Teymur Əmiraslan oğlu Bünyadov 20 yanvar 1928-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. Orta məktəbi qızıl medalla bitirdikdən sonra 1946-1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsində təhsil almışdır. Universiteti uğurla başa vurduqdan sonra SSRİ Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun aspiranturasına daxil olmuş, 1955-ci ildə məşhur qafqazşünas alim, “Lenin” mükafatı laureatı Y.İ.Krupnovun rəhbərliyi altında “Tunc dövründə Azərbaycanda əkinçilik və maldarlıq” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
O, 1968-ci ildə “Azərbaycanda əkinçiliyin və maldarlığın inkişaf tarixindən” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, arxeologiya və etnoqrafiya elmləri sahəsində respublikada ilk tarix elmləri doktoru alimlik dərəcəsi almışdır. 1970-ci ildə professor elmi adına layiq görülmüş, 1989-cu ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdir.
1955-ci ildə Azərbaycan SSR EA-nın Tarix İnstitutunun Arxeologiya şöbəsində elmi işçi kimi əmək fəaliyyətinə başlayan alim 1993-cü ildən vəfatına kimi Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin müdiri vəzifəsində çalışmışdır. T.Bünyadov, həmçinin pedaqoji fəaliyyətlə də məşğul olmuş, uzun illər Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Slavyan Universitetində “Azərbaycan tarixi”, “Qədim dünya tarixi” və “Arxeologiya” fənlərindən mühazirələr oxumuşdur.
İctimai fəaliyyətlə də məşğul olan T.Bünyadov Azərbaycan Respublikası Milli Məclisinin deputatı (1995-2000-ci illərdə) seçilmişdir.
Akademik Teymur Bünyadov 35 kitab və monoqrafiyanın, 1000-ə yaxın elmi məqalənin müəllifi idi. T.Bünyadovun əsərləri təkcə ölkəmizdə deyil, Türkiyə, İran, Rusiya, Ukrayna, Norveç kimi ölkələrdə də çap edilmişdir.
Alimin 1960-cı ildə işıq üzü görmüş irihəcmli “Azərbaycan arxeologiyası oçerkləri” adlı monoqrafiyasında Azərbaycan xalqının dünyanın ən qədim və mədəni xalqlarından biri olduğu tutarlı dəlillərlə sübuta yetirilmişdir. Onun müəllifi olduğu qiymətli əsərlərdən biri də “Əsrlərdən gələn səslər”dir ki, kitabda xalqımızın musiqi irsi ilk dəfə tarixi-etnoqrafik tədqiqata cəlb olunmuşdur.
Teymur Bünyadovun 1991-ci ildə yüksək tirajla nəşr edilən “Göz yaşları” romanı, “Xan çinar kölgəsində”, “Anam birdi, vətən tək”, “Başı çalmalı dağlar” adlı üçcildlik bayatı kitabları oxucuların böyük sevgisi ilə qarşılanmışdır. Etnoqraf alimin “Ana Kürüm”, “Qızıl qaya”, “Mərd qalalar, sərt qayalar”, “Zirvəqala” kimi əsərlərində vətənin müxtəlif guşələrinin tarixi, etnoqrafiyası öz əksini tapmışdır.
İctimai elmlər sahəsində mühüm hadisə sayılan və 2007-ci ildə böyük tirajla ilk dəfə çap edilən üçcildlik “Azərbaycan etnoqrafiyası” fundamental əsərinin təşkilatçısı, baş redaktoru və böyük hissəsinin müəllifi T.Bünyadovdur. Monoqrafiyada Azərbaycan xalqının təsərrüfat həyatı, maddi və mənəvi mədəniyyəti, sənətkarlığı, ailə məişəti və s. öz əksini tapmış, əsər elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. Görkəmli alimin rəhbərliyi və müəllifliyi ilə hazırlanmış “Qəbələ tarixi”, “Qəbələ folkloru” və “Qəbələ etnoqrafiyası” adlı üçcildlik kitablar rus və ingilis dillərinə tərcümə edilərək yüksək tirajla çap olunmuşdur.
Alim Rusiya, Türkiyə, Gürcüstan, Norveç, İran, Ukrayna, Fransa və digər ölkələrdə Azərbaycan etnoqrafiya elmini layiqincə təmsil etmişdir. Onun bir sıra beynəlxalq elmi konfranslarda, o cümlədən 1960-cı ildə Moskvada şərqşünasların XXV beynəlxalq konqresində, 1964-cü ildə antropologiya və etnoqrafiya elmləri üzrə VII beynəlxalq konqresdə, 1971-ci ildə Tbilisidə arxeoloq və etnoqrafların ümumittifaq sessiyasında, 1990-cı ildə İstanbulda I Millətlərarası Azərbaycan-türk dərnəkləri qurultayında, 2004-cü ildə Moskvada məşhur qafqazşünas alim Y.Krupnovun 100 illiyinə həsr edilmiş elmi sessiyada, 2007-ci ildə Parisdə “Azərbaycanın xalça sənəti” mövzusunda beynəlxalq konfransda elmi məruzələri böyük maraqla qarşılanmışdır.
Akademik Teymur Bünyadovun elmi, elmi-pedaqoji və ictimai fəaliyyəti daim ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. O, 2005-ci ildə “Şöhrət” ordeninə, 2008-ci ildə “Əməkdar elm xadimi” fəxri adına, 2015-ci ildə Abbasqulu ağa Bakıxanov adına mükafata, 2018-ci ildə isə “Şərəf” ordeninə layiq görülmüşdür.
Akademik Teymur Bünyadov 8 aprel 2022-ci il tarixində vəfat etmişdir.