Qrossheym Aleksandr Alfonsoviç 1888-ci il martın 6-da Yekaterinoslavsk quberniyasının Verxnednepetrovsk qəzasının Lixovka kəndində anadan olmuşdur. O, orta təhsilini Yekaterinoslavskaya quberniyası 1№-li Realnı məktəbində almışdır.
A.Qrossheym məktəbi bitirdikdən sonar 1907-ci ildə Xarkov Universitetinə daxil olmuş, tələbəlik illərində Aleksandr Alfonsoviç boş vaxtlarını botanika üzrə ekskursiya və ekspedisiyalarda keçirmişdir. 1907-ci ildə A.Qrossheymin SSRİ-nin Avropa hissəsinin cənub rayonları və Qafqaz florasının görkəmli tədqiqatçılarından biri – İ.Y.Akinfiyevlə birlikdə yazdığı ilk iki əsəri işıq üzü görmüşdür. 1911-ci ildə A.Qrossheym Orta Asiyaya, Alay və Türkistan sıra dağlarına botanika səfərini başa çatdırmış, 1912-ci ildə Qafqaz florasına həsr edilmiş ilk əsəri çap olunmuşdur. A.Qrossheym 1913-1926-cı illərdə Tiflis Botanika bağında botanik-florist kimi çalışmış, 1917-ci ildə Tiflis Politexnik İnstitutunun Botanika kafedrasında assistent və dosent vəzifələrində işləmişdir. Qafqaz florası və bitki örtüyünün tədqiqinə böyük töhfə vermiş görkəmli botanik, akademik A.Qrossheym 1927-ci ildən Bakıya dəvət edilmiş və elmi-pedaqoji fəaliyyətə başlamışdır. 1927-cı ildən 1930-cu ilədək burada Azərbaycan SSR Xalq Komissarları Sovetinin Dövlət Komitəsi tərəfindən aparılan otlaqların tədqiqi işinə, 1931-1932-ci illərdə isə Azərbaycan Elmi Tədqiqat İnstitutunda floranın kauçuklu bitkilərini öyrənən şöbəyə rəhbərlik etmişdir. 1932-ci ildə Rus Coğrafiya Cəmiyyəti onu, Qafqaz üzrə apardığı botaniki-coğrafi işlərin toplumu müqabilində kiçik qızıl medalla təltif etmişdir. 1932-ci ildə Bakıda SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsi açılarkən Aleksandr Alfonsoviç bu şöbənin Botanika Bölməsinin müdiri təyin edilmişdir. 1935-ci il, oktyabrın 15-də SSRİ Elmlər Akademiyası ona dissertasiya müdafiəsi olmadan, botaniki işlər toplumuna görə biologiya elmləri doktoru alimlik dərəcəsi vermişdir. 1936-cı ildə Aleksandr Alfonsoviçin təşəbbüsü sayəsində SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının Botanika İnstitutu təsis edilmiş, 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası Botanika İnstitutuna çevrilmişdir. A.Qrossheym bu institutun təsis edildiyi gündən 1947-ci ilədək direktoru olmuşdur. A.Qrossheym uğurlu pedaqoji fəaliyyət göstərmişdir: 1927-1929-cu illərdə Azərbaycan Dövlət Universitetinin dosenti, 1929-1930-cu illərdə professoru, 1930-1934-cü illərdə isə Azərbaycan Pedaqoji İnstitutunun Botanika kafedrasının müdiri, 1934-1947-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Ali Bitkilərin Morfologiyası və Sistematikası kafedrasının müdiri olmuşdur. A.Qrossheymin elmi xidmətləri nəzərə alınaraq yüksək qiymətləndirilmiş, 1939-cu ilin yanvarında o, Biologiya Elmləri şöbəsi üzrə SSRİ Elmlər Akademiyasının müxbir üzvü və Azərbaycan SSR Elmlər Akademiyası təsis edildikdən sonra isə (1945) Akademiyanın həqiqi üzvü seçilmişdir. 1946-cı ilin fevralında SSRİ Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən “Qafqaz florası” əsərinin 2-ci nəşrinin ilk 3 cildinə görə A.Qrossheym akademik V.L.Komarov adına mükafata layiq görülmüşdür. 1946-cı il noyabrın 30-da SSRİ Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. 1947-ci ilin mart ayında Leninqrada köçmüş, orada SSRİ Elmlər Akademiyasının V.L.Komarov adına Botanika İnstitutunda Qafqaz Herbarisi bölməsinin müdiri vəzifəsində çalışmışdır. 1947-1948-ci illərdə Leninqrad Dövlət Universitetində Bitkilərin Morfologiyası və Sistematikası kafedrasının müdiri işləmişdir. 1948-ci ildə “Qafqazın bitki ehtiyatları” kitabı üçün II dərəcəli Stalin mükafatına layiq görülmüşdür. 1947-ci ildə Ümumittifaq Botaniklər Cəmiyyətinin fəxri üşvü seçilmiş, Ümumittifaq Coğrafiyaşünaslar Cəmiyyətinin və Moskva Təbiəti Öyrənənlər Cəmiyyətinin həqiqi üzvü olmuşdur. A.Qrossheymin elmi tədqiqat fəaliyyətinin əsas istiqamətləri arasında floristik-sistematika mühüm yer tutur. O, Qafqaz florası üçün 300-dən çox yeni bitki növü təsvir etmişdir. Akademikin çoxsaylı monoqrafiya və kitabları, həmçinin 212 elmi əsəri Azərbaycanda işlədiyi dövrdə çap olunmuşdur. Onun elmə verdiyi ən böyük töhfəsi botanika elminin müxtəlif sahələrinə dair yazdığı fundamental əsərləridir: sistematika üzrə – 7 cild “Qafqaz florası” (1939-1967), 3 cild “Azərbaycan florası” (1934-1936), “Talış florası” (1926), “Qafqaz bitkilərinin təyinedicisi” (1949), floristika üzrə – “Qafqazın bitki örtüyü” (1948), “Qafqaz florasının analizi” (1936), ehtiyatşünaslıq üzrə – “Qafqazın bitki ehtiyatları” (1946), “Qafqazın bitki sərvətləri” (1952), filogeniya üzrə – “Çiçəkli bitkilərin yeni filogeniyasının xülasəsi” (1966) müasirləri tərəfindən yüksək qiymətləndirilmiş və bu gün də öz aktuallığını itirməmişdir. 1920-ci ildə A.Qrossheym D.Sosnovski ilə birgə “Tiflis ətrafı bitkilərin təyinedicisi” kitabını, 1928-1934-cü illərdə özünün indi də məşhur olan “Qafqaz florası” məlumat kitabının 4 cildini nəşr etdirmişdir. A.Qrossheym çoxsaylı monoqrafiya və kitabların, həmçinin 200-dən çox elmi əsərin müəllifidir. A.Qrossheym botaniki-coğrafi işlərinə görə Rusiya Coğrafiya cəmiyyətinin qızıl medalı ilə (1932), “Qırmızı Əmək Bayrağı” ordeni, "Qafqazın müdafiəsi", “1941-1945-ci illərdə Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalları ilə təltif edilmişdir. SSRİ Elmlər Akademiyasının V.L.Komarov adına mükafatına, SSRİ-nin Stalin mükafatına layiq görülmüşdür (1948). Akademik Aleksandr Alfonsoviç Qrossheym 1948-ci il dekabrın 4-də Leninqrad şəhərində vəfat etmişdir. |
|