Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Fikrət Məşədi Cəmil oğlu Əmirov 22 noyabr 1922-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, Azərbaycan musiqi tarixində simfonik muğam janrının yaradıcısıdır. Dahi bəstəkarın yaradıcılığı XX əsr Azərbaycan musiqi tarixinin ən parlaq səhifələrindəndir. F.Əmirov 1939-1948-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasını (Ü.Hacıbəyli və B.Zeydmanın sinfini) bitirmişdir. 1942-43-cü illərdə Gəncə Dövlət Filarmoniyasının və 1947-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru (1956-1959) vəzifələrində çalışmış, SSRİ Bəstəkarlar İttifaqının katibi, 1974-cü ildə Respublika Ali Sovetinin deputatı, 1980-ci ildə isə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. F.Əmirovun «Şur» (1948), «Kürd Ovşarı» (1948) və «Gülüstan Bayatı-Şiraz» (1971) simfonik muğamları dünya musiqi tarixində şöhrət qazanmışdır. «Nizami» simfoniyası, «Azərbaycan süitası» (1950-1952), «Azərbaycan kapriççiosu» (1960-1963), «Azərbaycan qravürləri» (1975) bəstəkarın yaradıcılığının dəyərli səhifələrindəndir. Görkəmli bəstəkar «Sevil» operası ilə (1953) Azərbaycanda ilk lirik-psixoloji operanın əsasını qoymuşdur. O, musiqili komediya janrında da «Ürəkaçanlar» (1944), «Gözün aydın» (1946) kimi maraqlı əsərlər yaratmışdır. «Nəsimi» (1973), «Min bir gecə» (1979), «Nizami» (1984) baletlərinin müəllifidir. Azərbaycanda konsert janrının ilk nümunələrini Fikrət Əmirov yaratmışdır. F.Əmirovun özünəməxsus bəstəkarlıq dəst-xətti onun instrumental və kamera vokal əsərlərində də təzahür edir. «Fortepiano üçün 12 miniatür», müxtəlif pyeslərin, «Ulduz», «Azərbaycan elləri», «Gülüm», «Gülərəm gülsən» və başqa romans və mahnıların müəllifidir. O həmçinin dram tamaşalarına, «Böyük dayaq», «Mən ki gözəl deyildim» və bir sıra başqa filmlərə musiqi bəstələmişdir. 1949-da SSRİ Dövlət Mükafatına, 1955-də Əməkdar incəsənət xadimi adına, 1965-ci ildə SSRİ Xalq artisti fəxri adına, 1967-ci ildə Respublika Lenin Komsomolu Mükafatına, 1982-ci ildə «Min bir gecə» baletinə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. «Lenin» ordeni (1959), «Oraq və Çəkiç» qızıl medalı ilə təltif olunmuşdur. AMEA-nın müxbir üzvü Fikrət Əmirov 20 fevral 1984-cü ildə Bakıda vəfat etmiş və Fəxri Xiyabanda dəfn edilmişdir. |
|
(1922-1984) |