Fəridə Cəfər qızı Məmmədova 8 avqust 1936-ci ildə Əli Bayramlı şəhərində (indiki Şirvan) anadan olmuş, 1955-1960-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsində təhsil almışdır.
1960-cı ildən başlayaraq bu günə qədər AMEA-nın Tarix İnstitutunda işləmiş, 2002-ci ildən Azərbaycanın tarixi coğrafiyası (hazırda Azərbaycanın tarixi coğrafiyası və demoqrafiya) şöbəsinin müdiri idi.
1962-1969-cu illərdə Leninqrad şəhərində SSRİ EA Şərqşünaslıq İnstitutunda təcrübə keçmiş və aspirant olmuşdur. Qədim fars (mixi yazı), orta fars (pəhləvi), qədim erməni (qrabar) və qədim gürcü dillərini öyrənmişdir.
O, 1971-ci ildə “Musa Kalankatlının “Albanların tarixi” Qafqaz Albaniyasının ictimai quruluşunun mənbəyi kimi” mövzusunda tarix üzrə namizədlik, 1987-ci ildə “Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir.
1991-ci ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının tarix elmləri doktoru və sonra həqiqi üzvü, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdır.
Elmi fəaliyyətlə məşğul olduğu dövrdə elmdə ilk dəfə Albaniyada feodalizmin genezisini tədqiq etmiş, feodalizm təsisatları haqqında təsəvvürləri bərpa edərək erkən orta əsrlər dövründə Albaniyada ibtidai icma quruluşunun mövcudluğu haqqında elmdə hökm sürən rəyin yanlış və əsassız olduğunu sübut etmişdir.
Tarix elmində ilk dəfə Albaniyanın e.ə. IV əsrindən e. VII əsri daxil olmaqla dövrü üçün 6 xəritə tərtib etmiş, Albaniya dövlətçiliyinin bütün rəmzlərini, Alban Arşakilər sülaləsinin və onları əvəz etmiş büyük knyazlar – Mixranilərin daxili və xarici siyasətini işıqlandırmışdır.
Elmdə ilk dəfə Albaniyada xristianlığın erkən yayılması səbəblərini, Alban kilsəsinin təşəkkülü tarixini tədqiq edərək üzə çıxarmış, Kilsənin Apostol kilsəsi kimi yaranmasını, avtokefal müstəqilliyini, habelə həm Qafqazda, həm də dünyada yaranan ən qədim kilsələrindən olduğunu sübuta yetirmişdir. 1988-1989-cu illərdə ilk dəfə Qarabağ problemini tədqiq etmiş, xaricdə və Azərbaycanda ermənilərin elmi təcavüzkarlığını sübuta yetirmişdir. Erməni tarixi coğrafiyasını tədqiq edərək, ermənilərin yalnız iki dəfə, Qafqaz hüdudlarından kənarda, Kiçik Asiyanın iki müxtəlif yerində dövlət qurumunun yaranmasını üzə çıxarmışdır.
2005-ci ildə nəşr edilmiş “Qafqaz Albaniyası və albanlar” adlanan monoqrafiyasında Qafqaz Albaniyası tarixinin bütün cəhətlərini üzə çıxarmış, Albaniya, Gürcüstan, Qafqazın tarixi coğrafiyasına aid xəritələr tərtib etmiş, IX–XIX əsrlərin son dövr albanlarının tarixini işıqlandırmışdır. Monoqrafiyada alban etnosunun təşəkkülü ilk dəfə aşkar olunur. VIII–IX və XIX əsrdə albanların iki dəfə millisizləşdirilməsinin üsul və yolları açıqlanır, əksəriyyətinin İslamı qəbul etməsi, daha sonra türkləşməsi prosesi izlənir. Nəşrdə gürcü və erməni tarixşünasları tərəfindən zəbt edilmiş qüdrətli alban etnomədəni layı Azərbaycan tarix elminə qaytarılır, onun bütün cəhətləri bərpa olunur. Monoqrafiya Qafqazda XIX əsrə qədər ermənilərin həm ərazi, həm etnik, həm də siyasi və mədəni cəhətdən yoxluğunu sübut edən yeni müddəadır.
