Salavatov Tulparxan Şarabudinoviç 13 oktyabr 1950-ci ildə Bakı şəhərində anadan olub. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Neft-mədən fakültəsini bitirib.
T.Salavatov 1981-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1990-cı ildə texnika üzrə elmlər doktoru elmi dərəcələrini, 2003-cü ildə professor elmi adını alıb, 2014-cü ildə isə AMEA-nın müxbir üzvü seçilib.
Əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft-Qaz Yataqlarının Problemləri İnstitutunda kiçik elmi işçi vəzifəsindən başlayan T.Salavatov 1978-ci ildən bu günə kimi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft yataqlarının işlənməsi və istismarı kafedrasında ardıcıl olaraq böyük mühəndis, EHM rəisi, assistent, dosent, professor və kafedra müdiri vəzifələrində işləyib.
T.Salavatov 2001-2008-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olub. 2009-2015-ci illərdə D.02.141 Dissertasiya Şurasının sədr müavini, 2017-2018-ci illərdə sədri, 2019-cu ildən isə ED 2.03 Dissertasiya Şurasının sədr olub.
T.Salavatov neft sənayesinin neft və qaz yataqlarının işlənməsi və istismarı sahəsində görkəmli alimlərdən biri idi. Onun elmi fəaliyyətinin əsas istiqamətlərini göstəricilərin dinamiki təhlili əsasında neft və qaz yataqlarının işlənməsi zamanı alternativ üsulların tətbiq edilməsi, neft və qaz yataqlarının işlənməsinin idarə edilməsi üçün kompromis halların seçilməsi təşkil edib. Bundan əlavə, alim qeyri-Nyuton sistemlərin reofiziki xassələrinə fiziki sahələrin təsirinin tədqiqində radiospektroskopik üsulların tətbiq edilməsi, müxtəlif fiziki sahələrin (təzyiq, istilik, maqnit və elektrik) tətbiqi ilə neftçıxarmanın səmərəsinin və layların neftvermə əmsalının yüksəldilməsi, böhran qiymətlərindən yüksək parametrlərdə neftvermə əmsalının yüksəldilməsi texnologiyalarının yaradılması istiqamətində də tədqiqatlar aparıb. Həmçinin enerji və resurslara qənaət texnologiyalarının işlənməsi, alternativ və bərpa olunan enerji mənbələrinin tətbiqi əsasında neftqazçıxarmanın texnoloji proseslərinin səmərəliliyinin artırılması üsullarının işlənməsi və tətbiqi də alimin elmi fəaliyyətinə daxil idi.
T.Salavatov 302 elmi əsərin, o cümlədən 11 müəlliflik şəhadətnaməsinin və patentin, 13 monoqrafiyanın, dərs vəsaiti və dərsliklərin müəllifidir. Onun rəhbərliyi ilə 4 elmlər və 24 fəlsəfə doktoru hazırlanıb.
O, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, eləcə də Beynəlxalq Neft Mühəndisləri Cəmiyyətinin (SPE) üzvü idi.
T.Salavatov “Azərbaycan neft təsərrüfatı”, Rusiyanın “Нефтепромысловое дело”, “Геология, геофизика и разработка нефтяных и газовых место-рождений”, “Aктуальные проблемы нефти и газа” və “Нефтегазовое дело” jurnallarının redaksiya heyətinin və redaksiya şurasının üzvü idi.
Alim elm və texnikanın inkişafındakı nailiyyətlərinə və elmi nəticələrin xalq təsərrüfatına tətbiqinə görə “Şöhrət” ordeninə, Rusiya Təbiət Elmləri Akademiyasının “Uğur ulduzu” Fəxri nişanına, Vyetnam Respublikasının Fəxri neftçisi və Azərbaycan Respublikasının Əməkdar elm xadimi adlarına layiq görülüb.
AMEA-nın müxbir üzvü Tulparxan Şarabudinoviç Salavatov 2021-ci il avqustun 16-da vəfat edib.