Qasımzadə Ənvər Əlibəy oğlu

Ənvər Əlibəy oğlu Qasımzadə 12 fev­ral 1912-ci ildə Salyan şəhərində ana­dan olmuş­dur. İlk təhsilini Bakı Müəl­limlər Se­mi­na­ri­ya­sında almış­dır. 1930-cu il­də N.Nə­rimanov adına Azər­baycan Sə­na­ye Tex­niku­munun İnşaat şöbə­si­ni bitir­miş və M.Əziz­bəyov adına Azərbay­can Sənaye İns­ti­tu­tuna göndərilmişdir. 1936-cı ildə burada ali təh­silini başa vurmuş və mühəndis-memar ix­ti­sasına yiyələnmişdir.

1934-cü ildən “Azərdövlətla­yi­hə” təş­ki­latında çalışmış, həmçinin Ba­kı İnşaat Tex­ni­kumunda dərs demişdir. 1941-ci ildə Azər­bay­can SSR Kommu­nal Təsər­rüfatı Xalq Ko­mis­sarlığı ya­nın­da Mənzil Kommunal Baş İda­­rə­si­nin rəisi və eyni zamanda, Bakı İnşaat Tex­­nikumunun direktoru vəzifələrinə tə­yin edil­mişdir. 1942-ci ilin əvvəl­lə­rin­də könüllü za­bitlər hazırlığı kurs­la­rı­na daxil olmuş və ap­rel ayından II Dünya müharibəsində iştirak et­miş­dir. Terek sahillərindən Berlinə qədər dö­yüş yolu keçmişdir. “Qırmızı Bay­raq”, “Qır­mı­zı  Ulduz”, I və II dərəcəli “II Dünya mü­ha­ri­bəsi” ordenləri ilə və 6 medalla təltif edil­miş­dir.

1946-cı ilin iyununda Azər­bay­can hö­kü­mətinin müraciəti əsasında hər­bi xid­mətdən geri çağırılmışdır. 1947-ci ildən Azərbaycan SSR Nazirlər Sovetinin Me­mar­­lıq İşləri üzrə İda­rəsinin rəisi, 1951-1953-cü illərdə Bakı Şə­hər Soveti İcraiyyə Komitəsi sədrinin  birinci müa­vini, 1953-1955-ci illərdə Tikinti naziri, 1955-1957-ci illərdə Dövlət Tikinti Ko­mi­tə­si­nin sədri, 1957-1958-ci illərdə nazir – Dövlət Plan Komitəsi sədrinin birinci müavini və­zi­fə­lə­rin­də çalışmışdır, 1959-cu ildə Azərbay­can Me­mar­lar İttifaqına rəhbərlik et­miş, 1962-ci ildə Azər­baycan Politexnik İnsti­tutuna rektor təyin olun­muşdur.

Görkəmli alim 1964-cü ildə memarlıq doktoru elmi də­rə­cəsini,1966-cı ildə professor elmi adını almış, 1968-ci ildə Azərbaycan Elm­lər Ak­a­de­mi­ya­sı­nın müxbir üzvü se­­çilmişdir. Əməkdar in­şaat­çı fəxri adı­na layiq görülmüşdür.

Onun layihələri əsasında Bakıda, Gən­cə­də, Daşkəsəndə, Xankəndidə onlarca yaşa­yış evi və ictimai binalar ucaldılmışdır. Bun­lardan Bakının Azərbaycan pros­pek­tin­də­ki, İnşaatçılar prospektindəki, keçmiş Şimali So­vet meydanındakı, Ağa Nemətulla kü­çə­sin­də­ki evləri, indiki Gömrük Komi­təsi və Ma­liy­yə Na­zir­liyinin inzibatı binalarını, Ba­kıxa­nov küçəsindəki Azərbaycan Tibb Uni­ver­si­te­ti­nin əsas korpuslarını, metronun "Ulduz" stan­­siyasını və başqalarını yada sal­maq ki­fa­yət­dir. Ənvər Qasımzadə 60-dan çox elmi mə­qa­lə­nin və 7 mono­qrafi­yanın müəllifidir.

AMEA-nın müxbir üzvü Ənvər Qasımzadə 1969-cu il mart ayının 12-də  Bakıda vəfat etmiş və Fəxri Xi­ya­ban­da dəfn olunmuşdur. 

(1912-1969)