Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Qara Əbülfəz oğlu Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində anadan olmuşdur. O, Azərbaycanı dünyaya tanıdan milli bəstəkarlıq məktəbinin ən layiqli nümayəndələrindən biridir.
Q.Qarayev 1935-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş, Azərbaycan xalq musiqisinin əsaslarından Ü.Hacıbəylinin, bəstəkarlıqdan isə L.Rudolfun sinfində təhsil almışdır. O, 1937-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul edilmişdir. 1946-cı ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq üzrə D.Şostakoviçin sinfini bitirmişdir. 1941-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, 1944-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyəti sədrinin müavini, 1948-ci ildə SSRİ Bəstəkarlar İttifaqı idarə heyətinin üzvü seçilmişdir. 1949-cu ildə Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun Musiqi bölməsinin rəhbəri, 1950-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının rektoru, SSRİ Nazirlər Soveti yanında SSRİ Dövlət Mükafatları üzrə Komitənin üzvü, 1953-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin sədri, 1954-1982-ci illərdə SSRİ Lenin və Dövlət Mükafatları Komitəsinin üzvü, 1956-1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi, 1957-ci ildə SSRİ Kinematoqraf İşçiləri İttifaqının üzvü, 1962-ci ilədək SSRİ Bəstəkarlar İttifaqı idarə heyətinin üzvü, 1955-1976-cı illərdə SSRİ Ali Sovetinin deputatı olmuşdur. Görkəmli bəstəkar «Vətən» (1945) (Cövdət Hacıyevlə birgə) və «Zəriflik» (1972) adlı iki operanın, «Yeddi gözəl» (1952), «İldırımlı yollarla» (1958) baletlərinin, «Azərbaycan süitası» (1939), «Leyli və Məcnun» simfonik əsərlərinin (1968), «Alban rapsodiyası» (1952), “Klassik süita” (1966), skripka ilə orkestr üçün konsert (1970), vokal əsərlər, kinofilmlər və teatr tamaşalarına musiqilər və başqa əsərlərin müəllifidir. Q.Qarayev Azərbaycan Dövlət Konservatoriyasının professoru olmuşdur. Azərbaycan musiqisinin tədqiqinə dair bir çox məqalələr dərc etdirmişdir. 1946-cı ildə SSRİ Dövlət Mükafatı, 1955-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 1959-cu ildə Azərbaycan SSR Xalq artisti adlarını almış, Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Dövlət mükafatı laureatı, Ümumittifaq sovet filmləri festivalının laureatı, 1965-ci ildə Mirzə Fətəli Axundov adına Respublika Mukafatı laureatı olmuş, 1967-ci ildə Lenin mükafatı laureatı, 1978-ci ildə Sosialist Əməyi Qəhrəmanı adını almışdır. Akademik Qara Qarayev 1982-ci il mayın 13-də Moskva şəhərində vəfat etmişdir. |
|
(1918-1982)
|