23-26 sentyabr 2013-cü il tarixlərdə AMEA Radiasiya Problemləri İnstitutunun laboratoriya rəhbəri, kimya üzrə elmlər doktoru, professor İslam Mustafayev BMT-nin Ətraf mühit Proqramı üzrə Makedoniyanın Skopiya şəhərində təşkil olunmuş “Kimyəvi maddələrin beynəlxalq səviyyədə idarə olunmasına strateji yanaşma” (SAİCM) adlı regional görüşdə iştirak edib.
Mərkəzi və Şərqi Avropanın 20-dən çox ölkəsindən 60-a qədər hökumət nümayəndəsi, alim və ekspertlərin iştirak etdiyi tədbirdə kimyəvi maddələrin idarə olunması sahəsində böyük təcrübəyə malik olan Danimarka, İsveç və İsveçrənin, habelə beynəlxalq təşkilatların nümayəndələri də iştirak edib. Görüşdə Mərkəzi və Şərqi Avropa ölkələrində kimyəvi maddələrin istehsalı, nəqli, istifadəsi və onların tullantılarının idarə olunması üzrə həyata keçirilən tədbirlər, beynəlxalq öhdəliklərin yerinə yetirilmə səviyyəsi məsələləri geniş müzakirə olunub, kimyəvi çirkləndiricilərin ətraf mühitə və insan sağlamlığına təsirinin azaldılması problemləri diqqətə çatdırılıb.
İ.Mustafayev tədbir iştirakçılarına Azərbaycanda kimyəvi maddələrin idarə olunması istiqamətində görülən işlər barədə məlumat verib, bu sahədə beynəlxalq və regional layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Tədbirdə SAİCM təşkilatının qrantları əsasında həyata keçirilmiş layihələrin təqdimatı olub və səsvermə yolu ilə ən yaxşı layihələrin müəllifləri mükafatlara layiq görülüb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.