Əmirov Fikrət Məşədi Cəmil oğlu

Azərbaycan Milli Elmlər Akademiya­sının müxbir üzvü Fikrət Məşədi Cəmil oğlu Əmirov 22 no­yabr 1922-ci ildə Gəncə şəhə­rində anadan ol­muşdur. O, Azər­baycan mu­si­qi ta­rixində simfonik muğam janrının ya­ra­dı­cı­sı­dır. Dahi bəstə­karın yaradıcı­lığı XX əsr Azərbay­can mu­siqi tarixinin ən parlaq səhifələrin­dəndir.

F.Əmirov 1939-1948-ci illərdə Azər­bay­can Döv­lət Kon­servatoriyasını (Ü.Hacı­­bəyli və B.Zeyd­ma­nın sinfini) bitirmişdir. 1942-43-cü illərdə Gən­cə Dövlət Filar­moniyasının və 1947-ci ildə M.Maqo­ma­yev adına Azərbaycan Dövlət Filarmoniya­sının bədii rəhbəri, M.F.Axund­ov adına Azərbaycan Döv­lət Opera və Balet Teatrının direktoru (1956-1959) vəzifələrində çalışmış, SSRİ Bəs­tə­kar­lar İttifaqının katibi, 1974-cü ildə Res­­pub­lika Ali Sovetinin de­putatı, 1980-ci il­də isə Azərbaycan SSR Elmlər Aka­de­mi­yasının müx­bir üzvü se­çilmişdir.

F.Əmirovun «Şur» (1948), «Kürd Ov­şa­rı» (1948)  və «Gülüstan Ba­­­yatı-Şiraz» (1971) simfonik mu­ğam­­la­rı dünya musiqi tarixində şöh­rət qa­­zan­mışdır. «Nizami» simfoniyası, «Azər­baycan süitası» (1950-1952), «Azər­­­­­­­­­baycan kapriççiosu» (1960-1963), «Azər­bay­can qravürləri» (1975) bəstə­karın ya­ra­dı­cı­lığının dəyərli səhi­fə­lə­ri­ndəndir.

Görkəmli bəstəkar «Sevil» operası ilə (1953) Azərbaycanda ilk lirik-psi­xo­loji ope­ra­nın əsasını qoymuşdur. O, musiqili komediya janrın­da da «Ürək­açanlar» (1944), «Gözün ay­dın» (1946) kimi maraqlı əsərlər yarat­mış­dır. «Nəsimi» (1973), «Min bir gecə» (1979), «Ni­za­mi» (1984)  ba­let­lərinin müəllifidir.

Azərbaycanda konsert janrının ilk nü­mu­nələrini Fikrət Əmirov yarat­mışdır. F.Əmi­ro­vun özünəməxsus bəstəkarlıq dəst-xətti onun instrumental və kamera vokal əsər­lə­rin­də də təzahür edir. «Fortepiano üçün 12 mi­nia­tür», müxtəlif pyeslərin, «Ulduz», «Azər­bay­can elləri», «Gülüm», «Gülərəm gül­sən» və başqa romans və mahnıların müəllifidir. O həm­çinin dram tamaşala­rına, «Böyük da­yaq», «Mən ki gözəl deyildim» və  bir sıra başqa film­lərə musiqi bəstələmişdir.

1949-da SSRİ Dövlət Mükafatına, 1955-də Əməkdar incəsənət xadimi adına, 1965-ci ildə SSRİ Xalq artisti fəxri adına, 1967-ci ildə Res­publika Lenin Kom­somolu Mükafatına, 1982-ci ildə «Min bir gecə» ba­le­tinə görə Sosialist Əməyi Qəhrə­ma­nı adına la­yiq görülmüşdür. «Lenin» ordeni (1959), «Oraq və Çəkiç» qızıl medalı ilə təltif olun­muşdur.

AMEA-nın müxbir üzvü Fikrət Əmirov 20 fevral 1984-cü ildə Bakıda vəfat etmiş və Fəxri Xiyabanda dəfn edilmişdir.

 (1922-1984)