Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Qaraş Əli oğlu Mədətov 1928-ci il fevralın 10-da Naxçıvan MR Kəngərli (Şərur) rayonunun Qarabağlar kəndində anadan olmuşdur. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini bitirmişdir. 1953-1956-cı illərdə Moskva Dövlət Universitetinin aspiranturasında təhsil almışdır. 1956-cı ildə fəlsəfə doktoru, 1966-cı ildə isə elmlər doktoru adını almaq üçün dissertasia müdafiə etmiş, 1969-cu ildə professor elmi adını almış, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
Q.Mədətov 1956-cı ildən Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutuna işə qəbul edilmiş, 1968-ci ildən ömrünün sonunadək Azərbaycanın müasir dövr tarixi şöbəsinə rəhbərlik etmişdir. Q.Mədətov bütün elmi fəaliyyətini Azərbaycanın 1941-1945-ci illər müharibəsi dövrü tarixinin tədqiqinə həsr etmişdir. O, 160-dan artıq elmi əsərin, o cümlədən «Naxçıvanda sovet hakimiyyətinin qələbəsi və Naxçıvan MSSR-in yaradılması», «Azərbaycan Böyük Vətən müharibəsində (1941-1945-ci illərdə)» və b. monoqrafiyaların müəllifidir. Q.Mədətov eyni zamanda, 3 cildlik «Azərbaycan tarixi» və «Azərbaycan Kommunist Partiyası tarixinin oçerkləri» kitablarında «Azərbaycan Böyük Vətən müharibəsində» bölmələrinin də müəllifidir. Onun rəhbərliyi və iştirakı ilə «Azərbaycan Böyük Vətən müharibəsi dövründə» (2 cildlik), «Azərbaycanın Qırmızı Ulduzları», «Azərbaycan oğulları Sovet İttifaqı Qəhrəmanlarıdır», «Azərbaycan SSR fəhlə sinfi tarixinin oçerkləri» (3 cildlik) və başqa əsərlər nəşr olunmuşdur. Q.Mədətovun rəhbərliyi ilə 11 doktorluq və 30 namizədlik dissertasiyası müdafiə edilmişdir. Q.Mədətov Azərbaycan SSR Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, «Şərəf Nişanı» ordeni, müxtəlif medal və fəxri fərmanlarla təltif edilmişdir. AMEA-nın müxbir üzvü Qaraş Mədətov 1993-cü il iyulun 1-də Bakıda vəfat etmişdir. |
|
(1928-1993) |