Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə 1904-cü il iyunun 10-da Bakı şəhərində anadan olmuşdur.
Bakı Xalq Maarifi İnstitutunda oxumuş və ADU-nun Şərq fakültəsini bitirmiş (1920-1925), Moskvada Sovet Şərq Xalqları Elmi Tədqiqat İnstitutunun aspirantı olmuşdur (1925-1928). Filologiya üzrə namizədlik (1944), doktorluq (1954) dissertasiyaları müdafiə etmiş, professor (1955) elmi adını almışdır. AEA-nın müxbir üzvü (1955) və həqiqi üzvü (1958) seçilmişdir. Azərbaycan Pedaqoji İnstitutu Rus ədəbiyyatı kafedrasının baş müəllimi, dosenti işləmiş, ADU-nun Rus ədəbiyyatı kafedrasının müdiri olmuş (1932-1938), SSRİ EA Azərbaycan filialının Ədəbiyyat və Dil İnstitutunun baş elmi işçisi (1938-1939), direktoru (1939-1950, 1957-1959), «Vətən uğrunda» jurnalının redaktoru (1941-1945), Azərbaycan Maarif nazirinin müavini (1946) vəzifələrində çalışmışdır. Azərbaycan EA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi (1959), sonra AEA-nın vitse-prezidenti (1960-1975) olmuşdur. Azərbaycan EA Rəyasət Heyəti nəzdində Terminologiya Komitəsinin sədri (1957-1975), Azərbaycan Respublikası Ali Sovetinin sədri (1963-1967) olmuşdur. M.Arifin yüksək elmi-nəzəri fəaliyyəti, problematika aktuallığına diqqəti, elmi obyektivlik hissi Azərbaycan ədəbiyyatşünaslığını və tənqidini keyfiyyətcə yeni mərhələyə qaldırmışdır. Ədəbiyyatımızın müxtəlif mərhələlərini tədqiq edib sistemli şəkildə öyrənən, ədəbi əlaqələr sahəsində böyük xidmətlər göstərən, mühüm nəzəri və metodoloji problemlərin elmi həllini verən, tənqidin nəzəri əsaslarını hazırlayan M.Arif mütəfəkkir alim və nəzəriyyəçi olmuşdur. O, ilk dəfə «Azərbaycan sovet ədəbiyyatı tarixi»ni yazmışdır (1944). Alimin «Cəfər Cabbarlının yaradıcılıq yolu» (1956) və «Səməd Vurğunun dramaturgiyası» (1964) monoqrafiyaları, «Azərbaycan xalqının ədəbiyyatı» (1958), «Azərbaycan ədəbiyyatı tarixi» (1972) və s. kitabları milli ədəbiyyatşünaslığımızın fundamental əsərlərindəndir. İkicildlik «Azərbaycan ədəbiyyatı tarixi» (1943-1944), üçcildlik «Azərbaycan ədəbiyyatı tarixi» (1957-1960), «Azərbaycan sovet ədəbiyyatı tarixi oçerkləri» (1963), ikicildlik «Azərbaycan sovet ədəbiyyatı tarixi» (1967) kimi nəşrlərin yaranması bilavasitə M.Arifin adı, elmi fəaliyyəti ilə bağlıdır. Alimin bir sıra əsərləri xarici dillərə tərcümə edilmişdir. M.Arif keçmiş SSRİ Elmlər Akademiyasının «Müasir dövrdə dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları» kompleks problemi üzrə Elmi Şuranın, doqquzcildlik «Qısa ədəbiyyat ensiklopediyası»nın redaksiya heyətinin, altıcildlik «Çoxmillətli sovet ədəbiyyatı tarixi» nəşrinin baş redaksiya heyətinin üzvü olmuş, həm də bu əsərlərin hazırlanmasında müəllif kimi yaxından iştirak etmişdir. Əməkdar elm xadimi (1960), Azərbaycan Dövlət Mükafatı laureatı (1974) adına layiq görülmüş, «Lenin» ordeni (1971), iki dəfə «Qırmızı Əmək Bayrağı» ordeni (1939,1964), «Oktyabr inqilabı» ordeni (1974) və medallarla təltif olunmuşdur. Akademik Məmməd Arif Dadaşzadə 1975-ci ildə Bakıda vəfat etmiş və Fəxri Xiyabanda dəfn edilmişdir. |
|
(1904-1975)
|