Quliyev Ələddin Musa oğlu

  (1927-1983)
Quliyev Ələddin Musa oğlu 1927-ci il iyulun 30-da Gəncə şəhərində anadan olmuş­dur. Azərbaycan Sənaye İnstitutunu muhən­dis-kimyaçı texnoloq ixtisası üzrə bitirmişdir (1949).

Ə.Quliyev 1955-ci ildə kimya üzrə fəl­səfə doktoru və 1967-ci ildə kimya üzrə elm­lər doktoru elmi dərəcəsini, 1968-ci ildə pro­fessor elmi adını almışdır. 1972-ci ildə Azər­baycan SSR EA-nın müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir.

 Neft-Kimya Prosesləri İnstitutunun laboratoriya müdiri (1959-1965), Ümum­ittifaq Elmi Tədqiqat Qaz İnstitutunun (ÜETQİ) Azərbaycan filialı­nın direktoru (1965-1974), ÜETQİ əsasında yaradılmış Təbii qazın nəqlə hazırlanması və emalı üzrə Ümumittifaq Elmi Tədqiqat və Layihə İnstitu­tunun direktoru (1974-1979), ADNA-da yeni yaratdığı kafedra müdiri vəzi­fələrində (1979-1983) çalışmışdır.

Ə.Quliyevin elmi fəaliyyəti əsasən neft və qazın kimyəvi emalı nəzə­riyyəsi və texnologiyası məsələlərinə həsr edilmişdir.

Onun rəhbərliyi ilə hərəkət edən sorbent təbəqəsində maye karbo­hid­rogen­lərdən normal parafinlər alınması texnologiyası hazırlanmış, çoxkom­ponentli qaz sistemlərini fasiləsiz adsorbsiya-xromotoqrafiya üsulu ilə ayır­manın nəzəri əsasları müəyyənləşdirilmişdir.

Ə.Quliyev hidrogen qazlarının qurudulması, təmizlənməsi, emalı və nəqlə hazır­lanmasında istifadə olunan metil spirtinin tutulması və regene­ra­siyasına dair təklif vermiş, qazları təmizləmək, qurutmaq və tərkib hissələri­nə ayırmaq üçün fasiləsiz adsorbsiya üsulunu işləyib hazırlamışdır. Onun sintez etdiyi “ВНИПИ-ГАЗ - 1” tipli aşqar növü qaz emalı qurğu­larında kö­pük­lənmənin qarşısını alır.

Ə.Quliyevin rəhbərliyi ilə aparılan elmi tədqiqatlar keçmiş SSRİ qaz sənaye­sinin elmi-texniki inkişafının istiqamətlərini müəyyənləşdirərək nəti­cədə yeni adsorbentlər, səthi-aktiv maddələr, korroziyaya qarşı aşqarlar, polimer kom­po­zisiyaları, köpüklənmənin qarşısını alan reagentlər, kombinə xassəsinə ma­lik uducular işlənib hazırlanmış və respublikada, Orta Asiyada, Ukraynada, Orenburqda, Uzaq Şərqdə tətbiq edilmişdir.

Onun rəhbərliyi ilə həmçinin adsorbsion-katalitik proses işlənib hazır­lan­mış və onun vasitəsi ilə qazların tərkibindəki kükürdlü birləşmələrdən sərbəst kükürd alınmışdır.

Ə.Quliyev 300-ə yaxın elmi əsərin, o cümlədən 5 monoqrafiya, 70 mü­əlliflik şəhadətnaməsinin və patentin müəllifidir.

Ə.Quliyev dəfələrlə Beynəlxalq və Ümumittifaq konqres və simpo­zium­larda iştirak etmişdir.

Onun rəhbərliyi ilə 15 fəlsəfə doktorluğu dissertasiyası müdafiə edilmişdir.

Ə.Quliyev “Qaz sənayesinin əlaçısı” döş nişanı, Qaz sənayesinin “Fəxri işçisi” adına layiq görülmüş. “Şərəf nişanı” ordeni, Azərbaycan Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

Akademik Ələddin Quliyev 1983-cü ildə Bakıda vəfat etmişdir.