Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli 18 sentyabr 1885-ci ildə Şuşa qəzasının Ağcabədi kəndində anadan olmuşdur. Görkəmli bəstəkar müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operanın banisi olmuşdur.
Ü.Hacıbəyli ilk təhsilini 1897-1899-cu illərdə Şuşanın ikiillik rus-tatar məktəbində almıs, 1899-1904-cü illərdə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında təhsilini davam etdirmişdir. 1904-1905-ci illərdə Cəbrayıl qəzasının Hadrut kənd məktəbində müəllim işləmiş, burada rus dili, hesab, tarix və musiqidən dərs demişdir. 1905-ci ildə Bakıya köçmüş, ədəbi-publisistik fəaliyyətə başlamışdır. Ü.Hacıbəylinin 1908-ci il yanvarın 12-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən «Leyli və Məcnun» operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulmuşdur. 1919-cu ildə «Azərbaycan» qəzetinin redaktoru vəzifəsinə təyin olunmuş və 1920-ci il aprelin 28-dək bu vəzifədə çalışmışdır. 1920-ci ildə Ü.Hacıbəyli xalq konservatoriyasının açılması və musiqi məktəblərinin yenidən təşkil edilməsi haqqında Xalq maarif komissarına məruzə təqdim etmişdir. Həmin məruzədə Azərbaycan Dövlət Konservatoriyasının yaradılması proqramı da yer almışdır. 1937-ci ilin 30 aprelində Bakıda «Koroğlu» operasının ilk tamaşası olmuşdur. 1940-cı ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında «Azərbaycan xalq musiqisinin əsasları» mövzusunda məruzə etmiş, professor adı almışdır. 1944-cü ilin dekabrında Azərbaycan Dövlət Simfonik Orkestrinə Ü.Hacıbəylinin adı verilmişdir. 1945-də bəstəkarın «Azərbaycan xalq musiqisinin əsasları» monoqrafiyası nəşr olunmuş, 1946-da «Arşın mal alan» kinofilminin musiqisinin müəllifi kimi Stalin mükafatına layiq görülmüşdür. Dahi bəstəkar, görkəmli dramaturq, publisist, pedaqoq, bütöv musiqi-estetik konsepsiya yaratmış böyük nəzəriyyəçi Ü.Hacıbəylinin yaradıcılıq yolu Azərbaycan musiqi mədəniyyətinin inkişaf tarixinin mühüm dövrünü əks etdirir. Ü.Hacıbəyli Azərbaycanın Dövlət himninin müəllifidir. Azərbaycan Bəstəkarlar İttifaqının sədri vəzifəsində çalışmış (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının professoru və rektoru olmuş (1928-1929, 1939-1948), Azərbaycan SSR Elmlər Akademiyasının Azərbaycan İncəsənət Tarixi İnstitutuna rəhbərlik etmiş (1945-1948), AEA-nın həqiqi üzvü seçilmişdir (1945). Azərbaycanın Əməkdar incəsənət xadimi (1935), SSRİ Xalq artisti (1938), Stalin Mükafatı laureatı (1941), «Lenin» ordeni və «Qırmızı Əmək Bayrağı» ordeni ilə təltif edilmişdir. Ü.Hacıbəylinin ölümündən sonra Azərbaycan Dövlət Konservatoriyası, Bakı küçələrindən biri onun adını daşıyır. Bakıda abidəsi ucaldılmış, Şuşada (1959) və Bakıda (1975) Ev muzeyləri açılmışdır. Dahi bəstəkarın doğum günü Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə ölkəmizdə “Musiqi günü” kimi qeyd olunur. Ü.Hacıbəyli 1948-ci il noyabrın 23-də Bakıda vəfat etmiş, I Fəxri xiyabanda dəfn edilmişdir. |
|
(1885-1948) |