Məmmədəliyev Həbib Mehdi oğlu

Məmmədəliyev Həbib Mehdi oğlu 1912-ci il martın 29-da Ordubad şəhə­rində anadan olmuşdur. 1937-ci ildə Azərbaycan Sə­naye İnstitutunu muhəndis-kimyaçı tex­noloq ixti­sası üzrə bitirmişdir.

H.Məmmədəliyev 1945-ci ildə kimya üzrə fəlsəfə doktoru və 1955-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1956-cı ildə professor elmi adını almış, 1967-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdir.

Azərbay­can SSR EA-nın Neft İnstitutunun laboratoriya müdiri (1945-1955), SSRİ EA-nın Neft İnstitutunda boyük elmi işçi, qrup rəhbəri (1955-1961), SSRİ EA Neft-Kimya Sintezi İnstitutunda Aromatik monomerlər laboratoriyasının rəhbəri işləmişdir (1961- 1975).

İkinci Dünya Müharibəsi illərində H.Məmmədəliyev ordu sıralarında iştirak etmiş və hərbi texnikanın yanacaq və sürtkü materialları ilə təmin edilməsi üzərində elmi tədqiqat işləri aparmışdır.

H.Məmmədəliyevin əsas elmi istiqaməti aromatik karbohidrogenlərin alkil­ləşdirilməsi, dealkilləşdirilməsi və izomerlərə çevrilməsi reaksiyalarına həsr edilmişdir.

H.Məmmədəliyev əməkdaşları ilə birlikdə fenolların alümosilikat və turşu katalizator­ları üzərində aklilləşmə və arilalkilləşmə reaksiyalarını ət­raf­lı tədqiq edərək, əsas və əlavə reaksiyaların ümumi sxemlərini müəy­yənləşdirmiş və onların kinetik qanunauyğunluqlarını aşkara çıxarmışdır.

H.Məmmədəliyevin rəhbərliyi ilə işlənib hazırlanmış katalitik rifor­minq prosesi piroliz qurğularında aromatik karbohidrogen istehsalını 1,5-2 dəfə artırmağa imkan vermişdir.

H.Məmmədəliyev tərəfindən neft və yanar şistlərin pirolizindən alınan ma­ye karbohidrogen tərkibi öyrənilmiş və sənaye miqyasında sənaye neft məh­sulları olan stirol və inden fraksiyasının ayrılma prosesi işlənib hazırlan­mışdır.

H.Məmmədəliyevin rəhbərliyi ilə 15 fəlsəfə doktoru hazırlanmışdır.

H.Məmmədəliyev 180 elmi əsərin, o cümlədən 13 müəlliflik şəhadət­naməsi və 1 monoqrafiyanın müəllifidir.

Neft-kimya sənayəsində xidmətlərinə görə Azərbaycan Ali Soveti­nin Fəxri Fərmanı ilə təltif edilmişdir.

AMEA-nın müxbir üzvü Həbib Məmmədəliyev 1975-ci ildə Bakıda vəfat etmişdir.

 (1912-1975)