Dadaşov Bilal Ataş oğlu

Dadaşov Bilal Ataş oğlu1915-ci il de­kabrın 30-da Şamaxı qəzasında (indiki Hacı­qabul rayonu) Rəncbər kəndində anadan ol­muşdur. Azərbaycan Dövlət Universitetinin Kim­ya fakültəsini bitirmişdir (1939).

Kimya üzrə fəlsəfə doktoru (1944) və elmlər doktoru (1957) elmi dərəcə­sini, pro­fes­­sor (1963) elmi adını almışdır. Azərbay­can SSR EA-nın müxbir üzvü seçilmişdir (1980).

 B.Dadaşov institutu bitirdikdən sonra Fiziki kimya kafedrasında işləmiş (1934-1939), kafedranın aspirantı, assistenti olmuş, eyni za­manda, Mamalıq-feldşer texni­kumunda kimya dərsi demişdir (1939-1944).

1945-1950-ci illərdə Azərbaycan EA-nın Kimya İnstitutunun Kata­liz labo­ratoriyasının müdiri və N.Nərimanov adına Azərbaycan Tibb İnsti­tutu­nun as­sis­tenti və dosenti olmuşdur. Azərbaycan EA-nın Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda Xüsusi yanacaq və yanma laboratoriyasının müdiri, sonra isə Neft-Kim­ya Prosesləri İnstitutunda (NKPİ) laboratoriya rəhbəri (1957-1963) vəzifə­sində çalışmışdır.

Azərbaycan EA NKPİ-nin laboratoriya və Heterogen kataliz şöbəsi­nin mü­diri olmuşdur (1987-1995).

B.Dadaşov elmi tədqiqat işlərini pedaqoji işlə uzlaşdıran alimlərdən biri idi. O, 1941-1949-cu illərdə Azərbaycan Tibb Universitetində assistent və dosent, 1957-1959-cu illərdə Bakı Dövlət Universitetinin dosenti, 1962-1973-cü illərdə Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) do­sent, professor və 1984-1993-cü illərdə Azərbaycan Dövlət Neft Akademiya­sı­nın professoru vəzifələrində çalışmış­dır. 1996-cı ildən ömrünün sonuna qədər müdiriyyət yanında məsləhətçi olub.

B.Dadaşov kataliz sahəsində görkəmli alimdir. Elmi əsərləri parafin­lə­rin dehidrogenləşmə, izomerləşmə və aromatikləşmə prosesləri üçün səmə­rəli ka­talizatorların işlənib hazırlanması probleminə həsr olunmuşdur.

B.Dadaşov müəllimi akademik Y.Məmmədəliyev ilə birlikdə benzinin oktan ədədini yüksəltmək üçün riforminq prosesində səmərəli katalizator­larının sin­tezi və tətbiqi sahəsində tədqiqatlar aparmışdır (1945-1950). O, neft məhsul­larından raket mühərrikləri üçün ilk dəfə 2 növ səmərəli yanacaq (Naftil-1Б və Ditsil) almışdır. Bundan başqa aşağı molekullu doymuş karbo­hid­rogen­ləri hid­rogensizləşdirmək üçün yeni katalizator (6A-24C) təklif etmişdir.

B.Dadaşovun elmi tədqiqatlarının nəticələri 260 elmi əsərdə, o cümlədən 19 müəlliflik şəhadətnaməsi və patentdə öz əksini tapmışdır.

B.Dadaşov 5 elmlər doktoru, 21 kimya üzrə fəlsəfə doktoru hazır­lamışdır.

B.Dadaşov Azərbaycan EA NKPİ-nin D.Mendeleyev adına Kimya cəmiy­yə­ti­nin sədri, SSRİ EA Rəyasət Heyəti yanında kataliz üzrə Ümum­ittifaq Şurasının üzvü, alimlik dərəcələri verən ixtisaslaşdırılmış şuraların üzvü olmuşdur.

O, Əməkdar elm xadimi adına layiq görülmüş, “Əməkdə fərqlən­mə­yə görə”, “Qafqazın müdafiəsinə görə” və “1941-1945-ci illərdə Böyük Vətən müharibə­sində fədakar əməyə görə” medalları ilə təltif olunmuşdur.

AMEA-nın müxbir üzvü Bilal Dadaşov 2007-ci ildə Bakıda vəfat etmişdir.

 (1915-2007)