Niyazi Həmid oğlu Səmədov 1916-cı il dekabrın 31-də Şəki şəhərində anadan olmuşdur. Şəki Kənd Təsərrüfatı Texnikumunun İpəkçilik bölməsini (1932), Daşkənd Kənd Təsərrüfatı İnstitutunun İpəkçilik fakültəsini bitirmişdir (1941).
N.H.Səmədov fəlsəfə doktorluğu (1951), elmlər doktorluğu (1964) dissertasiyalarını müdafiə etmiş, professor elmi adı almışdır (1971), Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdir (1980). 1941-1946-cı illərdə Sovet ordusu sıralarında xidmət etmiş, 1946-cı ildə zabit rütbəsində tərxis olunmuşdur. O, AMEA Zoologiya İnstitutunda kiçik elmi işçi (1947), baş elmi işçi (1954) vəzifələrində işləmış, institutun elmi işlər üzrə direktor müavini (1955-1961), 1961-ci ildən ömrünün sonunadək Entomologiya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. N.H.Səmədovun Azərbaycan entomologiya, torpaq zoologiyası, biosenologiya və bitki mühafizəsinə dair aparılan elmi tədqiqat işlərinin təşkili və inkişafı sahəsində, həmçinin elmi kadrların hazırlanmasında böyük xidmətləri olmuşdur. N.H.Səmədovun apardığı elmi tədqiqat işləri əsasən həşəratların böcəklər dəstəsinin tədqiqinə, başlıca növlərin bioekoloji xüsusiyyətlərinin, təsərrüfat əhəmiyyətinin öyrənilməsinə və ciddi zərərverici növlərə qarşı mübarizə tədbirlərinin elmi əsaslarının hazırlanması və tətbiqi məsələlərinə həsr olunmuşdur. N.Səmədov tərəfindən Azərbaycanda 26 fəsiləyə mənsub 2900-dən çox böcək növü aşkar edilmiş, onların 16-sı elm üçün yeni olmuş, 43-ü SSRİ faunası, 89-u Qafqaz faunası, 760 növü respublika faunası üçün ilk dəfə qeyd olunmuşdur. O, 431 növün kənd təsərrüfatı bitkilərinə zərər verdiyini müəyyən etmişdir ki, bunların da 30-u zərərverici kimi ilk dəfə təsdiq edilmişdir. N.H.Səmədov “İnsan və biosfer” proqramı əsasında torpaq zoologiyası və biosenologiya üzrə elmi tədqiqat işlərinin Azərbaycanda təşkili və inkişafında da fəal iştirak etmişdir. N. Səmədov 200-dən çox elmi məqalənin, 5 monoqrafiyanın, 6 elmi-kütləvi kitabçanın və 3 ixtiranın müəllifidir. Onun 8 əsəri Avstriya, İngiltərə, Almaniya, Fransa və Çexoslovakiyada çap olunmuşdur. N.Səmədovun rəhbərliyi altında 7 elmlər doktoru və 40 fəlsəfə doktoru dissertasiyası hazırlanmış və müdafiə edilmişdir. O, Hindistan Beynəlxalq Zoologiya Akademiyasının həqiqi üzvü (1972), SSRİ EA Ümumittifaq Entomologiya Cəmiyyətinin fəxri üzvü (1979) seçilmiş, Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. II Dünya müharibəsində iştirakına görə “II dərəcəli Vətən müharibəsi” ordeni və 8 medalla təltif edilmişdir. AMEA-nın müxbir üzvü Niyazi Səmədov 23 may 1989-cu ildə Bakıda vəfat etmişdir. |
|
(1916-1989)
|