Əliyeva Zərifə Əziz qızı

Əliyeva Zərifə Əziz qızı 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respubli­kasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 1942-ci ildə Bakıda orta məktəbi əla qiymətlərlə, 1947-ci ildə isə Azərbaycan Dövlət Tibb İnstitutunun Müa­licə-profilaktika fakültəsini fərqlənmə diplo­mu ilə bitirmişdir. 1947-1949-cu illərdə Ümum­ittifaq Mərkəzi Həkimləri Təkmilləş­dirmə İnstitu­tun­da (Moskva) diplomdan son­rakı hazırlıq fəaliyyəti nəticəsində oftal­molo­giya ixtisası üzrə mütəxəssis kimi təkmilləşmişdir.

Z.Əliyeva fəlsəfə doktoru (1959), M.Helmholts adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda (Moskva) elmlər doktoru (1976) dissertasiya­larını mü­da­fiə etmiş, professor elmi adını almış (1977), Azərbaycan Elmlər Akademi­yasının həqiqi üzvü seçilmişdir (1983). Z.Əliyeva Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi (1949), böyük elmi işçi (1960-1967), sonralar Azər­bay­can Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafed­rası­nın müdiri vəzifələrində çalışmışdır (1967-1985).

Z.Əliyevanın təşəbbüsü ilə 1979-cu ildə Fiziologiya İnstitutunun Bakı Məişət kondisionerləri zavodu nəzdində işçilərin görmə orqanının fiziolo­gi­yası və pro­fessional patologiyasının problemi ilə məşğul olan ilk ixtisas­laşmış laboratori­yası təşkil edilmişdir. Eksperimental tədqiqatlar nəticəsində istehsa­latda aşağı­in­tensivli zərərli maddələrin görmə orqanına təsirinin mühüm qanunauyğun­luqları alim tərəfindən aşkar olunmuşdur. Z.Əliyevanın oftalmologiya sahəsin­də çoxşaxəli elmi fəaliyyətinin əsas istiqamətini traxoma xəstəliyinin klinikası, görmə orqanının fiziologi­yası və peşə xəstəliklərinin təsiri nəticəsində baş ve­rən göz patologiyalarının profi­laktikası, diaqnostikası və müalicəsi, kimya sə­nayesi müəssisələrinin işçilə­rində görmə orqanının vəziyyəti, herpetik göz xəs­təlikləri, ağır virus kon­yunk­tivitləri, gözün hidrodinamik sisteminin fizioloji-anatomik xarakte­ris­tikası, göz sulanmasının müasir cərrahiyyə üsulları ilə mü­a­­li­cəsi, şəkərli diabet zamanı göz xəstəlikləri, terapevtik oftalmologiya, irido­diaq­nostikanın əsasları, qlaukoma problemləri və s. təşkil etmişdir.

Z.Əliyeva 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlə­ri­nin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəl­lifi olmuşdur. Z.Əliye­va onlarca elmlər doktoru və fəlsəfə doktorunun elmi rəh­bəri və məsləhətçisi olmuşdur. Çox sayda beynəlxalq qurultay, konqres, simpo­zium­larda iştirak etmiş akademik Z.Əliyevanın təşəbbüsü və təşkilat­çılığı ilə Bakıda ilk dəfə Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin Plenumu yüksək səviyyədə keçirilmişdir (1977). Z.Əliyeva SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsinin sədr müavini, SSRİ Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin, “Of­tal­­mo­logiya xəbərləri” jurnalının (Moskva) redaksiya heyətinin, respublika “Bilik” Cəmiyyəti İdarə heyətinin üzvü olmuşdur.

Z.Əliyeva SSRİ Tibb Elmləri Akademiyasının “Akademik M.Aver­bax” müka­fatı ilə təltif olunan (1981) ilk qadın alim olmuş, Əməkdar elm xadimi fəxri adına (1982) layiq görülmüş, “Qırmızı Əmək Bayrağı” ordeni (1982) ilə təltif olunmuşdur.

AR Səhiyyə Nazirliyinin Milli Oftalmologiya Mərkəzi akademik Z.Əliyevanın adı­nı daşıyır, Bakı şəhərində mərkəzi küçələrdən birinə alimin adı verilmişdir.

Akafemik Zərifə Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat etmiş, 1994-cü ildə cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur.

(1923-1985)