Mixail Dmitriyeviç Millionşikov 1913-cü il yanvarın 16-da Qroznı şəhərində anadan olmuşdur. Qroznı Neft İnstitutunu bitirmişdir (1932). SSRİ EA-nın müxbir üzvü (1953), həqiqi üzvü (1962) seçilmişdir. Moskva Aviasiya İnstitutunda aspirant, assistent, dosent, böyük mühəndis (1934-1943), SSRİ EA Mexanika İnstitutunun direktor müavini (1945-1949), İ.V.Kurçatov adına Atom Enerjisi İnstitutunda sektor müdiri, şöbə müdiri, direktor müavini (1949-1962) vəzifələrində çalışmışdır. 1949-cu ildə Moskva Mühəndis-Fizika İnstitutunda izotopların bölünməsi kafedrasını (indi Molekulyar fizika kafedrası) yaratmış və ona rəhbərlik etmişdir. SSRİ EA Rəyasət Heyətinin Fizika-Texnika və Riyaziyyat Seksiyasının Sədri, Energetikanın Fiziki-Texniki Problemləri Bölməsinin akademik-katibi, SSRİ EA-nın vitse-prezidenti (1962) olmuşdur. M.Millionşikov aero və hidrodinamika, nüvə fizikası və energetikası sahəsində görkəmli alimdir. İzotrop turbulentlik nəzəriyyəsini inkişaf etdirmiş, turbulent pulsasiyaların sönməsi qanununu formulə etmişdir. Bu işlərində turbulentlik nəzəriyyəsi məsələlərini həll etmək üçün ilk dəfə olaraq müasir ehtimal nəzəriyyəsi aparatından istifadə etmiş, sınaq təcrübələrində təsdiq olunmuş və geniş tətbiqini tapmış nəticələr əldə etmişdir. Borularda axınların turbulentliyi nəzəriyyəsini yaratmışdır. Neft quyularının sulanma konusu nəzəriyyəsini formulə etmişdir; quyuların adi susuz istismar şəraitini ötən debitdə neftin azalması qanununu formulə etmişdir; quyuların neftin zəhərli emulsiyalarının yaranması hallarının baş vermədiyi praktik istismar üsulunu vermişdir; neft və qaz qarışığının hərəkət nəzəriyyəsini inkişaf etdirmişdir; qaz ejektorunun qapanması hadisəsini aşkar və izah etmişdir; qaz kəmərlərində təbii qazın izafi təzyiqinin elektrik enerjisinin alınmasında istifadəsi texnologiyasını işləmişdir; perforasiya olunmuş boruda mayenin filtrasiyası məsələsini həll etmişdir. Silah uranının alınması üçün qaz sentrifuqalarının konstruksiyalarını işləmişdir. Enerjinin maqnithidrodinamik çevrilməsi nəzəriyyəsini inkişaf etdirmiş, ilk nüvə reaktor-çeviricini-“Romaşka”nı yaratmışdır. Raketqayırmanın təməlini qoyanlardan biridir, aşağı və yüksəktemperaturlu plazmanın xassələrinin tədqiqinə mühüm töhfələr vermişdir. “Atom enerjisi” (1961-1973), “Vestnik AN SSSR” (1966-1973) jurnallarının baş redaktoru, SSRİ EA Redaksiya-nəşriyyat Şurasının sədri olmuşdur. M.Millionşikov Sosialist Əməyi Qəhrəmanı (1967), Lenin Mükafatı (1961), 2 dəfə SSRİ Dövlət Mükafatı (1951, 1954) Laureatı olmuşdurr. M.Millionşikov 1945-ci ildə Azərbaycan EA-nın fəxri (xarici) üzvü seçilmişdir. |
|