Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Kərim Cabbar oğlu Kərimov 20 sentyabr 1921-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. O, Azərbaycan milli sənətşünaslıq məktəbinin banilərindən biridir. II Dünya müharibəsinin iştirakçısı olan K.Kərimov 1946-cı ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuş və 1951-ci ildə həmin universitetin Sənətşünaslıq bölməsini bitirmişdir. 1951-ci ildən ömrünün sonuna qədər Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda çalışmışdır. 1952-1955-ci illərdə K.Kərimov Memarlıq və incəsənət İnstitutunun aspiranturasında oxumuş, namizədlik (1959), doktorluq (1971) dissertasiyaları müdafiə etmişdir. O, 1975-ci ildə professor elmi adını almış, 1980-ci ildə isə AMEA-nın müxbir üzvü seçilmişdir. AMEA Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri (1971-1995), elmi işlər üzrə direktor müavini (1973-1993) sonra isə direktor (1993-1995) vəzifəsində işləmişdir. K.Kərimovun elmi fəaliyyəti Azərbaycan təsviri sənət tarixinin yaradılması, orta əsr miniatür sənətinin araşdırılması, bir çox Azərbaycan sənət əsərlərinin və sənətkarlarının aşkar edilməsi və ilkin tədqiqinə həsr olunmuşdur. Təbriz və Qəzvin miniatür məktəblərinin üzə çıxarılması və elmi əsaslandırılması, onların Yaxın və Orta Şərq incəsənətinə təsirinin öyrənilməsi K.Kərimovun adı ilə bağlıdır. Görkəmli alim 110-dan artıq elmi əsərin, o cümlədən 12 monoqrafiyanın müəllifidir. Onun «Soltan Məhəmməd və onun məktəbi» (1971, 1993), «Azərbaycan miniatürləri» (1980), «Miniatür» (1983), «Divar üstü boyakarlıq» (1983), «Azərbaycan incəsənəti» (1977, 1992), «Bəhruz Kəngərli» (1962), «Sadiq bəy Əfşar» (1987) və başqa əsərləri sənətşünaslıq elminə böyük töhfə vermişdir. K.Kərimov pedaqoji və ictimai fəaliyyət göstərmiş, 1966-cı ildən etibarən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs demiş, bir çox doktorluq və namizədlik dissertasiyalarının elmi rəhbəri olmuşdur. 1958-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan K.Kərimov 1982-1992-ci illərdə İttifaqın katibi vəzifəsində çalışmışdır. Sənətşünas alimin fəaliyyəti dövlət və cəmiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. 1993-cü ildə Beynəlxalq Gözəl Sənətlər Akademiyasının həqiqi üzvü seçilmişdir. O, Mədəniyyət abidələrinin qorunması və bərpası metodiki şurasının, Mətbuat Komitəsinin Bədii Şurasının və b. şura və komissiyaların üzvü olmuşdur. K.Kərimov «Şanlı əməyə görə» (1970) medalı və «Şərəf nişanı» (1972) ordeni ilə təltif olunmuşdur. AMEA-nın müxbir üzvü Kərim Kərimov 25 iyul 1995-ci ildə Bakıda vəfat etmişdir. |
|
(1921- 1995) |