Əlizadə Anar Nadir oğlu

Əlizadə Anar Nadir oğlu 1951-ci il sent­yabrın 23-də Bakı şəhərində anadan olmuşdur. 1974-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirmişdir.

Riyaziyyat üzrə fəlsəfə doktoru (1978), riya­ziyyat üzrə elmlər doktoru (1986) elmi dərə­cələrini,  professor elmi adını (1990) almış, 2007-ci ildə AMEA-nın müxbir üzvü seçil­mişdir.

A.Əlizadə Qazın emalı və nəqli üzrə Ümumittifaq Elmi Tədqiqat və Layihə İnsti­tu­tunda mühəndis (1974-1978), AEA RMİ XKB-da baş konstruktor (1978-1990), BDU Nəzəri mexanika və bütöv mühit me­xanikası kafedrasında profes­sor (1990-2000), AzTU-də Riyaziyyat kafedrası­nın müdiri, Elm və Texnika üzrə pro­rektor (2000-2010), Azərbaycan Dövlət Dəniz Akademiyasının Elm və Beynəl­xalq əlaqələr üzrə prorektoru və Dəqiq elmlər kafedrasının müdiri (2010-2012) vəzifələrində çalışmışdır.

A.Əlizadənin elmi fəaliyyəti əsasən deformasiya olunan bərk cisim me­xani­kası sahəsində nəzəri tədqiqatlara və nəticələrin müxtəlif mühəndis mə­sələ­lərinə tətbiqinə həsr olunmuşdur. O, qeyri-xətti tənliklər sistemini yük­lənmə parametrinin sürətlərinə nəzərən birtərtibli kvazixətti tənliklər siste­minə gəti­rən və variasiya prinsipinə əsaslanan səmərəli üsul təklif etmiş, korroziya aşın­masına aid nəticələrin gəmilərin texniki istismarının analizində geniş tətbiqini tapmış, zədələri nəzərə almaqla nanoörtüklərin hesabatında kontinual model üçün səpələnmiş dağılmalar nəzəriyyəsinin üsullarından is­ti­fadə edərək, örtük­lərdə istifadə olunan nanomaterialların struktur defekt­ləri­ni nəzərə almağa imkan verən üsul yaratmışdır.

A.Əlizadə Beynəlxalq Ekoenergetika Akademiyasının, Beynəlxalq Mühən­dislik Akademiyasının, Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü, Tət­biqi riyaziyyat və mexanika üzrə Alman Cəmiyyətinin (GAMM) üzvü, qrunt mexanikası və özüllərin tikintisi üzrə Azərbaycan Milli Komitəsinin üzvü, “Mexanika və Maşınqayırma” beynəlxalq jurnalının redak­toru olmuşdur.

3 monoqrafiya, 6 kitab, 100-dən çox elmi işin, maşınqayırma sahəsin­də  3 patentin müəllifidir.

A.Əlizadə 2012-ci ildə vəfat etmişdir.

(1951-2012)