Əbdülrəhmanov Yüsif Ələkbər oğlu

Əbdülrəhmanov Yusif Ələkbər oğlu 1912-ci il mayın 18-də Şəki şəhərində ana­dan olmuşdur. Şəki Pedaqoji texnikumunu (1928), Azərbaycan Dövlət Uni­versitetinin Biologiya fakültəsini (1939) bitirmişdir.

1945-ci ildə fəlsəfə, 1960-cı ildə isə elmlər doktorluğu dissertasiyalarını müda­fiə etmiş, 1968-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdir.

Y.Ə.Əbdülrəhmanov 1952-ci ildə Zo­olo­giya İnstitutunun Su heyvanları şö­bə­sinin əsasında yaradılmış İxtiologi­ya laboratoriyasının müdiri təyin edilmiş və ömrünün sonuna kimi (1977) bu vəzifədə çalışmışdır.

O, ixtiologiya laboratoriyasının müdiri işlədiyi dövr ərzində Res­pub­lika­mı­zın daxili su hövzələrinin, Xəzər dənizinin Azərbaycan sektorunun və Azərbay­canın şirinsu balıq faunasının və onların ehtiyatlarının tədqiqi sahə­sində elmi məktəb formalaşdırmışdır. Y.Ə.Əbdülrəhmano­­v­un tədqiqatları Azər­bayca­nın şirin sularında və Xəzərin Azərbaycan sekto­runda yaşayan 95 növ və ya­rımnöv balığın morfologiyası, yayılması, həyat tərzi və təsərrüfat əhəmiyyə­ti­nin öyrə­nil­məsinə, su anbarlarının balıqçılıq təsərrüfatlarında istifadə olunma­sına, ayrı-ayrı növlərin təsnifatda tutduqları yerlərin dəqiq­ləşdirilməsinə, yeni növ­lə­rin və hibrid formalarının təsvirinə həsr edilmişdir. Soyuqbulaq külmə balığı növünün ilk təsviri də Y.Ə.Əbdülrəhmanov tərəfindən verilmişdir.

Y.Ə.Əbdülrəhmanov 100-dən çox elmi əsərin, o cümlədən 6 mono­qra­fiyanın (“Bizim balıqlar” (1955), “Zoologiya terminləri lüğəti” (1961), “Azərbaycanın şirin su balıqları” (rus dilində, 1962), “Azərbaycan faunası” seriyasından olan “Balıqlar”(1966; VII cild) və s.) müəllifi və həmmüəllifi olmuşdur.

Y.Ə.Əbdülrəhmanov Azərbaycan SSR EA Biologiya Elmləri Bölmə­sinin Bir­ləş­miş Dissertasiya Müdafiəsi Şurasının, Zoologiya İnstitutunun və Azərbaycan Dövlət Universitetinin Elmi Şuralarının üzvü, “Heyvanlar alə­minin bərpası və mühafizəsi” problemi üzrə Koordinasiya Şurasının sədr müavini, “Xəzər dənizi­nin kompleks surətdə öyrənilməsi” problemi üzrə Koordinasiya Şurasının, “Su hövzələrinin bioloji sərvətlərindən istifadə olun­ması” problemi üzrə Koordi­nasiya Şurasının, SSRİ Balıq Təsəttüfatı Nazirliyi İxtioloji komissiya­sının,  Ümum­ittifaq Hidrobioloqlar Cəmiyyətinin mərkəzi şurasının, Azərbaycan Sovet Ensi­klo­pe­diyası biolo­giya və kənd təsərrüfatı bölmələri şurasının üzvü olmuşdur.

Uzun illər qüsursuz fəaliyyətinə görə Y.Ə.Əbdülrəhmanov “Şərəf nişanı” ordeni və 4 medalla təltif edilmişdir.

Azərbaycan təbiəti mühafizə cəmiyyəti mərkəzi şurasının rəyasət hey­əti Y.Ə.Əbdülrəhmanovu 1971-ci ildə “Təbiəti mühafizəyə həsr olunmuş ən yaxşı mühazirələrin mətnini tərtib etmək” üzrə I Respublika müsabiqəsində I dərə­cəli diplomla mukafatlandırmışdır. O, elmi biliklərin kütlə arasında yayılma­sında fəal iştirakına görə Respublika “Bilik” cəmiyyəti tərəfindən dəfələrlə təşəkkürnamələr almışdır.

Onun rəhbərliyi və məsləhətçiliyi ilə 3 elmlər dok­toru, 15 fəlsəfə doktoru dissertasiyası müdafiə edilmişdir.

AMEA-nın müxbir üzvü Yusif Əbdülrəhmanov 3 noyabr 1977-ci ildə Bakıda vəfat etmişdir.

 (1912-1977)