Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş həqiqi üzvlər

Əliyev Həsən Əlirza oğlu
H.Əliyev 1907-ci il dekabrın 15-də Ermənis­ta­nın Sisyan rayonunun Comərdli kəndində anadan olmuşdur. 1932-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitu­tunu bitirmişdir. İkinci Dünya müharibəsində iştirak etmişdir.

H.Əliyev 1944-cü ildə aqrar elmlər üz­rə fəlsəfə doktoru, 1965-ci ildə aqrar elm­lər üzrə elmlər doktoru elmi dərəcələrini al­mış­, 1952-ci ildə isə Azərbaycan Elmlər Aka­demiyasının (AEA) həqiqi üzvü seçilmişdir.

H.Əliyev əmək fəaliyyətinə fəhləlikdən başlamış, müəllim, Şirvan Zona-Təcrü­bə stansiyasının direktoru, SSRİ Elmlər Akademiyasının Azər­baycan Filia­lında Coğrafiya Bölməsinin rəhbəri olmuş, AEA Torpaqşünas­lıq və Aqro­kimya İnstitu­tunun elmi işlər üzrə direktor müavini, AEA Bota­nika İnstitutu­nun direktoru, Azərbaycan KP MK-nın katibi və respublika Kənd Təsərrüfatı nazirinin birinci müavini vəzifələrində işləmişdir. H.Əliyev AEA-nın akademik-katibi, Torpaqşü­nas­lıq və Aqrokimya İnstitutunda “Meşə torpaq­larının coğ­rafiyası” şöbəsinin rəhbəri, 1968-1987-ci illərdə AEA Coğrafiya İnstitutunun direktoru, 1987-ci ildən ömrünün sonuna kimi isə direktorun məsləhətçisi olmuşdur.

H.Əliyevin əsas tədqiqat sahəsi meşə torpaqlarının coğrafiyası, res­publika torpaq xəritələrinin hazırlanması, ekoloji problemlərin həlli, quru meliorasi­yanın inkişafı və Azərbaycan Respublikasının bioloji, ekoloji prob­lemlərinin beynəlxalq aləmdə təbliğ edilməsi olmuşdur. Alim meşəçilik elminin inkişafına geniş yer vermiş, Azərbaycanda 40 min hektardan artıq meşə altından çıxmış torpaqlardan daha səmərəli istifadə etməyin yollarını müəyyənləşdirmişdir. İlk dəfə dağ yamaclarında az istifadəli torpaqlarda quru fitomeliorasiya işlərinin həyata keçirilməsinin elmi təşkilini uzun illər araşdırmış, ömrünün sonuna qədər həmin tədqiqatları davam etdirmişdir.

H.Əliyev 6 monoqrafiya, 13 kitab, 300-dən çox elmi, 189 elmi-kütləvi məqa­lənin müəllifi, 50-dən çox xəritənin həmmüəllifi və redaktoru olmuşdur.

H.Əliyev öz elmi fəaliyyəti dövründə Afrika, Asiya, Amerika, Avstra­liya qitə­lərində, o cümlədən, Yunanıstan, ABŞ, Kanada, Rumıniya, İsveçrə, Macarıs­tan, Yaponiya, keçmiş Qərbi Almaniya və s. ölkələrdə keçirilən elmi konqres­lərdə, simpoziumlarda iştirak etmişdir.

H.Əliyevin rəhbərliyi ilə 5 elmlər doktoru, 20-dən artıq fəlsəfə dok­toru ye­tişdirilmişdir. H.Əliyev «Azərbaycan təbiəti» jurnalının yaradıcısı və baş redak­toru, coğrafiya üzrə bir sıra problemlər üzrə elmi şuraların üzvü, Azər­baycan Coğrafiya Cəmiyyətinin, Təbiəti Mühafizə Cəmiyyətinin prezi­denti, Azər­baycan Sovet Ensiklopediyası Baş redaksiya heyətinin üzvü olmuşdur.

H.Əliyev elmdə xidmətlərinə və ictimai-siyasi fəaliyyətinə görə «Lenin» ordeni, «Qırmızı Əmək Bayrağı» ordeni, «Şərəf nişanı» ordeni, “Oktyabr in­qilabı” ordeni, Vavilov adına qızıl medal və b. yüksək dövlət mükafatla­rına layiq görülmüş, bir neçə çağırış Azərbaycan Respublikası Ali Sove­tinə deputat seçil­mişdir. 1974-cü ildə elmdə xidmətlərinə görə ona Res­publikanın Əməkdar elm xadimi adı verilmiş, 1978-ci ildə təbiətin mühafi­zəsi və Azərbay­canın təbii ehti­yatlarından səmərəli istifadə üzrə kompleks işlərinə görə Respublika Döv­lət Mükafatına layiq görülmüşdür.

Akademik Həsən Əliyev 1993-cü ildə Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir.

 (1907-1993)