H.Əliyev 1907-ci il dekabrın 15-də Ermənistanın Sisyan rayonunun Comərdli kəndində anadan olmuşdur. 1932-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. İkinci Dünya müharibəsində iştirak etmişdir.
H.Əliyev 1944-cü ildə aqrar elmlər üzrə fəlsəfə doktoru, 1965-ci ildə aqrar elmlər üzrə elmlər doktoru elmi dərəcələrini almış, 1952-ci ildə isə Azərbaycan Elmlər Akademiyasının (AEA) həqiqi üzvü seçilmişdir. H.Əliyev əmək fəaliyyətinə fəhləlikdən başlamış, müəllim, Şirvan Zona-Təcrübə stansiyasının direktoru, SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialında Coğrafiya Bölməsinin rəhbəri olmuş, AEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi işlər üzrə direktor müavini, AEA Botanika İnstitutunun direktoru, Azərbaycan KP MK-nın katibi və respublika Kənd Təsərrüfatı nazirinin birinci müavini vəzifələrində işləmişdir. H.Əliyev AEA-nın akademik-katibi, Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “Meşə torpaqlarının coğrafiyası” şöbəsinin rəhbəri, 1968-1987-ci illərdə AEA Coğrafiya İnstitutunun direktoru, 1987-ci ildən ömrünün sonuna kimi isə direktorun məsləhətçisi olmuşdur. H.Əliyevin əsas tədqiqat sahəsi meşə torpaqlarının coğrafiyası, respublika torpaq xəritələrinin hazırlanması, ekoloji problemlərin həlli, quru meliorasiyanın inkişafı və Azərbaycan Respublikasının bioloji, ekoloji problemlərinin beynəlxalq aləmdə təbliğ edilməsi olmuşdur. Alim meşəçilik elminin inkişafına geniş yer vermiş, Azərbaycanda 40 min hektardan artıq meşə altından çıxmış torpaqlardan daha səmərəli istifadə etməyin yollarını müəyyənləşdirmişdir. İlk dəfə dağ yamaclarında az istifadəli torpaqlarda quru fitomeliorasiya işlərinin həyata keçirilməsinin elmi təşkilini uzun illər araşdırmış, ömrünün sonuna qədər həmin tədqiqatları davam etdirmişdir. H.Əliyev 6 monoqrafiya, 13 kitab, 300-dən çox elmi, 189 elmi-kütləvi məqalənin müəllifi, 50-dən çox xəritənin həmmüəllifi və redaktoru olmuşdur. H.Əliyev öz elmi fəaliyyəti dövründə Afrika, Asiya, Amerika, Avstraliya qitələrində, o cümlədən, Yunanıstan, ABŞ, Kanada, Rumıniya, İsveçrə, Macarıstan, Yaponiya, keçmiş Qərbi Almaniya və s. ölkələrdə keçirilən elmi konqreslərdə, simpoziumlarda iştirak etmişdir. H.Əliyevin rəhbərliyi ilə 5 elmlər doktoru, 20-dən artıq fəlsəfə doktoru yetişdirilmişdir. H.Əliyev «Azərbaycan təbiəti» jurnalının yaradıcısı və baş redaktoru, coğrafiya üzrə bir sıra problemlər üzrə elmi şuraların üzvü, Azərbaycan Coğrafiya Cəmiyyətinin, Təbiəti Mühafizə Cəmiyyətinin prezidenti, Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiya heyətinin üzvü olmuşdur. H.Əliyev elmdə xidmətlərinə və ictimai-siyasi fəaliyyətinə görə «Lenin» ordeni, «Qırmızı Əmək Bayrağı» ordeni, «Şərəf nişanı» ordeni, “Oktyabr inqilabı” ordeni, Vavilov adına qızıl medal və b. yüksək dövlət mükafatlarına layiq görülmüş, bir neçə çağırış Azərbaycan Respublikası Ali Sovetinə deputat seçilmişdir. 1974-cü ildə elmdə xidmətlərinə görə ona Respublikanın Əməkdar elm xadimi adı verilmiş, 1978-ci ildə təbiətin mühafizəsi və Azərbaycanın təbii ehtiyatlarından səmərəli istifadə üzrə kompleks işlərinə görə Respublika Dövlət Mükafatına layiq görülmüşdür. Akademik Həsən Əliyev 1993-cü ildə Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir. |
|
(1907-1993) |