Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Sabiq prezidentlər

Əliyev Musa Mirzə oğlu

M.Əliyev 1908-ci ildə Şa­maxı şəhə­rində ana­dan olmuşdur. 1931-ci il­də Azər­bay­can Politex­nik İnstitu­tu­nun (indiki Azər­bay­can Dövlət Neft və Sənaye Universiteti) Dağ-mə­dən fa­kül­təsini bitir­mişdir.

M.Əliyev 1936-cı ildə geologiya-mine­ra­lo­giya üz­­rə fəlsəfə doktoru, 1957-ci ildə geo­logi­ya-mi­ne­ralogiya üzrə elmlər doktoru elmi dərə­cələ­rini, 1957-ci ildə professor elmi adı­nı al­mış­dır. 1950-ci ildə Azərbaycan Elm­lər Aka­demi­ya­sının (AEA) həqiqi üzvü seçil­miş­dir. Hələ aspi­ranturada oxuduğu zaman (1935-1937) Za­qafqaziya Geoloji Tresti filia­lının rəisi, 1938-ci ildə təsis olun­muş Azər­baycan Geoloji İdarəsinin rəisi vəzifə­sində calış­mışdır. M.Əliyevin rəhbərliyi ilə respublikada filiz və qeyri-filiz faydalı qazıntılarının axtarışından başqa, Azərbay­canın çay hövzələrində qızılın səpinti halında toplantıları da aşkar edilmişdir. Təşkilatçılıq istedadı ona elmi, pedaqoji və ictimai fəaliyyə­tinin uğurla əlaqələn­diril­məsinə imkan vermiş­dir. 1936-1941-ci illərdə Azər­baycan Sənaye İnstitu­tun­da ardıcıl olaraq dosent, neft fakültəsinin dekanı və institutun rektoru vəzifələrində işləmiş, 1941-1942-ci illərdə keçmiş SSRİ-nin Neft Nazir­liyinin nəzdində baş tədris idarə­sinin rəisi vəzifəsinə təyin edilmiş, eyni zaman­da Moskva Neft İnsti­tu­tunda pedaqoji fəaliyyət göstərmişdir. Bö­yük Vətən müharibəsi illərində ölkə sənayesi üçün mühəndis-texnik kadrla­rının ha­zırlan­masını davam etdirmək məqsədilə Moskva və Qroznı Neft İnstitutlarının eva­kuasiyasını təşkil etmiş­dir. 1943-1949-cu illərdə Azərbay­canda partiya və hö­ku­mət orqanlarında fəa­liyyət göstərmişdir. Azərbaycan Kommunist Parti­yası Mərkəzi Komitəsinin sənaye üzrə katibi, Azərbaycan Nazirlər Soveti sədrinin müavini və Dövlət Plan Komitəsinin sədri, SSRİ Ali Sovetinin II, III və IV ça­ğırışlarının deputatı olmuşdur. Alimin əsas uğur­larından biri onun rəhbərliyilə 1949-cu ildə Xəzər dənizinin akvato­riyasında neft və qazın geoloji axtarışı və istismarına dair layihə əsasında ilk dəfə neft sənaye­sində dənizdə böyük bir yataq (“Neft Daşları”) açılmışdır.

1950-ci ildə AEA-nın prezidenti (1950-1958) seçil­mişdir. Onun prezident olduğu zaman AEA-nın inkişafının istiqamət­ləndirilmə­sində, yeni elmi-tədqiqat institutları­nın, bölmə və şöbə­lərin yaradılmasında, elmin ən perspektivli sahələrinin Azər­­bay­canda təşkil edilməsində, çoxsaylı xəritələrin və monoqrafiyaların çapdan çıxmasında mühüm xidmətləri olmuşdur (Şamaxı Astrofi­zika Rə­sədxana­sının açıl­ma­sı haqqında hökumət qarşısında vəsatət qaldırılması da M.Əliyevə məxsus­dur).

M.Əliyevin elmi fəaliyyəti paleontologiya və stratiqrafiya ilə bağlı idi. O, Azər­bay­canda Mezozoy üzrə paleontoloq və stratiqrafların elmi məktə­binin  banisi idi. 1958-ci ildən M.Əliyevin elmi fəaliyyətinin yeni dövrü (Moskva ş.) başlamışdır. SSRİ Elmlər Akademi­yasının prezi­denti A.Nesme­ya­­novun təklifi ilə Moskvaya yeni təşkil olunmuş Yanar Qazıntı Yataq­larının Geologiyası və İşlənil­­məsi İnstitutuna elmi işlər üzrə direktor müa­vini və­zi­fəsinə dəvət olunaraq ömrünün sonuna kimi (1985) bu institutda çalış­mışdır. M.Əliyevin Mosk­vadakı elmi fəaliyyəti Zaqafqazi­yadan başla­ya­raq Qərbi Sibir, Volqa-Ural, Orta Asi­yanın neftli-qazlı əyalətlərini əhatə edirdi. 1967-1971-ci illərdə Sovet-Əlcəzair neft-qaz kontraktına rəhbərlik etmişdir. Əlcəzairin Tinduf və Xassi Bra­xim neft-qaz yataqlarının açılması M.Əliye­vin adı ilə bağlıdır. M.Əliyevin çoxillik məhsul­dar elmi-təşkilati, pedaqoji və ictimai fəa­liyyəti hökumət tərəfindən yüksək qiymətlən­dirilmişdir. “Le­nin”, iki dəfə “Qırmızı Əmək Bayrağı” və Şərəf nişanı” ordenləri, bir neçə me­dal və fəx­ri fərmanlara layiq görülmüşdür. “SSRİ neftqazçı­xar­ma sənayesinin əlaçısı” döş nişanı və “Fəxri neftçi” adını almışdır. Alimin adı neft sənayesində çox­illik səmərəli elmi fəaliyyətinə görə SSRİ Neft Sənayesinin “Fəxri Kitabı­na” daxil edilmiş­dir. Onun rəhbərliyilə 60-dan artıq elmlər dok­toru və fəlsəfə doktoru yetişdiril­mişdir. M.Əliyev geo­logiya, paleonto­logiya və strati­qrafiyanın müxtəlif problem­lərinə aid 350-yə yaxın elmi əsərin müəllifidir.

Akademik Musa Əliyev 1985-ci ildə Moskvada vəfat etmiş, Bakıda dəfn olunmuşdur.

2008-ci il YUNESKO-nun baş konfransının 34-cü sessiyasında M.Əli­yevin 100 illik yubi­leyinin keçirilməsi haqqında qərar qəbul olunmuşdur. 2009-cu il noyabrın 17-də onun yubileyi Parisdə YUNESKO-nun binasında təntənəli şəraitdə keçirilmişdir ki, bu da onun çoxşaxəli elmi yaradıcılığının beynəlxalq səviyyədə təsdiqi idi.  

 (1908-1985)