Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş həqiqi üzvlər

Bünyadov Ziya Musa oğlu
Azərbaycan Milli Elmlər Akade­miya­sı­nın həqiqi üzvü Ziya Musa oğlu Bün­yadov 21 dekabr 1923-cü ildə Astara şəhərində hərbi tər­cüməçi ailəsində anadan olmuşdur.

Z.Bünyadov 1946-cı ildə N.Nəri­ma­nov adı­na Moskva Şərqşünaslıq İnstitu­tuna, 1950-ci il­də isə həmin institutun as­pi­ran­tu­ra­sı­na daxil ol­muş­­dur. Tələ­bəlik illə­rin­də gör­kəm­li Sovet ərəb­şü­nası prof. Y.A.Bel­yayev onun müəllimi olmuşdur. 1954-cü ildə Y.A.Bel­yayevin rəhbərlik etdi­yi kafedrada Z.Bünyadov ilk tədqiqat işi olan “Afrikada İtaliya impe­rializmi” adlı namizədlik dis­ser­ta­si­yası müdafiə etmişdir.

1954-cü ildə Z.Bün­yadov Bakıya qa­yıt­mış və Azərbaycan EA Tarix İnsti­tutunda bö­yük elmi işçi vəzifəsinə qəbul edilmişdir.

Z.Bünyadov 1958-1959-cu illərdə Azərbaycan Döv­lət Universitetinin Şərq­şü­naslıq fakültəsinin müəl­limi olmuşdur.

Z.Bünyadov 1964-1981-ci illərdə Yaxın və Orta Şərq Xalqları İns­titutunun Orta əsrlər tarixi şöbəsinə rəhbərlik etmiş, 1981-1986 və 1988-1990-cı illərdə Azərbaycan EA Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsində işləmişdir.

Z.Bünyadov 1964-cü ildə tarix elmləri doktoru alimlik dərəcəsi almaq üçün “Azərbaycan VII-IX əsrlərdə” mövzusunda dissertasiya mü­da­fiə etmişdir. 1965-ci ildə ona professor elmi adı veril­miş­dir.

1965-ci ildə çap olunan “Azərbaycan VII-IX əsrlərdə” kitabı Z.Bün­yadova Azər­bay­canın orta əsrlər tarixi üzrə ciddi təd­qi­qat­çı və mü­tə­xəs­sis şöh­rəti qa­zan­dırmışdır. Z.Bün­ya­dov 1967-ci ildə Azərbaycan Elm­lər Aka­demi­ya­sı­nın müx­bir üzvü seçilmişdir.

Z.Bünyadov 1978-ci ildə “Azər­bay­can Ata­bəylər dövləti (1136-1225-ci illər)” ad­lı mono­qra­fiyasını nəşr etdirmişdir. Əsər 1980-ci ildə elm və texnika sahəsində Azər­bay­can Dövlət Mükafatına layiq görülmüşdür.

Z.Bünyadov 1982-ci ildə Azər­bay­can SSR Əməkdar elm xadimi fəxri adını almışdır. Elə həmin ildə türk xalqları tari­xi­nin öyrənilməsində böyük xidmət­lə­rinə görə Türk Tarix Qurumunun müxbir üzvü seçil­miş­dir.

1986-cı ilin yanvarından 1988-ci ilin mayınadək Z.Bünyadov Azər­baycan SSR EA Şərqşünaslıq İnstitutunun Şərqin orta əsr­lər tarixi şöbəsinin müdiri vəzifəsində işlə­miş­dir.

1988-ci ilin oktyabrında türk xalqları ta­ri­xinin öy­­rə­nil­mə­sində xidmətlərinə görə Türk Tarix Qu­rumunun fəxri üzvü, 1990-cı ilin iyunun­da isə Azərbaycan Elm­lər Aka­de­mi­yasının vitse-pre­z­id­en­ti seçil­miş­dir. 1992-ci ilin okt­yab­rın­dan yenidən Şərq­şü­nas­lıq İnstitutuna rəh­bər­lik etmişdir.

Z.Bünyadov 1990-cı ildə “Qurani-Kərim”in tər­cü­mə­si­nə görə H.Z.Ta­ğıyev adına mükafata, 1993-cü ildə A.A.Bakıxanovun “Gülüstani-İrəm” əsəri­nin elmi və şərhli nəşrinə görə A.A.Ba­kı­xa­nov adına mü­ka­fata layiq görül­müş­dür.

Z.Bünyadov 30 namizədlik işinin rəh­­­bəri və məsləhətçisi, 12 dok­torluq dis­ser­ta­siyasının op­po­nenti olmuşdur.

Z.Bünyadov 12 noyabr 1995-ci ildə Milli Məclisin deputatı seçil­mişdir.

AMEA-nın həqiqi üzvü Z.Bünya­dov 21 fevral 1997-ci ildə Bakıda vəfat etmişdir. Məzarı Fəxri Xiyabandadır.

(1923-1997)