Qurbanov Fazil Səməd oğlu 1944-cü il fevralın 18-də Bakıda qulluqçu ailəsində anadan olub. 1973-cü ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) Müalicə-profilaktika fakültəsini bitirib, Respublika Uroloji Xəstəxanası nəzdində internatura keçib. 1975-ci ildən Azərbaycan Elmlər Akademiyasının (EA) Fiziologiya İnstitutunun cərrahiyyə qrupunun elmi işçisi (elmi rəhbəri SSRİ Tibb Elmləri Akademiyasının (TEA) akademiki M.A.Topçubaşov) olub. Fazil Qurbanov 1980-ci ildə SSRİ TEA-nın Ümumittifaq Elmi-Cərrahiyyə Mərkəzi (ÜECM, indiki Rusiya Tibb Elmləri Akademiyasının Elmi-Cərrahiyyə Mərkəzi) nəzdində aspiranturaya daxil olub.
Fazil Qurbanov 1983-cü ildə “Cərrahi müalicədən sonra kardiospazm residivində pnevmatik kardiodilatasiya” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. O, 1984-cü ildə Azərbaycan SSR EA-nın Fiziologiya İnstitutunun cərrahiyyə qrupunun böyük elmi işçisi vəzifəsinə təyin edilib və elə həmin il SSRİ TEA ÜECM-in nəzdində cərrahiyyə üzrə doktoranturaya göndərilib.
Fazil Qurbanov 1987-ci ildə “Qida borusu xərçəngində və onun xoşxassəli strikturlarında birmomentli ezofaqoplastika” mövzusunda doktorluq dissertasiyası (elmi məsləhətçi – Rusiya TEA-nın müxbir üzvü A.F.Çernousov) müdafiə edib. Alim 1989-cu ildə Azərbaycan Elmi-Tədqiqat Qastroenterologiya İnstitutunda Qida borusu, mədə və onikibarmaq bağırsaq cərrahiyyəsi bölməsinin rəhbəri kimi fəaliyyətə başlayıb və N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Fakültə cərrahiyyəsi kafedrasının professoru olub. Fazil Qurbanov Rusiya TEA ECM-də təhsil aldığı illərdə mükəmməl mənimsədiyi qida borusu orqanları xəstəliklərinin operativ və konservativ müalicəsi metodlarını burada uğurla tətbiq edib, eyni zamanda elmi-pedaqoji işlə, tibb üzrə elmi kadrların hazırlanması ilə məşğul olub.
Fazil Qurbanov 1999-cu ildə Moskvaya köçüb. Rusiya Federasiyası Yollar Nazirliyinin N.A.Semaşko adına Mərkəzi Kliniki Xəstəxanasıda Cərrahiyyə bölməsinin müdiri vəzifəsini tutub, eyni zamanda Rusiya Xalqlar Dostluğu Universitetinin Hospital cərrahiyyəsi kafedrasının professoru olub. Alim 2006-2013-cü illərdə həmin kafedranın kliniki bazasında – Moskvadakı 17 saylı şəhər kliniki xəstəxanasında işləyib.
Fazil Qurbanov elmi tədqiqatlarını əsasən mədə xorasının cərrahi müalicəsi, əməliyyat olunmuş mədədə rekonstruktiv bərpa, qida borusunun xərçəngi və xoşxassəli çapıq strikturları, qarın boşluğu orqanlarının və peritonətrafı sahənin az invaziv cərrahi əməliyyatları istiqamətlərində aparıb. O, cərrahi müalicədən sonra kardiospazm residivləri zamanı pnevmatik kardiodilyatasiyanın yaranma mexanizmlərini öyrənib, xərçəng və qida borusunun xoşxassəli strikturları zamanı birmomentli ezofaqoplastikanın üstünlüklərini göstərib. Alim həzm traktının xoşxassəli və bədxassəli xəstəliklərinin cərrahi və konservativ müalicəsində bir sıra yeni metodları müvəffəqiyyətlə tətbiq edib.
Fazil Qurbanov 280-dən çox elmi əsərin, o cümlədən 8 monoqrafiyanın, Rusiya və Azərbaycanın ali təhsil müəssisələri üçün 4 dərslik və metodiki vəsaitin, 13 ixtira və 7 səmərələşdirici təklifin müəllifidir. Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə respublikamız və xarici ölkələr üçün tibb üzrə 30-a yaxın elmlər və fəlsəfə doktorları hazırlanıb.
Fazil Qurbanov 2014-cü ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə həqiqi üzvü seçilib.
Fazil Qurbanov Rusiya Xalqlar Dostluğu Universitetinin Dissertasiya şurasının, N.İ.Piroqov adına Cərrahlar Assosiasiyasının, Torakal Cərrahlar Assosiasiyasının, Beynəlxalq Cərrahlar kollecinin və s. üzvü olub. Alim 2003-cü ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
Səmərəli ictimai fəaliyyət göstərən Fazil Qurbanov Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının sədri kimi Rusiya-Azərbaycan dövlətlərarası münasibətlərinin inkişafına əhəmiyyətli töhfələr verib. Burada əsas yeri Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi tutur. 2016-cı ildə Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qurultayında Fazil Qurbanov yekdilliklə bu təşkilatın prezidenti seçilib. 2017-ci ildə RF Ədliyyə Nazirliyinin qərarı ilə ÜAK ləğv edilib. Lakin Fazil müəllim Rusiyanın 70-dən artıq regional diaspor təşkilatını birləşdirən çoxmilyonlu Azərbaycan diasporunun rəhbəri kimi öz fəaliyyətini dayandırmayıb. Bu, Fazil Qurbanova xalq diplomatiyası çərçivəsində iqtisadiyyat, mədəniyyət və dövlətlərarası əlaqələr sahəsində Rusiya-Azərbaycan münasibətlərinin genişləndirilməsinin və dərinləşdirilməsinin çoxvektorlu səmərəli sistemini yaratmağa imkan verib. Akademikin rəhbərliyi ilə Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyası fəaliyyət göstərirdi. Azərbaycan diasporunun Rusiya Federasiyasının mədəni-hüquqi məkanına daxil olması texnologiyasının hazırlanması işinə böyük diqqət ayrılırdı.
Ölkəmizdə tibb elminin inkişafında və yüksəkixtisaslı həkim kadrların hazırlanması sahəsində akademik Fazil Qurbanovun xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndirilmiş, o, 2016-cı ildə “Azərbaycan Respublikasının Əməkdar elm xadimi” adına layiq görülmüş, 2019-cu ildə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında elmi əlaqələrin inkişafında xidmətlərinə və səmərəli diaspor fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Akademik Fazil Səməd oğlu Qurbanov 23 dekabr 2020-ci il tarixində Moskva şəhərində vəfat etmişdir.