlizadə Akif Ağa Mehdi oğlu

A.Əlizadə 1934-cü ildə Bakı şəhərində ziyalı ailə­sində anadan olmuşdur. 1956-cı ildə Azər­bay­can Sənaye İnstitutunun (indiki Azər­bay­can Dövlət Neft və Sənaye Universiteti) Geo­loji-kəş­fiy­yat fakültəsini  bitirmişdir.

A.Əlizadə 1961-ci ildə geologiya-mi­ne­ralogiya üzrə fəlsəfə doktoru, 1969-cu ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini almış, 1980-ci ildə Azər­­baycan Elmlər Akademiyasının (AEA) müx­bir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçil­mişdir. 1990-2007-ci illərdə AMEA Yer Elmləri Bölmə­sinin (YEB) akade­mik-katibi, 2007-2013-cü illərdə AMEA-nın vitse-prezidenti olmuşdur, 2013-cü ildə isə AMEA-nın prezi­den­ti vəzi­fə­sinə seçilmişdir.

A.Əlizadə əmək fəaliyyətinə Suraxanıneft mədənində quyuların təd­qiqi üzrə tex­nik vəzifəsindən başlamışdır. 1957-ci ildə AEA-nın Geologiya (indiki Geologiya və Geofi­zika) İnstitutuna baş laborant vəzifəsinə işə qəbul olun­muşdur. Ardıcıl ola­raq kiçik, böyük elmi işçi vəzifələrində işləmişdır. 1970-1976-cı illərdə Geologiya İnstitutunun elmi işlər üzrə direktor müavini olmuş, 1976-cı ildən isə Geologiya və Geofizika İnstitu­tunun direktorudur. 

A.Əlizadə görkəmli alim-geoloq və elmin böyük təşkilatçılarından bi­ri­dir. Onun elmi maraq dairəsi təbaşir çöküntülərinin regional stratiqrafiya­sını əhatə edir. A.Əlizadənin rəhbərliyi və iştirakı ilə Azərbaycanın təbaşir çöküntülərinin strati­qrafik sxemləri işlə­nib hazırlanmış, geoloji proseslər, çökmə və vulkanogen-çökmə formasiyaları, təbaşir dövründə faunanın inki­şafı və s. məsələlərə dair müasir ba­xış­ları əks etdirən zəngin paleontoloji-strariqrafik materiallar araşdırılıb ümu­mi­ləş­dirilmişdir. Alimin çoxillik tədqiqatları əsasında Azərbaycanın təbaşir mol­lusk faunasına (belemnitlər) kompleks­ləri haqqında nəzəriyyənin əsas müddəaları irəli sürülmüş, onların  təsnifatı və filoge­niyası verilmiş, morfofunksional təhlil apa­rılmış, paleo­biocoğrafi rayonlaşdır­manın prinsipləri işlənib hazırlanmış, ekologiya və paleontoloji məsələlər işıqlandırıl­mışdır. Alim ilk dəfə olaraq, təbaşir döv­rün­də Aralıq dənizi hövzələrində təbaşir dövrü onurğa­sızlarının zaman-məkan daxilində paylanma mərhələlərini müəyyən etmiş və paleocoğ­rafi taksonları ayırmışdır.

A.Əlizadə Qafqazın təbaşir dövrü hövzələrinin biogeokimyəvi rayon­laş­dırılma me­tod­la­rının işlənilməsi və təkamül amili kimi paleohövzələrin geokimyəvi şəraiti­nin öyrə­nil­məsi sahəsində fundamental tədqiqatlar apar­mışdır. Fossil orqanizmlərin ske­let hissələ­rinin mikrostruktur, kimyəvi tər­kib və kristallokimyəvi xüsusiyyət­lə­rinin təhlilinə əsasən o, müxtəlif kim­yəvi elementlərin miqrasiya və toplanma qa­nuna­uy­ğunluqlarını, ayrı-ayrı taksonların paleofizioloji xüsusiyyətlərini müəyyənləş­dir­mişdir. Alim ilk dəfə olaraq izotop paleotermometriya üsulu ilə O18 və O16 izotoplarının nisbətinə görə Azərbaycanın təbaşir hövzələri üçün paleotemperaturun mütləq qiymətini təyin etmişdir. 

Elm dünyası Azərbaycan aliminin elmi xidmətlə­ri­ni nəzərə alaraq, öyrəndiyi belemnit­lərin yeni ailəsini onun adı ilə “Akifibe­lid­lər” adlandırmışdır.

A.Əlizadə Azərbaycan Dövlət Neft Akademiyasında, Bakı Dövlət Uni­versitetində mü­hazirələr oxumuşdur. O, 250-dən çox  elmi əsərin, 9 monoqrafi­yanın, 6 müəlliflik şəha­dətnamə­sinin müəllifidir. Onun rəhbərliyi ilə 15 fəlsəfə doktoru hazırlanmışdır.

A.Əlizadənin xidmətləri Azərbaycan dövləti tərəfindən yüksək qiy­mət­lən­diril­miş  və o, “Fə­dakar əməyə görə” yubiley medalı; “Şərəf nişanı”, “Şöhrət”, “Şərəf” və “İstiqlal”, 1-ci dərəcəli “Əmək” ordenləri ilə təltif olunmuşdur. A.Əlizadə Azərbaycan Respublikasının Əməkdar elm xadimi və Azərbaycan Dövlət Mükafatı laureatıdır. A.Əlizadə Rusiya Təbiət Elmləri Akademiyasının xari­ci üzvü seçilmiş və bu Akademiyanın “Elm və mədəniyyət fədakarı” fəxri nişanı ilə təltif edilmişdir.