F.Məmmədova elmi tədqiqat fəaliyyətini ali məktəblərdə pedaqoji fəaliyyətlə uyğunlaşdırmışdır. 1978-ci ildə Azərbaycan Dövlət Universiteti, Azərbaycan Pedaqoji İnstitutu (Azərbaycan Dövlət Pedaqoji Universiteti), 1997-1998-ci illərdə Xəzər Universitetinin tarix müəllimi, 1998-ci ildə Qərb Universitetində Politologiya kafedrasının professor, 1998-2001-ci illərdə orada Humanitar fənlər kafedrasının müdiri vəzifəsində işləmişdir.
Qərb Universitetində “Milli özünüdərk problemləri” beynəlxalq konfransının elmi təşkilatçısı olmuş, “Azərbaycan milli ozünü dərki və onun təzahürü mərhələləri” mövzusunda məruzə etmişdir. 2006-2018 illərdə Milli Aviasiya Akademiyasının İctimai elmlər kafedrasının müdiri olmuşdur.
F.C.Məmmədova 6 beynəlxalq konfransın təşkilatçısı və məruzəçisi, 27 beynəlxalq konfransın iştirakçı və məruzəçisi olmuşdur. Rusiyada, Gürcüstanda, Finlandiyada, Fransada, Almaniyada, Türkiyədə, İsveçrədə, Avstriyada, ABŞ-da, İngiltərədə və İtaliyada keçirilən beynəlxalq tədbirlərdə iştirak etmişdir.
2000-2003-cü illərdə Qafqaz Albaniyasının Tədqiqat Mərkəzinin direktoru işlədiyi dövrdə albanşünaslıq problemləri üzrə 2 beynəlxalq konfrans və bir seminar keçirmiş, həmin konfransların elmi təşkilatçısı və məruzəçisi olmuşdur. Konfranslarda çıxışlar zamanı sübut olunmuşdur ki, Azərbaycan albanşünaslığının qüdrəti surətlə artmaqda davam edir.
Alim 6 monoqrafiya və 120 məqalənin müəllifi idi. “Azərbaycanın tarixi coğrafiyası” kollektiv monoqrafiyasının (Bakı, 1987) redaktor və aparıcı müəlliflərindən biri olmuşdur. Yeddi cildlik “Azərbaycan tarixinin” ikinci cildinin (“Azərbaycan tarixi”, Bakı, 1998, II cild), “Qarabağ” kollektiv monoqrafiyasının (“Tarix və mədəniyyət oçerkləri”, Bakı, 2004), “Gəncə şəhərinin tarixi” kitabının (Bakı, 2004), “Kürəkçay müqaviləsi-200” kollektiv monoqrafiyasının (Bakı, 2005) müəlliflərindən biri idi. Qərb Universitetində gender proqramında iştirak etmiş, ali məktəblər üçün “Azərbaycan tarixində qadınlar” mövzusunda proqram hazırlamışdır. Ali məktəblər üçün “Qədim dövrlərdən XX əsr daxil olmaqla dövrə qədər Azərbaycan tarixində qadınlar” mövzusunda məruzə yazmışdır. Məruzələr “Gənclər, tarix, cəmiyyət, mədəniyyət” kitabında (Bakı, 2002) dərc olunmuşdur.
Onun tərəfindən 20 fəlsəfə və 1 elmlər doktoru hazırlanmışdır.
Alimin elmi fəaliyyəti daim yüksək qiymətləndirilmişdir. “Əməkdar elm xadimi” adına (1990), Dövlət mükafatına (1990) layiq görülmüş, “Şöhrət” (2004) ordeni, “Y.Məmmədəliyev”, “Nizami”,“Patriarx Moskovskiy i vsey Russi Aleksiy II” adına medallar ilə, o cümlədən “Qızıl qələm” mükafatı ilə təltif edilmişdir.
AMEA-nın müxbir üzvü Fəridə Məmmədova 8 dekabr 2021-ci ildə vəfat etmişdir.