Paton Boris Yevqenyeviç 1918-ci il noyabrın 27-də Kiyev şəhərində (Ukrayna) anadan olmuşdur. Ukrayna SSR Elmlər Akademiyasının müxbir üzvü (1951), həqiqi üzvü (1958), SSRİ Elmlər Akademiyasının həqiqi üzvü (1962) seçilmişdir. Kiyev Sənaye İnstitutunu elektrotexnika ixtisası üzrə bitirdikdən (1941) sonra Qorki şəhərində “Krasnoye Sormovo” zavodunun Elektrotexnika laboratoriyasında mühəndis işləməyə başlamış, 1942-ci ildə Nijni Taqildəki Ural vaqon zavodunda fəaliyyət göstərən Elektrik-Qaynaq İnstitutuna keçmişdir. Həmin dövrlərdə institutun əməkdaşları işlənilmiş flyus altında qaynağın öyrənilməsi ilə məşğul olurdu. B.Paton bu institutda elmi işçi, böyük elmi işçi (1942-1945), bölmə rəhbəri (1945-1950), elmi işlər üzrə direktor müavini (1950-1953), 1953-cü ildən direktoru, 1962-ci ildən Ukrayna Milli Elmlər Akademiyasının Prezidenti olmuşdur. B.Patonun əsas elmi istiqaməti və nailiyyətləri flyus altında avtomatik və yarımavtomatik qaynağın aparılması, qövs şəkilli avtomatik qaynağın tədqiqi, qövs şəkilli qaynaq üçün avtomat, qaynaq robotlarının, kibernetik qurğuların yaradılması və yeni metal maddələrin alınması ilə bağlıdır. O, dəyişən cərəyan mənbəli ilk portativ qaynaq avtomatının, qoruyucu qaz mühitində qaynaq üçün yarımavtomatların müəlliflərindən biridir. Onun rəhbərliyi altında qaynaq transformatorlarının tədqiqi və yaradılması sahəsində tədqiqatlar aparılmış və güclü avtomat qurğular yaradlmış, flyus altında yüksək məhsuldar avtomatik qaynaq prosesi tədqiq edilmiş, qaynaq metallurgiyası nəzəriyyəsinin əsasları yaradılmış, müxtəlif təyinatlı flyuslar işlənmiş, ərintili flyusların yeni texnologiyası və güclü istehsal sahəsi yaradılmışdır. Müxtəlif fəza vəziyyətlərində yerləşən qovşaqların flyus altında qövs qaynağı prosesinin işlənməsi tikinti meydanlarında qaynaq işlərinin avtomatlaşdırılmasına imkan vermiş, boru kəmərlərinin, körpülərin, gəmi gövdələrinin qaynağının və s. iri proseslərin avtomatlaşdırılmasına imkan yaratmışdır. Tozvari məftillə qaynaq, elektroşlak qaynağı, aşağı toksikliyə malik elektrodla qaynaq, su altında qaynaq, lazer şüası ilə qaynaq və s. sahələrdə pioner işlərin müəllifidir. 20 monoqrafiyanın, 400-dən artıq ixtiranın və 1000-dən artıq elmi əsərin müəllifidir. 1943-cü ildə yeni texnologiyanın tətbiqinə görə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunmuşdur. 1994-cü ildən indiyə kimi Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiyasının (MAAN) Prezidenti olmuşdur. İki dəfə Sosialist Əməyi Qəhrəmanı (1969, 1978), Ukraynanın Qəhrəmanı (1998), dörd dəfə Lenin (1967, 1969, 1975, 1978), Oktyabr İnqilabı və başqa ordenlərlə, həmçinin M.V.Lomonosov adına (1981), S.İ.Vavilov adına (1981), S.P.Korolyov adına (2003), Yan Çoxralski adına qızıl medallarla təltif edilmiş, SSRİ Nazirlər Kabinetinin (1988), Ukrayna SSR Nazirlər Kabinetinin (1968), “Triumf” (Rüssiya 2004), “Qlobal Enerji” (2010) və başqa mükafatlara layıq görülmüşdür. B.Paton 2002-ci il mayın 22-də Azərbaycan MEA-nın fəxri (xarici) üzvü seçilmişdir. B.Paton 2020-ci il avqustun 19-da vəfat etmişdir. |
|
|