Akademik Vladimir Leontyeviç Komarov 13 oktyabr 1869-cu ildə Peterburqda (indiki Sankt-Peterburq) hərbçi ailəsində anadan olmuşdur. Peterburq Universitetinin Fizika-riyaziyyat fakültəsinin Təbiət tarixi bölməsini bitirmişdir (1894). V.L.Komarov botanika ixtisası üzrə magistr (1902), elmlər doktorluğu elmi dərəcəsini (1911) almış, Peterburq Universiteti və başqa ali məktəblərdə tədris işi aparmışdır (1903-1906). Rusiya Elmlər Akademiyasının müxbir üzvü (1914), həqiqi üzvü (1920), vitse-prezidenti (1930-1936), SSRİ Elmlər Akademiyasının prezidenti (1936-1945) seçilmişdir. V.L.Komarov botanika elminin sistematika, floristika, filogeniya, bitki coğrafiyası və s. sahələrində bir çox elmi yeniliklər etmişdir. Asiya qitəsinin bütünlüklə Rusiya hissəsi, Monqolustan və Çinin bitkiliyini, sistematik tərkibini ətraflı öyrənmişdir. Uzaq Şərqin bir çox vilayətlərindən başqa, Sayana və Baykalətrafını, daha sonra bütün Sibiri və Yakutiyanın geniş ərazilərini xarakterizə etmişdir. Ümumən Uzaq Şərqə aid 222 növ onun tərəfindən təsvir edilmiş, bioloji xüsusiyyətləri göstərilmişdir. V.L.Komarov bitkilər aləminin təkamülünə, coğrafi yayılmasına, filogenetik sisteminin qurulmasına aid nəzəri fikirlər irəli sürmüş, flora və bitki örtüyünün meridional zonallığı, filogenetik sıralar haqqında yeni nəzəriyyələr yaratmışdır. V.L.Komarov elmin, xüsusilə botanika elminin görkəmli tarixçisi idi. O, bitki sistematikasının əsasını qoymuş K.Linney, I.-B.Lamark, bitki fiziologiyası sahəsində görkəmli alim K.A.Timiryazev və başqalarının bitki sistematikası, filogeniyası, fiziologiyası haqqında elmi işlərini analitik təhlil etmiş, fikirlərinə münasibət bildirmiş, üstünlüklərini göstərmiş və bu sahələrdə aparılacaq tədqiqatların istiqamətlərini vermişdir. O, floranın tarixini bərpa etməklə, müxtəlif floristik komplekslərin mövcud olduqları şərait, iqlim, materik və dənizlərin konfiqurasiyalarının təsiri altında dəyişən miqrasiyası nöqteyi-nəzərindən dərk edilməsinin mümkün olduğunu iddia edirdi. V.L.Komarov 400-dən çox elmi əsərin, o cümlədən Çin, Monqolustan, Mancuriya, Kamçatka, Sibir və digər floraların tədqiqinə həsr olunmuş 10 cildlik “Seçilmiş əsərlər”in müəllifidir. Çoxsaylı floristik işlərində V.L.Komarov təyin etdiyi yeni növlərin təsvirini vermişdir. 2 cildlik “Определитель растений Дальневосточного края” (həmmüəlliflə) əsərində (1931; 1932) 1966 növ bitkinin təsviri verilmişdir. Bunlardan 146-sı V.L.Komarov tərəfindən kəşf edilmişdir. 1934-cü ildə onun nəzəri ideyaları və səyi nəticəsində baş redaktoru olduğu 20 cildlik «Флора СССР» əsərinin nəşri təşkil edilmiş və 13 cildi alimin sağlığında dərc olunmuşdur. V.L.Komarov 1943-cü ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, 3 Lenin ordeni və müxtəlif medallarla təltif edilmiş, 1-ci dərəcəli Stalin mükafatları (1931, 1932) laureatı olmuşdur. Onun təşəbbüsü ilə 1932-ci ildə təşkil olunan SSRİ EA Uzaq Şərq filialı və Botanika İnstitutu hazırda alimin adını daşıyır. Şərqi Asiyanın öyrənilməsində ölçüyəgəlməz xidmətinə görə Rusiya Coğrafiya Cəmiyyəti tərəfindən N.M.Prjevalski adına mükafata layiq görülmüşdür. “Флора Маньчжурии” (3 cild) əsərinə görə o, Rusiya EA tərəfindən akademik Ber mükafatına, Botaniki coğrafiya Beynəlxalq Akademiyasının (Fransa) medalına layiq görülmüşdür. V.L.Komarov 1945-ci ildə Azərbaycan EA-nın fəxri (xarici) üzvü seçilmişdir. V.L.Komarov 5 dekabr 1945-ci ildə vəfat etmişdir. |
|