Abdullayev İlyas Kərim oğlu

Abdullayev İlyas Kərim oğlu 1913-cü il mart ayının 23-də Ağstafada də­miryolçu ailəsində anadan olmuşdur. Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir (1934). 1939-cu ildə namizədlik dissertasiyası müdafiə etmiş, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir (1955). 1956-cı ildən ömrü­nün sonuna qədər Genetika və Seleksiya İnstitutunun (indiki Genetik Ehtiyat­lar İns­ti­tutu) Çoxillik bitkilərin genetikası və seleksi­yası şöbəsinə rəhb­ərlik etmişdir.

İ.Abdullayev “Azərbaycan SSR-də meyvəçiliyin, üzümçülüyün və tutçulu­ğun inkişafı haqda” tədbirlərin hazırlanması üzrə Respublika komissiyasının sədri (1957), “Azərbaycan SSR-in Atlası”nın hazırlanması və nəşri üzrə Azər­baycan SSR EA komissiyası sədri (1958), SSR Baş sərgi komitəsinin üzvü və Kənd Təsəsrrüfatı Nailiyyətləri Sərgisinin Azərbaycan Respublika komitə­sinin sədri (1948-1958) olmuşdur.

İ.Abdullayev Genetika və Seleksiya İnstitutu Elmi Şurasının üzvü (1959), Azərbaycan Sovet Ensiklopediyası Elmi Redaksiya Şurasının üzvü və Azər­bay­can SSR EA Genetika və Seleksiya üzrə Problem Şurasının üzvü (1963), Azər­baycan Genetiklər və Seleksiyaçılar Cəmiyyətinin Prezidenti, N.İ.Vavilov adına Ümumittifaq Genetiklər və Seleksiyaçılar Cəmiyyəti Rəyasət Heyətinin üzvü, Azərbaycan SSR EA Biologiya elmləri bölməsi akademik-katibinin müa­vini (1967), biologiya elmləri üzrə Birləşmiş Şuranın üzvü, Azərbaycan SSR EA Əlaqələndirmə Şurasının üzvü və Genetika, Seleksiya və toxumçuluq ixtisası üzrə Müdafiə Şurasının üzvü olmuşdur (1969).

Genetiklərin və seleksiyaçıların qurultaylarının nümayəndəsi (1966, 1971, 1976, 1981), həmin cəmiyyətin qurultaylarının təşkilat komitəsinin sədri, “Tutun eksperimental poliploidiyası” üzrə Ümumittifaq simpoziumla­rının səd­ri olmuşdur. Akademik İ.Abdullayev Azərbaycanın Kənd Təsərrüfatı naziri, Azər­baycan Nazirlər Soveti Sədrinin birinci müavini, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri vəzifələrində çalışmışdır. 1959-cu ildən ömrünün sonunadək elmi fəaliyyətlə məşğul olmuşdur.

Alim 8 kitab və 6 monoqrafiyanın, 200-ə yaxın elmi məqalənin müəllifidir. Onun elmi yaradıcılığı genetik sitologiya və seleksiyanın bir çox problemləri­nin həllinə həsr olunmuşdur. Morus cinsinin poliploid sırasının yaradılması alimin ən böyük elmi nailiyyətlərindən biri hesab olunur. İ.K.Abdullayevin apardığı tədqiqatlar nəticəsində “Zərif” tut, “Sıxgöz” tut, “Azəri” tut, “Xanlar” tut və s. kimi tut sortları yaradılmışdır.

İ.Abdullayev yüksək ixtisaslı kadrların hazırlanması işinə böyük əmək sərf etmişdir. Onun elmi rəhbərliyi altında 10-dan çox namizədlik disserta­siyası müdafiə edilmişdir.

Akademik İ.Abdullayevin xidmətləri dövlət tərəfindən yüksək qiymət­ləndirilmiş və alim müxtəlif orden və medallarla təltif edilmişdir.

Akademik Abdullayev İlyas Kərim oğlu 30 aprel 1985-ci ildə Bakıda vəfat etmişdir.

(1913-1985)