Dadaşov Sadıq Ələkbər oğlu

Azərbaycan Milli Elmlər Akademiya­sının həqiqi üzvü Sadıq Ələkbər oğlu Dada­şov 15 aprel 1905-ci ildə Bakıda anadan ol­muş­dur.  O, 1929-cu ildə Bakı Politexnik İns­ti­­tu­tu­nun İnşaat fa­kül­təsini bitirmişdir.

S.Dadaşov 1944-cü il­də Azər­­baycan SSR Xalq Komissar­la­rı Soveti ya­­nında Me­marlıq İşləri İdarəsinin ilk rəisi ol­muş­dur. Görkəmli alim 1941-ci ildə SSRİ Me­mar­lıq Akademiya­sı­nın müxbir üz­vü, 1945-ci ildə yeni yaradıl­mış Azər­baycan SSR Elmlər Aka­demiyası­nın (in­­di­ki Azərbay­can Milli Elm­lər Akade­miyası) həqiqi üzvü seçil­mişdir. 1940-cı ildə ona Azər­­bay­canın Əməkdar incəsənət xadimi fəxri adı verilmiş, 1941-ci ildə SSRİ Dövlət mü­ka­fatına layiq görülmüşdür. «Lenin» or­de­ni, «Qırmızı Əmək Bay­ra­ğı» ordeni və me­dal­lar­la təltif edilmişdir.

S.Dadaşov Azər­bay­can memarlıq irsinin ilk elmi təd­qi­qat­çı­sı­dır. Azər­bay­can me­mar­­lığı tarixinin öy­rə­nil­məsinin əsasını qoy­muş, bu məqsədlə 1934-1940 və 1944-1946-cı illərdə Azər­bay­ca­­nın bir sıra ra­yon­la­rı­na elmi səfərlərə çıx­mış­dır. O, me­mar­lıq üzrə elmi-nə­zəri əsərlərini görkəmli Azər­bay­can me­marı və memarlıq tarixçisi Mi­ka­yıl Useynovla bir­gə ya­ratmışdır.  Alimin layi­həsi ilə Ba­­kı­da və respublikanın başqa şəhərlərində çox­lu yaşa­yış, ictimai və mədəni-məi­şət binaları tikilmiş və bu memarlıq əsərləri Azərbaycan memar­lığının in­ki­şa­fın­da böyük rol oynamışdır.

Görkəmli memar 1929-1933-cü illərdə 23 ti­ki­­li­nin layihəsini vermiş­dir. Bunlara 1932-1933-cü illərdə inşa edilmiş Bakıdakı fab­rik-mətbəx (Bayıl­da), Azərbaycan Sənaye İns­­ti­tu­tunun yeni binası (indiki Azərbaycan Döv­lət Neft Aka­demiyası), İn­cə­sənət İşçiləri Evi, bir sıra yaşayış binaları komp­leksi, Qazaxdakı Pedaqoji Texnikumun bi­nası (hamısı 1933-cü ildə) aiddir.

S.Dadaşovun əsas işləri sırasında Azərbaycan Texniki Univer­si­te­ti­nin binası­nı (1931-1933), “Nizami” kinoteatrının binasını (1937), Bakı Musiqi Akademiya­sının binasını (1938), Nizami Gəncəvi adına Milli Azər­bay­can Ədə­biyyatı Muze­yinin binasını (1940) və s. göstərmək olar. O, Ni­za­­­mi Gən­cə­vinin 1946-cı ildə Gən­cə­də, 1949-cu ildə Bakıda qo­­yul­muş abidələrinin layihə müəllifidir.

Akademik Sadıq Dadaşov 24 dekabr 1946-cı ildə Mosk­vada vəfat etmiş, Bakıda dəfn olun­muş­dur.

(1905-1946)