(1905-1992) |
Mikayıl Ələsgər oğlu Useynov 19 aprel 1905-ci ildə Bakı şəhərində anadan olmuşdur.
O, 1929-cu ildə memarlıq ixtisası üzrə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. 1942-ci ildə professor, 1950-ci ildə memarlıq doktoru elmi adları alan alim, 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının ilk 15 təsisçisindən biri olaraq həqiqi üzv seçilmişdir. M.Useynov XX əsr Azərbaycan peşəkar memarlıq məktəbinin banilərindən biridir. Onun 200-ə yaxın layihəsi həyata keçirilmişdir. Görkəmli memarın layihələri üzrə yaşayış, inzibati, mehmanxana, nəqliyyat və s. binaları Bakı, Moskva, Düşənbə, Sumqayıt, Gəncə və Azərbaycanın başqa şəhərlərində tikilmişdir. Bakıda tikilmiş Nazirlər Kabineti binası, Azərbaycan Dövlət Konservatoriyası, Respublika Dövlət Kitabxanası, Elmlər Akademiyası binaları kompleksi, Nizami adına Ədəbiyyat Muzeyi, bir sıra metropoliten stansiyaları, şəhərin ən iri mehmanxana-restoran kompleksləri və başqa tikililəri Azərbaycan paytaxtını indi də bəzəməkdədir. Onu da qeyd edək ki, 1946-cı ilə qədər həyata keçirilmiş layihələr akademik Sadıq Dadaşovla birgə hazırlanmışdır. Mikayıl Useynovun yaradıcılığı, şübhəsiz ki, XX əsr Azərbaycan memarlığının inkişafına həlledici təsir göstərmişdir. Görkəmli memar eyni zamanda elmi, pedaqoji və ictimai fəaliyyətlə də məşğul olmuşdur. O, bir neçə dəfə Azərbaycan Respublikası Parlamentinin üzvü seçilmişdir. M.Useynov 40 ilə yaxın (1948-1988) Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutuna və Azərbaycan Memarlar İttifaqına (1947-ci ildən) rəhbərlik etmişdir. Akademik M.Useynov 100-dən artıq elmi əsərin müəllifidir. Onun «Azərbaycan memarlıq tarixi» (1963) adlı fundamental elmi əsəri milli memarlıq elmi məktəbinin təməl daşını qoymuşdur. Onun rəhbərliyi altında onlarla dissertasiya müdafiə olunmuş, milli memarlıq elminin kadr potensialı formalaşmışdır. 1992-ci ildə alimin təşəbbüsü ilə Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyası yaradılmış və ilk prezidenti Mikayıl Useynov olmuşdur. M.Useynovun yaradıcılığı təkcə respublikamızda deyil, beynəlxalq aləmdə də nüfuz qazanmışdır. O, Rusiya Memarlıq və İnşaat Akademiyasının həqiqi üzvü, İranın Müasir Memarlıq Daimi Konqresinin vitse-prezidenti və başqa nüfuzlu beynəlxalq təşkilatların üzvü olmuşdur. 1985-ci ildə Londondakı Kral Asiya Cəmiyyətinə fəxri üzv seçilmişdir. Dünya şöhrətli memar, alim, pedaqoq, akademik M.Useynov 1970-ci ildə SSRİ Xalq memarı fəxri adına layiq görülmüşdür. Akademik Mikayıl Useynov 7 oktyabr 1992-ci ildə Bakıda vəfat etmiş və I Fəxri xiyabanda dəfn edilmişdir. |
|