Fransa, Niderland, Almaniya və İtaliya COVID-19 virusuna qarşı peyvəndin hazırlanması üçün İnklüziv Alyans (Alliance İnclusive pour le Vaccin) yaradıblar.
belta.by saytı xəbər verir ki, bu haqda Fransa Səhiyyə Nazirliyinin məlumatında bildirilir.
Qeyd olunan 4 ölkə “AstraZeneca” laboratoriyası ilə saziş imzalayıb. Britaniya qrupu tərəfindən sınaqdan keçirilmiş peyvənd uğurlu olduğu təqdirdə, Avropa Birliyinə üzv ölkələrinin xüsusi imtiyazları olacaq.
Bu sazişə əsasən, peyvənd hazır olan kimi 400 milyon doza Avropa ölkələrinə çatdırılacaq. Ehtimal olunur ki, koronavirusa qarşı peyvənd ilin sonuna qədər əldə olunacaq.
İnklüziv Alyans ölkələri tərəfindən imzalanmış saziş Avropa Birliyinin bütün ölkələrinə, eləcə də bu təşəbbüsə qoşulmaq istəyən digər tərəfdaş ölkələrə xidmət etmək üçün nəzərdə tutulub. Peyvəndlər bütün iştirakçı ölkələrə əhali sayına uyğun paylanacaq.
Qeyd edək ki, “AstraZeneca” 1999-cu ildə İsveçin “Astra” və Britaniyanın “Zeneca” farmaseptik laboratoriyalarının birləşməsindən yaranıb. İngiltərənin Oksford Universiteti ilə əməkdaşlıq çərçivəsində laboratoriyada Sars-CoV-2 virusuna qarşı hazırlanmış peyvəndin ilk nəticələri müsbətdir.