Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş həqiqi üzvlər

Abutalıbov Müzəffər Heydər oğlu
Abutalıbov Müzəffər Heydər oğlu 1908-ci il dekabrın 14-də Ordubad şəhə­rində anadan olmuşdur. O, Bakıda A.Şaiq adına texnikumda təhsil almışdır (1922-1926), Azər­bay­can Politexnik İnstitunun Kənd təsərrüfatı fakultəsini bitirmişdir (19­30).

M.Abutalıbov 1938-ci ildə fəlsəfə doktoru, 1944-cü ildə elmlər doktor­luğu dissertasiyasını müda­fiə etmişdir. Professor elmi adını almış (1950), Azər­baycan EA-nın müxbir üzvü (1959) və həqiqi üzvü seçilmişdir (1968).

M.Abutalıbov Azərbaycan Politexnik İnstitutunun Bitki fiziolo­giyası kafed­rasın­da laborant, assistent, dosent kimi çalışmışdır (1931-1936). Azər­bay­­can Elmlər Akademiyası Botanika İnstitutunda baş elmi işçi və elmi işlər üzrə direktor müavini (1936-1948), “Bitki fiziologiyası və bio­kimyası” şöbəsinin mü­diri (1940-1947) və institutun direktoru (1947-1950), Azərbay­can Dövlət Universitetinin Bitki fiziolo­giyası kafedrasının müdiri, Azərbay­can ET Əkinçilik İnstitutunun Bitki fizialogiyası laboratoriyasının rəhbəri (1949-1059) olmuşdur. 1960-1962-ci illərdə Azərbaycan EA Genetika və Selek­siya İnstitutunun direktoru, yenidən Botanika İnstitutunun direktoru (1962-1978) və 1978-ci ildən ömrünün sonuna kimi Bota­nika İnstitutun­da Bitki fiziolo­giyası şöbəsinin müdiri vəzifələrində çalışmışdır.

M.Abutalıbovun əsas elmi fəaliyyəti bitkilərin mineral qidalan­ma­sı, kim­yəvi elementlərin bitki orqanizminə daxil olması, hərəkəti, paylanması və təkrar istifa­dəsinin tədqiqinə həsr olunmuşdur. M.Abutalıbov kənd təsər­rü­fatı bitki­lərinin ­– pambıq, buğda, kartof, po­mi­dor, yonca və s. məhsuldarlığının artırılmasında makro və mikro ele­mentlərinin rolunun öyrənilməsinə xüsusi diqqət verirdi. O, kal­sium, dəmir, mis, manqan, bor, sink və b. mikro elementlərin bitki həyatında məhsul­dar­lığının artırılmasın­da, fotosintez prosesinin getməsin­də, karbohidrat və amin turşu­larının müba­diləsindəki rolunu öyrənmiş, yeni elmi fikirlər irəli sür­müşdür. O, Azər­baycanda radioaktiv izotoplarla tədqiqatlar aparılmasının tə­mə­lini qoymuş, yük­sək səviyyəli işlər aparıla biləcək laboratoriya yaratmış­dır. İlk dəfə mü­əyyən etmişdir ki, başqa elementlərdən fərqli olaraq kalsium bitkidə həmişə aşağıdan yuxarıya cavan orqanlara doğru hərəkət edir. Radioaktiv fosforla aparılan təcrübələrlə fosfor gübrəsi­nin bitkiyə nə vaxt və hansı dərinlikdə verilməsini elmi əsaslandırmışdır. O, 300-dən çox elmi məqalənin, 5 monoqrafiyanın və Azərbaycan di­lində ilk ikicildlik “Bitki fiziologi­yası” dərsliyinin, “Bitkilərin mineral mad­dələrlə qidalanması” (1962) dərs vəsaitinin müəllifidir.

M.Abutalıbov elmi tədqiqat işləri ilə yanaşı, pedaqoji sahədə də fəa­liy­yət gös­tərmiş və Azərbaycanda yüksək ixtisaslı bioloqların hazırlanma­sın­da əhəmiy­yətli rol oynamışdır. Onun rəhbərliyi altında 55 fəlsəfə doktoru və elmlər doktoru hazır­lanmışdır.

O, SSRİ Elmlər Akademiyasının Bitki fiziologiyası və biokimyası, Fotosintez Problem Şuralarının və Azərbaycan Sovet Ensiklopediyası Baş Redaksiyasının üzvü, SSRİ “Fiziologiya və biokim­ya” və “Fotosintez problemləri” üzrə Koordi­nasiya Sove­tinin üzvü və Azər­bay­can üzrə həmin Problem Şurasının və SSRİ Botanika cəmiy­yətinin Azərbay­can bölməsinin sədri olmuşdur.

M.Abutalıbov “1941-1945-ci illərdə II Dünya Müharibəsində “Fəda­kar Əməyə görə”, “Qafqazın müdafiəsinə görə” və “Fədakar əməyə görə” medalları ilə təltif edilmişdir.

Akademik Müzəffər Abutalıbov 1984-cü il noyabrın 9-da vəfat etmişdir.

 (1908-1984)