www.science.az
11.01.2021 10:25

İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının iclası keçirilib

AMEA-nın İdarəetmə Sistemləri  İnstitutunun Elmi şurasının cari ildə onlayn formatda ilk iclası keçirilib.

İclasda institutun rəhbərliyi, şura üzvləri, şöbə və laboratoriya müdirləri ilə yanaşı  AMEA-nın müşavirləri akademiklər Telman ƏliyevƏli Abbasov iştirak ediblər.

Elmi şuranın sədri, institutun direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov iclası açaraq iştirakçıları Vətən müharibəsində qazandığımız inamlı qələbə və yeni təqvim ilinin başlaması münasibətilə təbrik edib və onlara yaradıcılıq uğurları arzulayıb. O, qeyd edib ki, Azərbaycan xalqı öz tarixinin ən şanlı dövrünü yaşayır.  Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi və gərgin əməyi sayəsində müzəffər ordumuz işğalçı düşmənə sarsıdıcı zərbələr endirərək torpaqlarımızı azad edib və Azərbaycan xalqının cəsur, mərd və öz vətəni uğrunda son damla qanınadək vuruşmağa hazır olan xalq olduğunu bütün dünyaya sübut edib. Ə.Sadıqov əlavə edib ki, indi hamımızın qarşısında duran ümdə vəzifə ölkə başçısının ətrafında həmişə olduğu kimi yenə də sıx birləşmək, qələbəmizin dönməzliyini təmin etmək, ölkəmizin iqtisadi qüdrətini daha da artırmaq məqsədilə var qüvvəmizlə çalışmaqdır. Alimlərin üzərinə düşən əsas vəzifə isə ölkənin elmi-texnoloji, cəmiyyətin mədəni-mənəvi inkişafını təmin etməkdir. O, bildirib ki, məhz ona görə də cari ildə Elmi şuranın ilk iclasının gündəliyinə 2021-ci il üçün İnstitutun elmi-tədqiqat işlərinin planlarının müzakirəsi və digər vacib məsələlər daxil edilib.

Sonra Ə.Sadıqov müəssisənin  əsas elmi istiqamətlərini və 2021-ci il üçün  elmi-tədqiqat işləri planının layihəsini təqdim edib. O, qeyd edib ki, layihə institutun bütün şöbə və laboratoriyalarının iştirakı, müasir dünya elminin inkişaf meylləri və ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı elmi və texnoloji problemlər nəzərə alınmaqla hazırlanıb. Elmi istiqamətlər və plan layihəsi geniş müzakirə olunub. Akademiklər Telman Əliyev və Əli Abbasov, AMEA-nın müxbir üzvləri Qorxmaz İmanov, Kamil Aydazadə, Ağası Məlikov, professorlar Knyaz Məmmədov, Kamil Mənsimov, Ramin Rzayev, Qəmbər Quluyev, Eldar Şahbazov, Abbas Rzayev, Elçin Əliyev, İlqar Məmmədov, dosent Əbülfət Fətullayev, i.ü.f.d. Aygün Əliyeva və başqaları çıxış edərək öz rəy və təkliflərini bildiriblər. Plana bir sıra əlavə və dəyişikliklərin edilməsi tövsiyə olunub. Layihə səsə qoyularaq və qəbul edilib.

Şuranın sədri Ə.Sadıqov vurğulayıb ki, növbəti məsələ İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü, Dövlət mükafatı laureatı, iqtisad elmləri doktoru, professor Qorxmaz İmanovun 80 illik yubileyinin təşkili və keçirilməsi ilə bağlıdır. O, Qorxmaz İmanovun Azərbaycan elminin inkişafındakı xidmətlərindən, əldə etdiyi elmi nailiyyətlərdən, yaratdığı elmi məktəblərdən, hazırladığı elmi kadrlardan, elmi, elmi-təşkilati və pedoqoji fəaliyyətindən ətraflı danışıb. Elmi şura üzvləri də Qorxmaz İmanovu görkəmli alim, nəcib insan və nüfuzlu ziyalı kimi xarakterizə ediblər. Elmi şura AMEA-nın müxbir üzvü Qorxmaz İmanovun yubileyinin yüksək səviyyədə keçirilməsi ilə bağlı AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edib.

Sonra gündəlikdəki digər məsələlər, o cümlədən Elmi şuranın tərkibində dəyişikliklərin edilməsi, institutun elmi jurnalı, elmi seminarı və s. haqqında məsələlər müzakirə olunaraq və müvafiq qərarlar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.