Yesman İosif Qavriloviç 1868-ci il dekabrın 1-də Vileyko (Belarus) şəhərində anadan olmuşdur. 1892-ci ildə Sankt-Peterburq Texnoloji İnstitutunun Mexanika şöbəsini bitirmişdir. 1913-cü idə adyunkt elmi dərəcəsini, 1933-cü ildə elmlər doktoru elmi dərəcəsini və professor elmi adını almış, 1945-ci ildə Azərbaycan EA-nın ilk 15 təsisçisindən biri olaraq həqiqi üzv seçilmişdir.
Sankt-Peterburq Politexnik İnstitutunda professor, dekan (1914-1917), Vladiqafqaz Politexnik İnstitutunun rektoru (1919-1922), Azərbaycan Politexnik İnstitutunda professor, kafedra müdiri (1922-1924), “Azneft”in məsləhətçisi (1924-1953), Azərbaycan SSR Dövlət Elmi Şurasının üzvü (1926-1929), Azərbaycan Politexnik İnstitutunun rektoru (1928), Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun üzvü (1928-1932), SSRİ EA Zaqafqaziya Filialının Azərbaycan şöbəsinin (1932-1935), SSRİ EA Azərbaycan Filialında Energetika sektorunun müdiri (1935-1945), AEA Energetika İnstitutunun direktoru (1945-1955), AEA Fizika-Texnika elmləri və Neft Bölməsinin sədri (1945-1950) vəzifələrində çalışmışdır. İ.Yesmanın tədqiqatları hidravlika, hidromaşınqayırma, porşenli və mərkəzdənqaçma nasoslarının nəzəriyyə və hesablamalarına həsr olunmuşdur. Yüksək özlülüyə malik mayelərin hidravlikası elmi istiqamətinin, neft hidravlikasının yaradıcısı və bu sahədə elmi tədqiqat işlərinin təşkilatçısı olmuşdur. Nasosqayırma və turbinqayırma sahəsində əldə etdiyi nəticələr Bakı, Tbilisi, Qroznı, Moskvanın nasos zavodlarında tətbiq olunmuşdur. Zaqafqaziyanın bütün iri hidrostansiyaları (Xram HES, Kanakir HES, Mingəçevir HES və s.) layihələndirilməsində, Zaqafqaziya, Acaris-Tsxal və Zurnabad hidroelektrik stansiyalarının tikilməsində və işə salınmasında, Bakı-Batumi neft kəmərinin layihələndirilməsində, Samur-Dəvəçi suvarma kanalının tikilməsində elmi məsləhətçi olmuşdur. Onun təşəbbüsü ilə “Azneft”in nəzdində Azərbaycan Elmi-tədqiqat Neft İnstitutunun əsasını təşkil edən Neft hidravlikası laboratoriyası açılmış, neft və gilli məhlullar üçün nasosların hazırlanması sahəsində mühüm işlər yerinə yetirilmişdir. Turbinli qazma və çoxmərhələli turbobur və gilli məhlul nasoslarının hazırlanma problemlərinin düzgün həllinə imkan yaratmış nəticələrin müəllifidir. İ.Yesman AZFANda Energetika sektorunun açılmasına və AEA Energetika İnstitutuna çevrilməsinə, fəaliyyət istiqamətinin təyin edilməsinə rəhbərlik etmiş, mühüm elmi-nəzəri məsələlərin qoyulmasına və xalq təsərrüfatının cari məsələlərinin həllinə yönəldilməsinə nail olmuşdur. 228 elmi işin, 11 kitabın müəllifidir. Rəhbərliyi altında 27 elmlər namizədi hazırlanmışdır. Əməkdar elmi xadimi (1927), Sosialist Əməyi Qəhrəmanı (1937) fəxri adları verilmiş, “Lenin”, “Qırmızı Əmək Bayrağı”, “Qırmızı Bayraq”, “Fədakar əmək uğrunda”, “Böyük Vətən Müharibəsi” ordenləri ilə təltif olunmuşdur. Akademik İosif Yesman 1955-ci ildə Bakıda vəfat etmişdir. |
|
(1868-1955)
|