Səmədov Niyazi Həmid oğlu

Niyazi Həmid oğlu Səmədov 1916-cı il dekabrın 31-də Şəki şəhərində ana­dan olmuşdur. Şəki Kənd Təsərrüfatı Texnikumu­nun İpəkçilik bölməsini (1932), Daşkənd Kənd Təsərrüfatı İnstitutunun İpək­çilik fa­kültəsini bitir­mişdir (1941).

N.H.Səmədov fəlsəfə doktorluğu (1951), elmlər doktorluğu (1964) dissertasi­ya­larını müdafiə etmiş, professor elmi adı almışdır (1971), Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdir (1980).

1941-1946-cı illərdə Sovet ordusu sıralarında xidmət etmiş, 1946-cı ildə zabit rütbəsində tərxis olunmuşdur. O, AMEA Zoologiya İnstitutunda kiçik elmi işçi (1947), baş elmi işçi (1954) vəzi­fə­lərində işləmış, institutun elmi işlər üzrə direktor müavini (1955-1961), 1961-ci ildən ömrünün sonunadək Entomolo­giya laborato­ri­yasının müdiri vəzifəsində çalışmışdır.

N.H.Səmədovun Azərbaycan entomologiya, torpaq zoologiyası, bio­senolo­gi­ya və bitki mühafizəsinə dair aparılan elmi tədqiqat işlərinin təşkili və inkişafı sahəsində, həmçinin elmi kadrların hazırlanmasında böyük xidmətləri olmuş­dur. N.H.Səmədovun apardığı elmi tədqiqat işləri əsasən həşəratların böcək­lər dəstə­sinin tədqiqinə, başlıca növlərin bioekoloji xüsusiyyətlərinin, təsərrüfat əhəmiy­yə­tinin öyrənilməsinə və ciddi zərərverici növlərə qarşı mübarizə təd­birlərinin elmi əsaslarının hazırlanması və tətbiqi məsələlərinə həsr olun­muşdur.

N.Səmədov tərəfindən Azərbaycanda 26 fəsiləyə mənsub 2900-dən çox bö­cək növü aşkar edilmiş, onların 16-sı elm üçün yeni olmuş, 43-ü SSRİ fau­nası, 89-u Qafqaz faunası, 760 növü respublika faunası üçün ilk dəfə qeyd olunmuş­dur. O, 431 növün kənd təsərrüfatı bitkilərinə zərər verdiyini müəy­yən etmişdir ki, bunların da 30-u zərərverici kimi ilk dəfə təsdiq edilmişdir.

N.H.Səmədov “İnsan və biosfer” proqramı əsasında torpaq zoologi­yası və biosenologiya üzrə elmi tədqiqat işlərinin Azərbaycanda təşkili və inkişafında da fəal iştirak etmişdir.

N. Səmədov 200-dən çox elmi məqalənin, 5 monoqrafiyanın, 6 elmi-kütləvi kitabçanın və 3 ixtiranın müəllifidir. Onun 8 əsəri Avstriya, İngil­tərə, Almaniya, Fransa və Çexoslovakiyada çap olunmuşdur.

N.Səmədovun rəhbərliyi altında 7 elmlər doktoru və 40 fəlsəfə doktoru dis­ser­tasiyası hazırlanmış və müdafiə edilmişdir.

O, Hindistan Beynəlxalq Zoologiya Akademiyasının həqiqi üzvü (1972), SSRİ EA Ümumittifaq Entomologiya Cəmiyyətinin fəxri üzvü (1979) seçilmiş, Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. II Dünya müharibəsində iştirakına görə “II dərəcəli Vətən müharibəsi” ordeni və 8 medalla təltif edilmişdir.

AMEA-nın müxbir üzvü Niyazi Səmədov 23 may 1989-cu ildə Bakıda vəfat etmişdir.

(1916-1989)