Dadaşov Sadıq Ələkbər oğlu

Sadıq Ələkbər oğlu Dadaşov 15 aprel 1905-ci ildə Bakıda anadan olmuşdur. Hələ uşaq yaşlarında rəsm çəkməyə böyük həvəs göstərən Sadıq Dadaşov məktəb illərində də rəssamlıq və memarlıqla dərindən maraqlanmışdır.

S.Dadaşovun məktəb illəri onun yaxın dostu Mikayıl Useynovla birlikdə keçmiş və 1920-ci ildə onların hər ikisi Realnı məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun tikinti mühəndisi fakültəsindəki memarlıq şöbəsinə daxil olmuşlar.

Tələbəlik illərində S.Dadaşov özünü istedadlı və bacarıqlı memar kimi tanıtmış, institutun nəzdində fəaliyyət göstərən memarlıq laboratoriyasına rəhbər təyin edilmişdir. O, dostları ilə birlikdə laboratoriyada çalışdığı zaman təkcə institutda keçirilən dərslərlə kifayətlənməmiş böyük rus memarlarından Kazakovun, Starovun, Zaxarovun, Bajenovun elmi-nəzəri əsərləri ilə, eləcə də, Çnamotsinin, Danielin, Barbaronun, Şuazinin, Qnediçanın, Palladionun və b. layihələri ilə yaxından tanış olmuş və onları elmi təhlil edərək öyrənmişdilər. Hələ tələbəlik illərində onlar bir neçə müsabiqədə iştirak etmiş, 1926-cı ildə dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi ilə bağlı elan edilmiş müsabiqədə S.Dadaşov və M.Useynovun birgə işlədiyi layihə birinci mükafata layiq görülmüşdür.

1929-cu ildə S.Dadaşov M.Useynovla birgə “Bakıda kitabxana və mədəniyyət sarayı” mövzusunda diplom işini uğurla müdafiə etmiş və pedaqoji kollektivin yekdil qərarına əsasən hər iki memar institutda assistent kimi saxlanmışdılar.

Onlar Bakıdakı Şirvanşahlar sarayı kompleksinin, Naxçıvandakı Mömünəxatın türbəsi, Yusif Kuseyir oğlu türbəsinin və Qarabağlar türbəsi ilə yanındakı minarəli zəfər tağının, Qarabağın Bərdə şəhərindəki “Nüşabə” türbəsinin, Ordubadın yaşayış binalarını və yüzlərlə digər orta əsr memarlıq abidələrinin ilk tədqiqatçıları olmuşlar.

S.Dadasov 1929-cu ildə Bakı Politexnik İnstitutunun İnşaat fakültəsini bitirdikdən sonra dörd il ərzində – 1929-1933 illərdə 23 tikilinin layihəsini vermişdir. Onun M.Useynovla birlikdə layihələndirdiyi “Azərbaycan SSR İttifaqlar Evi”nin binası böyük və nüfuzlu müsabiqəyə təqdim olunmuş və ikinci dərəcəli mükafata layiq görülmüşdür.

1937-ci ildə “Nizami” kinoteatrının binası və onunla üz-üzə inşa olunmuş inzibati bina da memarlığımızın klassik əsərləri kimi bu gün də öz dəyərini saxlamışdır.

1938-ci ildə S.Dadaşov Bakı Musiqi Akademiyasının binasını layihələndirmiş, burada dahi Azərbaycan bəstəkarı Ü.Hacıbəyovun heykəlinin ucaldılması, memarlıqla heykəltəraşlığın həm məzmun, həm də sənətkarlıq nöqteyi-nəzərdən biri digərini tamamlayan bitkin bir kompozisiya həmahəngliyi yaratmışdır.

S.Dadaşovun memarlıq sənəti respublikadan çox-çox uzaqlarda da tanınmış və şöhrət qazanmışdı. Onun böyük yaradıcılıq nailiyyətlərindən biri də Moskvada tikilmiş Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi (XTNS) kompleksinin Azərbaycan pavilyonu olmuşdur. 1939-cu ildə hökumət tərəfindən həyata keçirilən S.Dadaşov və M.Useynov layihəsi keçmiş SSRİ məkanında memarlar tərəfindən yüksək maraqla qarşılanməş və bu layihəyə görə hər iki memar SSRİ Dövlət mükafatına layiq görülmüşdür.

1940-cı ildə S.Dadaşov üçün uğurlu il olmuşdur. S.Dadaşov həmkarı M.Useynovla birlikdə Azərbaycanın dahi şairi Nizami Gəncəvi adına ədəbiyyat muzeyinin binasını layihələndirmişdir. Nizami muzeyi S.Dadaşov yaradıcılığında önəmli yerlərdən birini tutur və bu gün də Azərbaycan milli memarlığının ən parlaq bir səhifəsi hesab olunur.

1944-1945-ci illərdə S.Dadaşov 8 böyük memarlıq əsəri layihələndirmişdir ki, bunlara Bilgəhdə istirahət evi, Şüvəlanda yaşayış binası, Zaqulbada istirahət evi, Şüvəlanda bağ evi, Bilgəhdə bağ evi, kinoteatr (1-ci mükafata layiq görülüb), Bakıda Buzovnaneft yaşayış binası və s. aiddir.

S.Dadaşov SSRİ miqyasında böyük hörmət və nüfuza malik olan Azərbaycan Memarlar İttifaqını yaratmışdır. O, 1944-cü ildə Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Memarlıq İşləri İdarəsinin ilk rəisi olmuşdur.

S.Dadaşov Azərbaycan memarlıq irsinin ilk elmi tədqiqatçısıdır.

Azərbaycan dövləti S.Dadaşovun fəaliyyətini və ölkə qarşısındakı elmi əməyini qiymətləndirərək 1940-cı ildə ona Azərbaycan SSR Əməkdar incəsənət xadimi fəxri adı verilmiş və 1941-ci ildə SSRİ Dövlət mükafatı laureatı olmuşdur. O, “Lenin”, “Qırmızı Əmək Bayrağı” ordeni və medallarla təltif edilmişdir. 1941-ci ildə SSRİ Memarlıq Akademiyasının müxbir üzvü, 1945-ci ildə yeni yaradılmış Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Memar Azərbaycan memarlıq tarixi və nəzəriyyəsi ilə bağlı bir sıra elmi əsərlər yazıb çap etdirmişdir ki, bu gün də o əsərlər öz aktuallığını itirməmiş və dəyərli, etibarlı mənbə kimi istifadə edilməkdədir.

S.Dadaşov təkcə gözəl layihələr işləyən bir memar kimi deyil, həm də Azərbaycan memarlıq tarixi və nəzəriyyəsi sahəsində qiymətli monoqrafiyalar və elmi məqalələr yazan alim kimi tanınmışdır. “Bakıda Azərbaycan memarlıq abidələri” (1938), “Azərbaycan sovet memarlığı” (1950), “Bakının memarlıq abidələri” (1955), “Bakının Şirvanşahlar Saray Ansamblı” (1956) və Azərbaycan memarlığı ilə bağlı yazmış olduğu çoxsaylı elmi məqalə və konfrans materialları onun qələmə aldığı dəyərli elmi əsərlərdir.

Azərbaycan-sovet memarı, memarlıq tarixçisi, Azərbaycan sovet memarlığının banilərindən biri Sadıq Ələkbər oğlu Dadaşov 24 dekabr 1946-cı ildə Moskvada vəfat etmişdir. Azərbaycanın istedadlı memarı və böyük alimi S.Dadaşov Bakıda dəfn olunmuşdur.