Hüseynov Əşrəf İsgəndər oğlu

Hüseynov Əşrəf İskəndər oğlu 1907-ci il sentyabrın 20-də Cəbrayıl rayonu­nun Əmir­var­lı kəndində anadan olmuşdur.

1931-ci ildə Azərbaycan Dövlət Uni­ver­sitetini bitirmişdir.

Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru (1938), fizika-riyaziyyat üzrə elmlər doktoru (1948) elmi dərəcəsini, professor elmi adını almış, 1963-cü ildə AEA müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilmisdir.

Azərbaycan Dövlət Universitetində (indiki BDU) kafedra müdiri və dekan (1939-1965), AEA Kibernetika İnstitutunun direktoru (1965-1970), AEA Fizi­ka-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi (1971-1980) vəzifələrində çalışmışdır.

Ə.Hüseynov Azərbaycanda müasir riyaziyyat elmi məktəbinin yaradı­cıların­dan biridir. Qeyri-xətti riyazi fizika, nəzəri və tətbiqi mexanika, o cüm­lədən yer­altı qazodinamikanın çoxsaylı məsələlərinin tədqiqi, əsaslan­dı­rılması və həlli ilə bağlı qeyri-xətti sinqulyar inteqral tənliklər nəzəriyyəsinin ilk yaradıcıların­dan­dır və bu sahədə görkəmli riyazi elmi məktəb və ənənə formalaşdırmışdır. Poten­siallar nəzəriyyəsi, funksional analiz, diferensial tənliklər, kompleks dəyişənli funksiyaların sərhəd məsələləri sahəsində tədqiqatlar apar­mıs, öz adı ilə bağlı olan funksiyalar fəzasını qurmuş, bu fəzada Koşi nüvəli qeyri-xətti sinqulyar inteqral tənliklər üçün varlıq və yeganəlik teoremlərini isbat etmişdir. İlk dəfə analitik funksiyalar üçün qeyri-xətti Hilbert məsələsini tədqiq etmisdir. Dövrü funksiyalar üçün təklif etdiyi fəzada İ.İ.Privalovun məşhur teoremi ümumiləşdi­ril­miş, dairənin dairəyə yaxın oblasta konform inikası məsələsi Holder sinfində qeyri-xətti inteqral tənliyə gətirilmiş və onun həlli üsulu verilmişdir. Analitik funksiyalar nəzəriyyəsinin xeyli sayda qeyri­-xətti sərhəd məsələlərini qoymuş və həll etmiş, müxtəlif nüvəli sinqulyar in­teq­ral tənliklərin məhdud həllərinin varlığı nəzəriyyəsi sahəsində geniş tətbiq olunan ciddi nəticələr almışdır.

Aldığı fundamental nəticələri tələbələri ilə birgə müxtəlif topoloji prin­siplər daxilində xeyli genişləndirmiş və riyazi fizika və qeyri-xətti funksional analizin çoxsaylı problemlərinin həlli və tədqiqində istifadə etmiş, qeyri-xətti tən­lik­lə­rin həllinin budaqlanması nəzəriyyəsi, onların həlli üsulları, kvazi-xətti, para­bo­lik və hiperbolik tənliklər üçün qarışıq məsələlər, sinqul­yar operator­ların struktur xassələri, qeyri-xətti sinqulyar inteqral tənliklər və analitik funksi­ya­lar üçün qeyri-xətti sərhəd məsələləri nəzəriyyəsi, sinqulyar-inteqral tənliklə­rin ədədi həlli kimi elmi istiqamətləri yaratmış və inkişaf etdirmişdir.

80-dən çox elmi məqalənin, dərsliyin müəllifidir. Rəhbərliyi altında 60-dan çox namizədlik və doktorluq dissertasiyası müdafiə olunmuşdur.

1960-cı ildə Əməkdar elm xadimi, Əməkdar müəllim fəxri adlarını almışdır.

Akademik Əşrəf Hüseynov 1980-ci ildə Bakıda vəfat etmişdir.

(1907-1980)